Yeni evlərdə qazın istifadəsi qadağan olunacaq - Avstraliyada təzə qayda
31-07-2023, 15:20
Avstraliyanın Viktoriya əyalətində gələn ildən yeni evlərə qaz borularının qoşulmasına qadağa qoyulacağı planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə ölkənin enerji, ətraf mühit və iqlim dəyişikliyi naziri Liliana Dambrosio açıqlama verib.
Nazir tədbirin emissiyaların, eləcə də enerji xərclərinin azaldılmasına yönəlmiş dövlət proqramının bir hissəsi olduğunu bildirib.
"Qazdan asılılığımızı azaltmaq, 2045-ci ilə qədər sıfır emissiya hədəfimizə nail olmaq və daha çox Viktoriya sakinini xərclərinə qənaət edəcək daha səmərəli elektrik cihazlarına yönləndirmək kritik əhəmiyyət daşıyır", - o deyib.
Yeni tələblərin yaşayış yerləri, məktəblər və xəstəxanalar da daxil olmaqla, layihələndirmə mərhələsinə çatmamış bütün yeni ictimai binalara şamil olunacağı planlaşdırılır.
Qeyd edək ki, Viktoriya Avstraliyanın cənub-şərqində yerləşir və ən çox əhalinin məskunlaşdığı əyalətdir. Bölgəni uzun müddətdir yanacaqla təmin edən "Exxon Mobil" şirkəti tərəfindən idarə olunan dəniz yataqlarında hasilatın azalması ilə əlaqədar olaraq əyalətin gələcək illərdə qaz qıtlığı ilə üzləşəcəyi gözlənilir.