Zelenski: Rusiyaya qarşı mübarizə aparmaq üçün müxtəlif silahlara ehtiyac var
20-04-2024, 10:19
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı torpaqlarını müdafiə etmək üçün hava hücumundan müdafiə sistemlərinə, təyyarələrə və uzaqmənzilli raketlərə ehtiyacı olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə müdafiə nazirləri səviyyəsində onlayn keçirilən Ukrayna-NATO Şurasının iclasında danışıb.
Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə davamlı olaraq hücum etdiyini deyən Zelenski, ilin əvvəlindən Ukrayna ərazisinə hipersəs raketləri də daxil olmaqla təxminən 1200 raketin buraxıldığını və 1500 pilotsuz uçuş aparatının (PUA) göndərildiyini bildirib.
Zelenski: "Xarkov, Odessa, Sumi, Çerniqov, Nikolayev, Xerson və Dnepr şəhərlərində rus terrorçularına qarşı möhkəm müdafiə sistemi yoxdur. Mən bu çıxışa hazırlaşarkən Pivdennıy limanını vurdular. Bir neçə raket təkcə Ukraynanın liman infrastrukturunu deyil, həm də Sinqapur obyektlərini vurub", - deyə qeyd edib.
Rusiya ordusunun havada üstünlüyə malik olduğunu və Ukraynanın imkanlarının məhdud olduğunu qeyd edən Zelenski sözlərinə belə davam edib: “Müdafiə üçün bizə ən azı 7 "Patriot" və oxşar hava hücumundan müdafiə sistemləri lazımdır. Bunlar bir çox insanın həyatını xilas edə və vəziyyəti həqiqətən dəyişə bilər. Sizdə (NATO) bu sistemlər var. Artilleriyaçılar üçün artilleriya nəhayət cəbhəyə çatdırılmalıdır. Tərəfdaşların öz güclərindən qorxmaları gülüncdür. Əsgərlərimizin əlində nə qədər uzaqmənzilli silahlar olsa, sülh bir o qədər yaxınlaşır. Hazırda cəbhə xəttində uzaqmənzilli raketlərə və artilleriyaya böyük ehtiyac var. Rusiya Hərbi Hava Qüvvələrinə qalib gəlmək üçün kifayət qədər sayda təyyarə lazımdır”.
İranın ötən həftə sonu İsrailə hücumuna toxunan Zelenski hücumun qarşısının alındığını və bunun NATO-nun Yaxın Şərqdəki hava hücumundan müdafiə sisteminin effektivliyi sayəsində mümkün olduğunu bildirib.
NATO-nun alyansın üzvü olmayan İsraili dəstəklədiyini qeyd edən Zelenski, bu halda NATO-nun müharibəyə cəlb olunmadığını və məsələnin tərəfi olmadığını bildirib.