Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
18-05-2024, 12:34
Gürcüstan paytaxtı Tbilisidə parlamentin xarici təsir haqqında qanunu qəbul etməsinə etiraz olaraq on minlərlə insan küçələrə çıxıb. Gürcüstan prezidenti Salome Zurabişvili qanunun qəbul edilməsini Gürcüstanın “qərb yolu”ndan açıq şəkildə dönməsi kimi qiymətləndirərək, bunun ölkənin Avropa İttifaqına üzv olmaq istəyini təhlükə altına salacağını bildirib. Amerikanın Səsinin Tbilisiyə ezam edilmiş jurnalisti Ani Çxikvadze Gürcüstanda davam edən etirazlar barədə məlumat verir.
Amerikanın Səsi: Siz hazırda Tbilisidəsiniz. Parlamentin “xarici agent” adlandırılan qanun layihəsini qəbul etməsindən sonra yüzlərlə etirazçı küçələrə çıxıb. Tbilisidə vəziyyəti təsvir edə bilərsinizmi? Etirazçılar nə tələb edirlər?
Ani Çxikvadze: Burada Tbilisidə etirazlar davam edir. Təxminən 40 gündür ki, Gürcüstanda etirazçılar kütləvi şəkildə küçələrə axışır. Keçən şənbə günü 150-200 min insan küçələrə çıxmışdı. Bu narazılıqlara və aylarla davam edən etirazlara baxmayaraq, Gürcüstan hökuməti mübahisəli “xarici təsir” qanununu qəbul etmək üçün irəliləməyə davam etdi. Bu, maliyyələrinin 20 faizini Qərbdən və ya başqa yerlərdən, əsasən də ABŞ və Avropadan alan şəxslərin xarici maraqları təmsil edən agentlər kimi qeydiyyatdan keçməsini nəzərdə tutur.
Bu qanun insanlar tərəfindən Rusiyada gördüyümüz və Rusiyada tənqidçiləri susdurmaq üçün bir vasitə kimi istifadə olunan qanun layihəsinin təqlidi kimi qəbul edilir. Gürcüstanda küçələrə çıxan etirazçılar bunu Gürcüstanda Rusiya qanunu adlanan qanunun tətbiqi cəhdi kimi qiymətləndirirlər.
Biz Gürcüstan parlamentinin Gürcüstanın Qərb tərəfdaşları olan Vaşinqton və Brüsselin xəbərdarlıqlarına baxmayaraq, qanunu qəbul etdiyinin şahidi olduq. Bu qanuna 84 deputat səs verib. İndi görək bundan sonra nə olacaq.
Birləşmiş Ştatlar dövlət katibinin köməkçisi Cim O’Brayeni Tbilisiyə göndərib. Bununla belə, görünür, Cim O’Brayn gürcü tərəfdaşlarını qanunu geri götürməyə razı sala bilməyib. ABŞ hökumətinin növbəti addımlarının nə olacağını görəcəyik.
Amerikanın Səsi: Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoymaq niyyətində olduğunu bildirərək öz mövqeyini açıq şəkildə ifadə edib. Bununla belə, parlamentin vetonu ləğv edəcəyi gözlənilir. Bu vəziyyət fərqli gedişata səbəb ola bilərmi?
Ani Çxikvadze: Düşünürəm ki, Qərb tərəfdaşları gürcü həmkarlarına bu qanunu beynəlxalq və Qərb prinsiplərinə uyğun olaraq qəbul etmək, dəyişdirmək və ya geri götürmək üçün müəyyən yer qoyublar. Bəli, prezident çox güman ki, qanun layihəsinə veto qoyacaq. Lakin “Gürcü arzusu” parlamentdə prezidentin vetosunu ləğv etmək üçün kifayət qədər səsə malikdir. Sonra nə olacağını görəcəyik, bu, təxminən iki həftə çəkəcək. Gürcüstan hökumətinin mövqeyində hər hansı dəyişiklik olsa, nə baş verəcəyini görə bilərik? Hələ ki, buna işarə edə biləcək heç bir əlamət görmürük.
ABŞ hökuməti, Cim O’Brayn və başqaları Gürcüstana qanun layihəsi qəbul olunsa və qanuna çevrilərsə, Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiq olunacağı və Gürcüstana verilən yardımların geri götürülə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. ABŞ Konqresinin də çox sərt davrandığını görürük. Deyə bilərəm ki, 30-a yaxın konqresmen və 14 senator Gürcüstan hökumətini bu qanun və ya qanunvericiliyi irəli aparmamağa çağıraraq, əks halda ABŞ-ın Gürcüstanla münasibətləri və Tbilisi ilə bağlı siyasətini yenidən nəzərdən keçirə biləcəyini bildirib.
Amerikanın Səsi: İnsanların gözləntiləri nədir? Sizin bundan əvvəl qeyd etdiniz kimi, yeni qanun ölkədə jurnalistlər və QHT-lərə necə təsir edəcək? Onların gözləntiləri nədir?
Ani Çxikvadze: Küçələrdə olan insanlar o vaxtdan bəri hər gün orada dayanmağa söz veriblər. Bildiyiniz kimi, bu həftə etirazlar oldu. Amma biz həm də bir neçə həftə əvvəl hakimiyyətin güc nümayiş etdirmək üçün əks etiraz aksiyası keçirdiyini gördük. Bir çox müşahidəçilərin və yerli müşahidəçilərin qeyd etdiyi kimi, biz regionlardan bir çox yerli administrasiya rəsmilərinin bir çox avtobuslarda Tbilisiyə göndərildiyinin şahidi olduq ki, bu da etirazçıların, müşahidəçilərin və beynəlxalq müşahidəçilərin tənqidinə səbəb olub. Lakin keçən həftədən bəri və nümayişlərin miqyası artdıqca çoxlu sayda həbslərin şahidi olduq. Tbilisidə həmçinin fəallara qarşı zorakılığın şahidi olduq. Amma baş verənlərə baxmayaraq, danışdığımız insanlar, etiraz aksiyalarında iştirak edənlər bu qanun ləğv edilməyənə geri qədər küçələrdə qalacaqlarını deyirlər. Onlar bunu Gürcüstan tarixində ölkənin Qərbə, yoxsa Rusiyaya tərəf yönələcəyini müəyyən edə biləcək mühüm məqam kimi görürlər.