Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
2-10-2019, 09:09
Husilərin bu addımı Yaxın Şərqdə İrana qarşı təzyiqlərin ciddi şəkildə artmasına səbəb olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Yəməndəki husi qiyamçılarının Səudiyyə rəhbərliyindəki koalisiyaya aid 2 min əsgəri girov götürməsi, 200 hərbçini isə məhv etməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İranın əleyhinə olan qüvvələr meydanı qızışdırmağa çalışır:
“Ənsarullahın bu hücumundan sonra İranın vəziyyəti daha da ağırlaşacaq. Xüsusilə, Tehranın ABŞ və Avropa ölkələri ilə nüvə danışıqları ərəfəsində belə bir hücumun təşkil olunması onu göstərir ki, həmin görüşün əleyhinə olan qüvvələr var. Həmin qüvvələr İranı daxildən və xaricdən çox sıxışdırıb. Məhz indi onlar husilərə dəstək verərək, belə hücumları təşkil edir. Çünki təkbaşına Ənsarullahın bu səviyyədə böyük hərbi əməliyyatlar keçirməsi mümkün deyil”.
Politoloqun sözlərinə görə, İranın nüvə danışıqları ilə bağlı görüşdə iştirak etməsi o qədər də asan olmayacaq:
“İranın daxilində olan mühafizəkar qruplar hər dəfə belə görüşlərin təşkilinə mane olmağa çalışır. Amma bütün hallarda husilərin bu addımının məsuliyyəti İranın üzərinə düşəcək. Bu da yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Ümumiyyətlə, belə şəraitdə Avropa ölkələrinin İranla danışıqlara gedəcəyini və hər hansı bir razılığın əldə olacağını düşünmürəm”.
Qeyd edək ki, husilərin hərbi sözçüsü Yahya Sarya təşkil etdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının cənub sərhədində yerləşən Nəcran şəhərində keçirilən genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürdüklərini, 200-dən çox əsgəri öldürdüklərini deyib. Həmçinin, Sarya ərəb koalisiyasının üç alayının darmadağın edildiyini və yüzlərlə zirehli texnikanın ələ keçirildiyini bildirib.