Fransa HIMARS-a alternativ raketləri sınaqdan keçirəcək
11-04-2025, 11:44
Fransa 2026-cı ildə ABŞ istehsalı olan HIMARS sisteminə alternativ kimi nəzərdə tutulan yerli reaktiv yaylım atəşi sistemini (RYAS) sınaqdan keçirməyi planlaşdırır. Bu barədə "Defense News" nəşri məlumat yayıb.
Fransa Silahlı Qüvvələri Silahlanma Baş İdarəsi (Direction générale de l'armement, DGA) bir il ərzində sınaq atışlarının keçirilməsinə imkan verəcək texniki həlləri müəyyənləşdirmək niyyətindədir.
DGA bu məqsədlə "Thales və ArianeGroup" şirkətləri, eləcə də "Safran" və "MBDA" konsorsiumu ilə birlikdə 150 kilometr uzaqlığa malik yeni taktiki kompleksin hazırlanması üzərində çalışır.
Məqalədə qeyd olunur ki, Parisin mövcud "Lance-Roquettes Unitaire" (LRU) sistemini əvəzləmək üçün vaxtı azalır. Fransa ordusunun istifadəsində olan doqquz ədəd LRU qurğusunun istismar müddəti 2027-ci ildə başa çatır.