Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
19-04-2024, 15:38
Bu il Rusiyanın bir sıra regionlarının hakimiyyət orqanları Qələbə Günü ilə bağlı paradların və digər tədbirlərin keçirilməyəcəyini açıqlayıb.
Kursk vilayətinin qubernatoru Roman Starovoyt aprelin 18-də bildirib ki, Qələbə günü Kurskda və regionun digər şəhərlərində paradlar, “Ölməz alayın” yürüşləri və digər kütləvi tədbirlər ləğv edilib. Anım tədbirlərinin onlayn keçirilməsi planlaşdırılır.
"Biz Kursk sakinlərini evlərinin pəncərələrində və maşınlarının şüşələrində döyüşmüş qohumlarının portretlərini asmağa dəvət edəcəyik", - Starovoit deyib. O, həmçinin bildirib ki, həmkarlar ittifaqı təşkilatlarına mayın 1-də bayram yürüşü keçirməmək tövsiyə olunub.
Bryansk vilayətində də yerli hakimiyyət paradı və bayram atəşfəşanlığını ləğv edib. Onlar bunu “yüksək terror təhlükəsi” ilə izah ediblər. Bununla belə, konsertlər, vətənpərvərlik tədbirləri keçiriləcək.
Mayın 9-da Belqorod vilayətində bütün kütləvi tədbirlər ləğv edilib. Səlahiyyətlilər qərarın “təhlükəsizlik səbəbi ilə” verildiyini bildirib. Ryazan və Pskov vilayətlərində də bayram paradları keçirilməyəcək.
2023-cü ildə Rusiyanın 23 regionunda Qələbə Günü paradları ləğv edilib. Rusiyanın Ukrayna ilə həmsərhəd rayonları - Kursk, Belqorod və Bryansk vilayətləri mütəmadi olaraq atəşə tutulur, dağıntılar və tələfatlar var. Regional hakimiyyət hücumların Ukrayna tərəfdən olduğunu iddia edir. Kiyev bu mesajları şərh etmir.