Dil niyə saralır?
28-08-2018, 23:59
Saglam insanın dili çəhrayı rəngdədir, yumşaqdır, qıraqları hamardır, dilin üstü təmizdir (az miqdarda ağ, qalın olmayan ərp ola bilər).
Dilin vəziyyəti (rəngi, forması, hərəkətləri və s) bir çox xəstəliklərə işarə edə bilər. Bu səbəbdən bir çox hallarda həkimə müraciət edən zaman dilin vəziyyəti də diqqətlə müayinə olunur.
Teref.Az saglamolun.az-a istinadən bildirir ki, dilin üzərinə sarı ərpin olması tez-tez rast gəlinən pozulmadır.
Bunun səbəbləri müxtəlif ola bilər:
- qaraciyər xəstəlikləri
- öd kisəsi xəstəlikləri (öd yollarının diskineziyası, öd daşı xəstəliyi)
- mədə və bağırsaq xəstəlikləri (qastrit, duodenit, xora xəstəliyi)
- mədəaltı vəzi xəstəlikləri
Həmçinin bunun səbəbi siqaret çəkmək, çoxlu çay və qəhvə içmək, ağız boşluğunun pis gigiyenası, kariyesli dişlər, damaq xəstəlikləri ola bilər.
İstənilən halda dilin üzərində uzun müddət ərzində qalın sarı ərpin olması ciddi əlamət sayılır və həkimə müraciət etməyinizi tələb edir. Əsas xəstəlik müalicə olunduqdan sonra dilin üstü də təmizlənir.