Misin qiymətiində böyük sıçrayış
Bu gün, 11:44

1 sentyabrda London metal birjasında misin qiyməti psixoloji hədd hesab olunan 10 min dollar/ton səviyyəsinə yaxınlaşıb.
Son aylar ərzində metalın qiymətində artım müşahidə olunub ki, bu da əsasən dolların zəifləməsi və Çinin davamlı tələbi ilə izah edilir.
"Bloomberg"in məlumatına görə, avqust ayında misin qiyməti 3 faiz yüksəlib. Həftənin ilk ticarət günündə isə metal əlavə 0,3 faiz bahalaşaraq 9928 dollar/ton səviyyəsinə çatıb. Şanxay vaxtı ilə saat 12:12-də qiymət 9923 dollar/ton təşkil edib.
Dolların zəifləməsi, ənənəvi olaraq, xammal bazarında bahalaşmaya səbəb olur, çünki qiymətlər ABŞ valyutası ilə formalaşdığından, digər ölkələrin alıcıları üçün metal daha əlçatan olur.
Mis son dəfə iyul ayında 10 min dollardan yuxarı ticarət olunmuşdu. O vaxt ABŞ prezidenti Donald Tramp bu metala 50 faizlik gömrük rüsumu tətbiq etməyi planlaşdırsa da, sonradan qərarını dəyişib. Bu addım qiymətlərin daha kəskin bahalaşmasının qarşısını alıb.
Dünyanın ən iri mis bazarı olan Çində istehlak ilin ilk yarısında 10 faiz artıb. "Zijin Mining Group" şirkətinin məlumatına görə, ikinci yarıda bu artım tempinin zəifləyəcəyi gözlənilir.
Eyni gündə sink və nikelin qiyməti artıb, alüminium isə ucuzlaşıb.
4 avqustda Çilidə mədən sənayesinin nəhəngi "Codelco"ya məxsus ən böyük yeraltı şaxtalardan birində baş verən ölümcül qəza da bazarda misin qiymətinin yenidən bahalaşmasına səbəb olmuşdu.