Müharibəni başlayan cani, “konservlər” əməliyyatı, güllələnən ölülər...
Bu gün, 09:58

Dünyanı dəyişən təxribat əməliyyatı necə planlaşdırılmışdı?
1939-cu il sentyabrın 1-də Almaniyanın füreri və reyxskansleri Adolf Hitler Berlində Reyxstaq deputatları qarşısında “Kroll-opera”da etdiyi çıxışı xüsusi əhəmiyyəti olduğundan, bütün ölkədə radio vasitəsilə yayımlandı:
“Uzun müddət ərzində biz Versal diktəsinin yaratdığı dəhşətli problemlərdən əziyyət çəkirik və bu vəziyyət bizim üçün dözülməz olacaq qədər dərinləşdi. Dansiq alman şəhəri idi və belə də qalır. Koridor da alman torpağı idi və belə də qalır... Dansiq bizdən alındı, Koridor isə Polşa tərəfindən ilhaq edildi. Şərqdəki digər alman torpaqlarında olduğu kimi, oradakı alman azlıqlar ilə də getdikcə daha pis rəftar olunurdu. 1919–1920-ci illərdə alman qanı daşıyan bir milyondan artıq insan doğma torpaqlarından qoparıldı… Polşa almanları sıxışdırmağa davam etsə… reyx kənardan müşahidəçi olaraq qalmayacaq… Yalnız son bir gecədə 21 sərhəd insidenti qeydə alındı, ötən gecə isə onların sayı 14 idi, bunlardan üçü olduqca irimiqyaslı idi… Dünən gecə Polşa əsgərləri ilk dəfə bizim ərazimizdə atəş açdılar. Saat 5:45-ə qədər biz atəşlə cavab verdik, indi isə bombalara bombalarla cavab verəcəyik”.
Beləliklə, Polşaya qarşı Hitler təcavüz başladı və bu, İkinci Dünya müharibəsinə çevrildi.
Müharibədən bir həftə əvvəl, 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında hücum etməmək haqqında müqavilə imzalanmışdı. SSRİ ilə münasibətlər barədə Hitler deyirdi: “Almaniya öz doktrinasını ixrac etmək niyyətində deyil. Sovet Rusiyasının da öz doktrinasını Almaniyaya ixrac etmək kimi planlarının olmadığını nəzərə alsaq, artıq aramızda qarşıdurma üçün bircə səbəb görmürəm. Bu fikri hər iki tərəf bölüşür. Xalqlarımız arasında istənilən qarşıdurma yalnız başqalarının xeyrinə olardı. Buna görə biz elə bir müqavilə bağlamaq qərarına gəldik ki, aramızda hər hansı münaqişəyə imkan verməsin. Bu, müəyyən Avropa məsələlərində qarşılıqlı məsləhətləşmə öhdəliyi də yaradır. İqtisadi əməkdaşlıq üçün imkan yaranıb və hər şeydən önəmlisi – hər iki dövlətin bu bölgədə bir-birinə qarşı qüvvə toplamayacağına inam var. Qərbin bizi buna təhrik etmək cəhdləri uğursuzluğa düçar olacaq… Bu müqaviləyə Moskvada da sizin kimi sevinirlər. Buna sübut – Sovet İttifaqının xarici işlər naziri Molotovun çıxışıdır”.
1939-cu il sentyabrın 1-də ÜK(b)P Mərkəzi Komitəsinin (MK) orqanı olan “Pravda” qəzeti SSRİ Xalq Komissarları Sovetinin sədri və SSRİ-nin Xarici İşlər Xalq Komissarı Vyaçeslav Molotovun bir gün əvvəl Ali Sovetin fövqəladə dördüncü sessiyasında söylədiyi nitqin mətnini dərc etdi: “SSRİ və Almaniya xalqları beynəlxalq münasibətlərdə bir-birinə lazımdır. Hücum etməmək haqqında sovet-alman müqaviləsi SSRİ ilə Almaniya arasında düşmənçiliyə son qoyur. Bu isə görünür ki, həm də digər ölkələr üçün nümunə olacaq. Orta Asiyada və digər yerlərdə əməkdaşlıq üçün heç bir maneə yoxdur. Yalnız Almaniya və SSRİ-nin düşmənləri xalqlarımız arasında nifaq salmağa çalışa bilər. Hücum etməmək haqqında sovet-alman müqaviləsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, Avropanın iki ən böyük dövləti düşmənçiliyə son qoymaq, sülh şəraitində yaşamaq barədə razılığa gəldi. Avropada münaqişə ocaqlarının sayı azaldı. Hətta müharibə baş verərsə də, onun miqyası artıq məhdud olacaq. Belə vəziyyətdən yalnız Avropada ümumi müharibə ocağı yaratmaq istəyən müharibə qızışdırıcıları narazı qala bilər”.
Tarixin dönüş nöqtəsi
“Pravda” qeyd edirdi ki, Molotov sovet-alman müqaviləsinin imzalanmasını “Avropa – hətta təkcə Avropa deyil, – tarixində dönüş nöqtəsi” adlandırmışdı. Elə həmin nömrədə dərc olunan “Tarixi hadisə” adlı məqalədə deyilirdi: “Centelmenlər (yəni İngiltərə və Fransa) uzun müddət və israrla iki böyük xalqı, Avropanın ən güclü iki dövlətini – SSRİ və Almaniyanı üz-üzə qoymağa çalışırdılar. Və birdən bütün planları puça çıxdı. Çığırtıları bütün Avropaya yayılır… Yoldaş Molotovun dediyi sözləri hər kəs yadda saxladı: artıq iki dövlət arasındakı düşmənçiliyə son qoyulur, biz sovet və alman xalqları arasında dostluğun qorunması və möhkəmlənməsinin tərəfdarıyıq”.
Amma Polşaya hücum planı – “Vays planı” – Hitler tərəfindən SSRİ ilə müqavilə bağlanmazdan çox əvvəl hazırlanmışdı. 1939-cu il aprelin 3-də bu plan razılaşdırılmaq üçün Vermaxtın Ali Komandanlığı (OKW) tərəfindən quru qoşunları, hava qüvvələri və hərbi-dəniz donanmasının rəhbərliyinə göndərilmişdi. Hərbi qüvvələrin qarşılıqlı fəaliyyətlərinin uyğunlaşdırılması barədə sənədlər 1939-cu il mayın 1-dək OKW-yə təqdim olunmalı idi: “Plan elə hazırlanmalıdır ki, əməliyyat 1939-cu il sentyabrın 1-dən başlayaraq istənilən vaxt həyata keçirilə bilsin”.
1939-cu il aprelin 11-də isə Hitler OKW-nin “Silahlı qüvvələrin müharibəyə vahid hazırlığı haqqında” direktivini təsdiqlədi. Onun birinci hissəsində 1939–1940-cı illərdə Almaniya silahlı qüvvələrinin qarşısında duran ümumi vəzifələr izah edilirdi. “Vays planı” ikinci hissədə idi. Üçüncü hissədə isə Dansiqin ələ keçirilməsi nəzərdə tutulurdu.
“Vays” əməliyyatının məqsədi – Polşa silahlı qüvvələrini məğlub etmək idi. “Azad Dansiq dövləti münaqişənin başlanması anından gec olmayaraq Almaniya imperiyasının bir hissəsi elan ediləcək”. Əməliyyata 57 diviziya, 2,5 min tank, 2 min təyyarə cəlb olunmuşdu. OKW direktivində deyilirdi: “Vays əməliyyatı gələcək müharibəyə hazırlıq sistemində yalnız ilkin tədbirdir və görünür, Qərb qüvvələrinə qarşı silah tətbiqinin səbəbi kimi nəzərdən keçirilməməlidir”.
1939-cu il aprelin 11-də Hitler, Almaniyanın Köniqsberqə (indiki Kalininqrad) ekstraterritorial avtomobil yolu çəkmək istəyinə Polşanın rədd cavabı verməsini bəhanə gətirərək, 26 yanvar 1934-cü il tarixli Almaniya ilə Polşa arasında qüvvə tətbiq etməmək haqqında bəyannaməni (Pilsudski–Hitler paktı) birtərəfli qaydada ləğv etdi. Polşa isə həmin pakti həmin il sentyabrın 1-də müharibə başlayana qədər qüvvədə hesab edirdi.
1934-cü ildə başlayan Polşa–Almaniya yaxınlaşması 1938-ci ilin payızına qədər davam etdi. 29–30 sentyabr 1938-ci il Münhen sövdələşməsindən sonra Polşa Çexoslovakiyaya ultimatum verərək, Teşin Sileziyasını tələb etdi; 2 oktyabrda bu ərazi polyak qoşunları tərəfindən işğal olundu.
Varşavanın uzaqgörməz siyasəti Berlinə İkinci dünya müharibəsini başlamağa hazırlaşmaq imkanı verdi. Polşaya hücumdan bir il əvvəl Hitler deyirdi: “Hər bir halda, Almaniya milli Polşanın müstəqilliyini qorumaqda maraqlı olacaq, Rusiyadakı vəziyyətdən qəti asılı olmayaraq. Söhbətin bolşevik, çar və ya hər hansı başqa bir Rusiyadan getməsindən asılı olmayaraq, Almaniya həmişə bu ölkəyə ən böyük ehtiyatla yanaşacaq”. Hitler SSRİ ilə sərhəddə böyük qüvvələri saxladığına və bununla Almaniyanı ciddi hərbi xərclərdən azad etdiyinə görə Polşaya təşəkkür edirdi.
Nürnberq Beynəlxalq Hərbi Tribunalının hökmündə deyilirdi: “Hitler 23 may 1939-cu ildə əsas hərbi müşavirə topladı... O, Polşa məsələsində mövqeyini açıqladı. Etiraf etdi ki, münaqişənin səbəbi Polşa ilə və ya Dansiq üzündən mübahisələr deyil, Almaniyanın “yaşayış məkanını” genişləndirmə və ərzaq təminatını gücləndirmə zərurətidir”.
Casus belli
22 avqust 1939-cu ildə Hitler ali hərbi rəhbərliyə son göstərişlərini verdi: “Əvvəlcə Polşa darmadağın ediləcək. Məqsəd – canlı qüvvəni məhv etməkdir… Qərbdə savaş çıxsa belə, biz ilk növbədə Polşanın darmadağını ilə məşğul olacağıq”.
Müharibəyə başlamaq üçün Almaniyaya formal bəhanə – “casus belli” lazım idi. “Mən sizə müharibəyə başlamaq üçün təbliğat bəhanəsi verəcəyəm. Onun inandırıcı olub-olmaması əhəmiyyət daşımır. Sonra kimsə qalibdən həqiqəti danışıb-danışmadığını soruşmayacaq”, - Hitler generallarına vəd verdi.
Fərqli təxribat variantları müzakirə olunurdu. Hitler lüftvaffenin baş komandanı, reyxsmarşal Herman Görinqə sual vermişdi: “Alman pilotlar Almaniya ərazisi üzərində Polşa təyyarəsini vura bilərmi?” Görinq cavab verdi: “Texniki cəhətdən çətindir. Siyasi cəhətdən isə – etibarsızdır”. Bundan sonra Hitler SS reyxsfüreri Henrix Himmlerə müraciət etdi. Onun yaxın ətrafının planlaşdırdığı təxribat “Himmler əməliyyatı” adını aldı.
Təhlükəsizlik xidməti (SD), hərbi kəşfiyyat və əks-kəşfiyyat (Abver) Polşa–Almaniya sərhədində silah işlədilməsi ilə müşayiət olunan bir sıra insidentlər hazırladı. Məqsəd –guya Polşanın Almaniya ilə hücum etməmək haqqında müqaviləni pozmasına dünya ictimaiyyətini inandırmaq idi. SS-in xüsusi dəstələrinin agentləri atışmalar törətməli, yerli sərhəd obyektlərini ələ keçirməyə cəhd göstərməli idilər ki, bu hərəkətlərdə polyakları günahlandırsınlar.
Öz adını daşıyan əməliyyata rəhbərliyi Himmler SS oberqruppenfüreri Reynxard Heydrixə – SD rəhbərinə və Almaniyanın təhlükəsizlik polisinin (zippo) başçısına tapşırdı. Bu qurum cinayət polisindən (Kripo) və gizli dövlət polisindən (Gestapo) ibarət idi.
“Himmler əməliyyatı” bir sıra təxribatlardan ibarət idi. Əsas təxribat isə şərti adla “Konservlər əməliyyatı” adlanırdı və Yuxarı Sileziyada, Almaniya–Polşa sərhədindən 10 km məsafədə yerləşən Qleyvits (indiki Polşanın Qlivitse şəhəri) radiosuna hücum şəklində təşkil olunmuşdu.
“Konservlər” əməliyyatının hazırlanması ilə bağlı praktik məsələlərlə abverin diversiya və sabotaj şöbəsinin rəisi general Ervin fon Lahuzen və təhlükəsizlik xidməti (SD) diversiyalar üzrə VI-F qrupunun rəhbəri, SS şturmbannfüreri Alfred Nauyoks məşğul olurdu. Sonuncu həm də əməliyyata yerində rəhbərlik edirdi. Əməliyyat bölgəsində yerləşdirilmiş 23-cü və 45-ci SS ştandartlarının komandanlığına Nauyoksun məlumatı ilə ardıcıl siqnal verilməsi, polyak dilini bilən 120 nəfərin ayrılması barədə göstəriş göndərilmişdi.
“Payız hadisələrində həlak olanlar” rolunu isə Dahau həbs düşərgəsinin məhbusları oynayacaqdı. Onlara öldürücü inyeksiya vurulurdu, sonra isə cəsədlər hadisə yerinə gətirilirdi. SS-lərin jarqonunda bu cəsədlərə “konservlər” deyilirdi – əməliyyatın adı da buradan yaranmışdı. “Konservlərin” gətirilməsinə gestaponun rəhbəri, SS oberfüreri Henrix Müller nəzarət edirdi.
Nauyoks Heydrixdən aşağıdakı təlimatları aldı: “Birinci. Bu işlə bağlı Qleyvitsdə heç bir alman idarəsi ilə əlaqə saxlamayacaqsınız. İkinci. Qrupunuzun heç bir üzvünün yanında onun SS, SD, polis əməkdaşı və ya reyx vətəndaşı olduğunu sübut edən sənəd olmayacaq”. Kod siqnalı Heydrixin sözləri olmalı idi: “Nənə öldü”.
22 avqust 1939-cu ildə Heydrix Nauyoksdan hazırlıq barədə tam məruzə aldı. 23 avqustda Hitler Polşaya qarşı əməliyyatın başlanma vaxtını təyin etdi – 26 avqust, səhər saat 4:30. Lakin 25 avqust axşamı Berlindən iki xəbər gəldi: Almaniyadakı İtaliya səfiri Bernardo Attoliko Mussolininin hazırda Hitleri dəstəkləməyə hazır olmadığını bildirdi, üstəlik, Böyük Britaniya Polşa ilə qarşılıqlı yardım müqaviləsi imzaladı. Buna görə əməliyyatın təxirə salınması barədə təcili göstəriş verildi. 31 avqustda Hitler Polşaya hücum üçün yeni vaxt müəyyənləşdirdi – 1 sentyabr, saat 4:45.
Avqustun 31-də saat 16:00-da Nauyoksun Qleyvitsdəki hotel nömrəsinə telefon zəngi gəldi. Heydrixin adyutantı kod sözlərini dedi: “Nənə öldü”. Nauyoks 19:30-da tabeliyindəki hamını topladı və radiostansiyanın ələ keçirilməsi barədə aksiyanı izah etdi. Müller isə “konservlər”i ən geci 20:20-yə qədər hadisə yerinə gətirməli idi.
Saat 20:00-da Nauyoks tabeliyində olanlarla birlikdə Qleyvits radiostansiyasına soxuldu. Basqınçılar nizamsız atəş açmağa başladılar. Radiostansiyanın üç əməkdaşının və orada xidmət edən bir polisin əl-qolunu bağlayıb, zirzəmiyə saldılar. Esesçilərdən başqa hücum qrupuna radio yayımı üzrə mütəxəssislər - mühəndis Karl Berqer və polyak dilini sərbəst bilən diktor Henrix Noyman daxil idi.
Çaşqınlıq içində lazımi mikrofonu tapa bilmədilər. Çarəsiz qalaraq, dalğası yalnız 40 km radiusda yayılan qısadalğalı rabitədən istifadə etdilər. Noyman o qədər həyəcanlı idi ki, əvvəlcədən yazılmış mətni güclə oxudu (mətn Heydrix tərəfindən Nauyoksa verilmişdi). Elə bu anda gözlənilmədən atəş səsi eşidildi və diktor mikrofonu yerə saldı. Lakin buna baxmayaraq, “alovlu müraciət” həm polyak, həm də alman dilində efirə getdi: “Polşa vətəndaşları! Polşa ilə Almaniya arasında müharibə vaxtı gəldi. Birləşin və bütün almanları öldürün!” Bütün əməliyyat dörd dəqiqədən çox çəkmədi. Radiostansiyanı tərk edərkən Nauyoks Müllerin gətirdiyi “konservlər”i – polyak hərbi formasında cəsədləri gördü. Əlavə inandırıcılıq üçün provokatorlar yerli sakin, 43 yaşlı kəndli Frantişek Xonekanı da güllələdilər.
Ertəsi gün Almaniya qəzetləri çığıran başlıqlarla çıxdı: “Polyaklar Qleyvits radiostansiyasını ələ keçirdilər”. Almaniya informasiya bürosu məlumat yaydı: “31 avqust axşam saat 8 radələrində polyaklar Qleyvits radiostansiyasına hücum edib, onu ələ keçirdilər. Güc tətbiq edərək binaya soxulan basqınçılar polyak və qismən alman dilində müraciət oxudular. Lakin bir neçə dəqiqədən sonra radiodinləyicilərin çağırdığı polis onları darmadağın etdi. Polis silah tətbiq etməyə məcbur oldu. Hücumçular arasında ölənlər var”.
Sonradan əlavə təfərrüatlar da yayıldı: “Radiostansiyaya hücum, görünür, polyak partizanlarının Almaniya ərazisinə ümumi hücuma keçməsi üçün siqnal idi. Demək olar ki, eyni vaxtda polyak partizanlarının daha iki yerdə alman sərhədini keçdiyi müəyyənləşdirildi. Bunlar da yaxşı silahlanmış dəstələr idi və yəqin ki, nizami polyak hissələrini dəstəkləyirdilər. Sərhədi qoruyan təhlükəsizlik polisi bölmələri işğalçılarla döyüşə girdi. Şiddətli döyüşlər davam edir”.
Qleyvits radiostansiyasına “polyakların namərdcəsinə hücumu”nu araşdırmaq üçün şəxsən gestaponun rəhbəri Henrix Müller (məhz “konservləri” hazırlayan) və kriminal polisin rəisi Artur Nebe gəldi. Təbii ki, “polyakların günahı” dərhal müəyyənləşdi.
“Məğlubiyyətə dözmərəm”
“Konservlər” əməliyyatı İkinci Dünya müharibəsinin başlanmasına bəhanə oldu. 1939-cu il sentyabrın 1-dəki çıxışında Hitler iştirakçılar qarşısında belə demişdi: “Mən yenidən özüm üçün əziz və müqəddəs olan formamı geyindim. Qələbə qazanılmayınca onu çıxarmayacağam, fəlakətə isə dözmərəm”.
Hitlerin öz vədini – məğlubiyyətə dözməyib özünü güllələməsini – həyata keçirməsi üçün bəşəriyyət çox ağır bədəl ödəməli oldu: onun başladığı İkinci Dünya müharibəsində 55 milyon insan həyatını itirdi.
Lakin “İkinci Dünya müharibəsini başlayan adam” (AFR tarixçisi Florian Altenhennerin kitabı belə adlanırdı) Alfred Nauyoks müharibədən sağ çıxmağı bacardı. 1940-cı ildə o, nasistlər tərəfindən Zaksenhauzen düşərgəsində təşkil olunmuş Britaniya funtlarının saxtalaşdırılması əməliyyatına rəhbərlik edirdi. Amma Nauyoks nizam-intizamı pozdu və cəza olaraq sovet–alman cəbhəsində SS qoşunlarına göndərildi, burada yaralandı. Sonradan Belçika və Danimarkadakı alman işğal administrasiyalarında çalışdı. Müqavimət hərəkatının üzvlərinin ovuna çıxır, cəza tədbirləri təşkil edirdi. O, həmçinin lüteran keşişi Kay Munkun qətlində iştirak etmişdi.

1944-cü il oktyabrın 9-da Nauyoks amerikalılara əsir düşdü və həbs edildi. Müharibədən sonra o, Nürnberq prosesində şahid qismində yazılı ifadə verdi. Nauyoks Qleyvits təxribatının əsas təşkilatçısı kimi gestapo rəhbəri Mülleri göstərirdi: “Müller dedi ki, onun ixtiyarında on iki–on üç məhkum cinayətkar var. Onların üzərinə polyak hərbi geyimi geyindirilməli və sonra hücum zamanı guya öldürülmüş kimi meydanda qalmalı idilər. Bunun üçün zəhər vurmaq planlaşdırılmışdı, həkimi Heydrix çağırmalı idi; həmçinin meyitlərdə güllə yaralarının olması da nəzərdə tutulmuşdu. Hücumun səhnələşdirilməsindən sonra mətbuat nümayəndələri və başqa şəxslər hadisə yerinə gətirilməliydi; polis hesabatı tərtib olunmalı idi. Müller mənə bildirdi ki, Heydrix Qleyvitsdəki tapşırığım üçün müəyyən vəsait ayırıb. Bu əməliyyatın şərti adı “konservlər” idi. Mənim iştirak etdiyim Qleyvits hadisəsi Almaniyanın Polşaya hücumundan bir gün əvvəl baş verdi. Mənim yadımdadır ki, müharibə 1939-cu il sentyabrın 1-də başladı”.
1946-cı ildə Nauyoks hərbi əsirlər düşərgəsindən qaçdı, lakin yenidən tutuldu və 1947-ci ildə mühakimə olundu. Amma artıq 1950-ci ildə azadlığa buraxıldı. Güman edilir ki, Nauyoks nasistlərin Avropadan Latın Amerikasına qaçırılmasına yardım edən keçmiş SS üzvlərinin gizli təşkilatı ODESSA-nın rəhbərlərindən biri olub. Üzdə o, Hamburqda biznes fəaliyyəti ilə məşğul olurdu: 1952-ci ildən burada məskunlaşmışdı. 1966-cı il aprelin 4-də öldü.
Amerikalı tarixçi və jurnalist Uilyam Şirer şturmbannfürer Nauyoks haqqında belə yazırdı: “İntelektual esesçi cani”. Əslində isə müharibəni təhrik etmək üçün canilərin xüsusi intellektual qabiliyyətə malik olmasına ehtiyac da yoxdur…
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: