Netanyahuya müharibədən sonra Qəzza ilə bağlı planlar qurması üçün təzyiqlər artır
18-05-2024, 12:14
İsrailin baş naziri Benyamin Netanyahuya İsrail-HƏMAS müharibəsinə strateji həll yolu tapmasına dair beynəlxalq və daxili təzyiqlər artır.
İsrailin müdafiə naziri Yoav Qallant çərşənbə günü Netanyahuya qarşı ən sərt televiziya çıxışında Baş naziri siyasi baxımdan nəyin bahasına olursa olsun, müharibədən sonrakı Qəzza ilə bağlı "çətin qərarlar" qəbul etməyə çağırıb. Qallant israillilərə xəbərdarlıq edib ki, hərəkətsizlik müharibədə əldə olunan nailiyyətləri məhv edəcək və ölkənin uzunmüddətli təhlükəsizliyini təhlükə altına alacaq.
Qallant Netanyahunu müharibədən sonra HƏMAS-ın idarəçiliyini əvəz etməklə bağlı planlarının olmamasına görə tənqid edib.
"Oktyabr ayından mən bu məsələni Nazirlər Kabinetində ardıcıl olaraq qaldırıram və heç bir cavab almıram" - deyə, o bildirib.
Qallantdan öncə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da bənzər şərhlər edərək, bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada deyib ki, İsrail hələ də, "hərbi əməliyyatlarını" döyüşlər bitdikdən sonra Fələstin ərazisini kimin idarə edəcəyi ilə bağlı siyasi planla əlaqələndirməyib.
ABŞ dövlət katibi Antoni Blinken də çərşənbə günü bu mesajı təkrarlayaraq deyib ki, İsrailin xaosla doldurula biləcək güc boşluğunın qarşısını almaq üçün Qəzzanın gələcəyi ilə bağlı "aydın və konkret plana" ehtiyacı var.
Qallant İsrailin müharibədən sonrakı Qəzzanı idarə etməsinin istənilən formasını istisna edərək, əraziyə beynəlxalq dəstəklə "fələstinli qurumların" rəhbərlik etməli olduğunu deyib ki, bu, Bayden administrasiyasının uzun müddətdir dəstəklədiyi bir mövqedir.
Administrasiya Qallantın açıqlamalarının ABŞ-ın yüksək vəzifəli şəxslərin ifadələri ilə əlaqələndirib-əlaqələndirmədiyi təsiqləməyib.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer cümə axşamı keçirdiyi brifinqdə Amerikanın Səsinin sualına cavab olaraq, "Mən bunun zamanlaması ilə bağlı danışmayacağam. Bu barədə təhlil verməyəcəyəm" deyib.
O, İsrail hökuməti ilə davam edən danışıqları vurğulayaraq, "Biz öz fikrimizi bildirmişik" deyib.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli administrasiya rəsmisi administrasiyanın Qallantın İsrailin İsrail Müdafiə Qüvvələrinin təmizlədiyi əraziləri tutmaq və idarə etmək üçün heç bir plan hazırlamaması və bununla da HƏMAS-ın həmin ərazilərdə yenidən canlanmasına imkan verməsi ilə bağlı narahatlığını bölüşdüyünü deyib.
"Məqsədimiz HƏMAS-ın məğlub olduğunu görməkdir", - deyə, rəsmi Amerikanın Səsinə bildirib.
Netanyahu diqqəti HƏMAS-I məhv etməyə yönəldib
Netanyahu təkid edir ki, HƏMAS-ı məhv etmədən müharibədən sonrası üçün planlar qurmaq mümkün deyil.
Onun hökuməti və Vaşinqton HƏMAS-ın Qəzzanı idarə etməməyə davam etməməli olduğu üzərində razılaşda da, onlar militant qrupun oktyabrın 7-də İsrailə hücumundan sonra başlayan müharibə bitəndən sonra əraziyə kimin nəzarət etməli olduğuna dair fikir ayrılığı yaşayırlar.
“Biz İsrailin işğalını dəstəkləmirik və dəstəkləməyəcəyik,” deyə Blinken çərşənbə günü təkrarlayıb.
Beynəlxalq Böhran Qrupunun İsrail-Fələstin üzrə baş təhlilçisi Mairav Zonszein deyir ki, Qalantın açıqlamaları İsrailin hazırkı və keçmiş rəsmilərinin şərhlərini və müharibədən yorulan İsrail ictimaiyyətinin məyusluğunu özündə əks etdirir.
“Bu, təəccüblü deyil. Bu, yeni deyil,” o Amerikanın Səsinə bildirib. “Amma mən düşünürəm ki, bu, hökumət daxilində müəyyən insanlar üçün dönüş nöqtəsinə çevrilir, çünki girov razılığı və atəşkəs çıxılmaz vəziyyətdədir, ona görə ki, bu müharibənin daha nə qədər davam edəcəyinə dair qərarlar verilmir.”
Netanyahu cümə axşamı müxbirlərə bildirib ki, o, Qalantın ictimai tənqidindən sonra müdafiə nazirini görüşə çağırmağı planlaşdırır.
Atəşkəs perspektivi zəifdir
Bu arada isə bu ayın əvvəlində Qahirədə danışıqlar nəticə vermədiyi bir vaxtda, atəşkəs razılığı əldə etmək perspektivləri zəif görünür.
“Hər hansı səylər və ya razılıq daimi atəşkəs, qüvvələrin Qəzza zolağından tam geri çəkilməsini, real məhbus mübadiləsini, köçkünlərin evlərinə qayıtmasını, bərpa işlərini və blokadanın aradan qaldırılmasını təmin etməlidir,” HƏMAS-ın başçısı İsmayıl Həniyə çərşənbə günü bildirib.
İsrail indiyədək Qəzzada hərbi kampaniyasına son qoyacağına dair hər hansı bir vəd verməyib. Yaxın Şərq İnstitutunun İsrail məsələləri üzrə baş elmi tədqiqatçısı Nimron Qorenin sözlərinə görə, döyüşən tərəflərin müharibəyə son qoymaqla bağlı irəli sürdükləri strateji həll yolları “demək olar ki, bir-birindən mümkün qədər uzaqdır.”
Qoren Amerikanın Səsinə bildirib ki, vasitəçilər – ABŞ, Misir və Qətər – hazırda irəliyə doğru bir yol görmürlər, baxmayaraq ki, atəşkəs əldə etmək “təkcə Qəzza deyil, həm də Livan səbəbilə getdikcə çox vacib hal alır.”
İsrail və İranın dəstəklədiyi başqa bir qrup olan Hizbullah arasında sərhədlərarası bombardmanlar İsralin Qəzzadakı kampaniyası başlayandan bəri artıb və nəticədə İsrailin Livanla sərhədində yaşayan on minlərlə insan didərgin düşüb.
Qoren deyib ki, bu nöqtədə hərtərəfli və daimi atəşkəs qeyri-mümkün olsa da, hazırda üç mərhələ ilə hazırlanan atəşkəs razılığının ilk mərhələsinin əldə edilə biləcəyinə dair ümid var.
Bir sözlə bu o deməkdir ki, döyüşlərə altı həftə müddətinə fasilə verilir, HƏMAS tərəfindən saxlanılan girovlar İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla dəyişdirilir və Qəzzaya humanitar yardım axını artırılır.
Bununla belə, danışıqlar başlayandan bəri uzun-müddətli daimi atəşkəs ehtimalı zəif görünür.