Dubayda qastronomik festival açılır
20-04-2024, 10:58
Bu gün XI Dubay Qida Festivalının açılışı olacaq. Bu unikal tədbir mayın 12-dək davam edəcək.Bu barədə AZƏRTAC -a Dubayın İqtisadiyyat və Turizm Departamentindən məlumat verilib. Qastronomik festival yüksək mətbəxdən tutmuş nadir kulinariya nümunələrinə, milli yeməklərdən və “fast-food”dan tutmuş Mişelin ulduzlu məşhur restoranlara qədər ölkənin bütün kulinariya müxtəlifliyini nümayiş etdirəcək. Qonaqları və şəhər sakinlərini maraqlı kulinariya ekskursiyaları, məşhur aşpazların ustad dərsləri, restoranlarda eksklüziv bayram menyuları və bir çox digər yeniliklər gözləyir. Festivalın qurmanlar üçün əsl kəşf olacağı, habelə aşpazların, novatorların və dad virtuozlarının şəhərin kulinariya səhnəsinin inkişafı və təkmilləşdirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.Dubayın Festivallar və Pərakəndə Satış İdarəsi (DFRE) tərəfindən təşkil edilən builki festivalda həm də artıq sevilən tədbirlər - Dubay Restoran Həftəsi, “Foodie Experiences, e& Beach Canteen”, “10 dirhəmlik yemək”, eləcə də yeni təşəbbüslər, o cümlədən “Şef-aşpazın menyusu” və “Gault&Millau”nun “Kulinariya İnnovatorları” təşkil ediləcək.DFRE-nin baş direktoru Əhməd Əl Xacə bildirib ki, artıq 11-ci ildir keçirilən festival Dubayın kulinariya sahəsində ən yaxşı nümunələrini sərfəli qiymətlərlə nümayiş etdirəcək və yerli aşpazların istedadları təqdim olunacaq. Bu, Dubayın qlobal qida məkanı kimi nüfuzunu artıracaq. O əlavə edib: “Bu, hər kəsi Dubayın canlı yemək mədəniyyətinə qərq olmağa dəvət edərək, şəhərin qastronomiya sahəsində onillik uğuru və tərəfdaşlarımızın qida xidməti sənayesinə verdiyi töhfəni qeyd etmək üçün əla vasitə qismində daha bir mühüm mərhələni qeyd edəcək”.Festivalın əsas tədbirlərindən biri - Dubay Restoran Həftəsi çərçivəsində şəhərin 60-dan çox məşhur restoranı cəlbedici qiymətlərlə xüsusi hazırlanmış menyular təqdim edəcək. Bəzi müəssisələr adambaşına 125 dirhəm dəyərində iki yeməkdən ibarət nahar və 250 dirhəmə üç yeməkli şam yeməyi təklif edəcək. Onlayn bron sistemi və rəsmi festival tərəfdaşı “Open Table” vasitəsilə də masa sifariş edə bilərsiniz.“10 dirhəmlik yemək” aksiyası daddan ötrü qənaət etmək istəyənlərə maraqlı olacaq. Dubaydakı bir çox restoran ənənəvi yeməklərdən delikateslərə və ya xüsusi yeməklərə qədər 10 dirhəmə menyular təklif edəcək. İştirak edən restoranlar haqqında məlumatı Zomato və ya festivalın saytında əldə etmək olar.Festival çərçivəsində bütün şəhərdə yerləşən restoranlarda xüsusi menyular, yeməklər və endirim kampaniyaları təqdim olunacaq. Onlara mehmanxanalar, ticarət və əyləncə mərkəzləri də qoşulacaq, bu məkanlarda da xüsusi tədbirlər keçiriləcək. Daha ətraflı məlumatı Dubay Qida Festivalının saytında tapa bilərsiniz.