Suriyada döyüşən azərbaycanlı “əl-Qaidə” komandiri: Azərbaycanda cihad planımız yoxdur…

4-08-2015, 12:35           
Suriyada döyüşən azərbaycanlı “əl-Qaidə” komandiri: Azərbaycanda cihad planımız yoxdur…
Suriyada Bəşər Əsəd rejiminə və şiə yaraqlılara qarşı döyüşən, “əl-Qaidə” şəbəkəsinə bağlı silahlı qrupun komandiri, azərbaycanlı Mahmud Azəri ilk dəfə üzə çıxıb və geniş müsahibə verib.

Virtualaz.org saytı xəbər verir ki, onunla müsahibəni “əl-Qaidə”yə yaxın timeturk.com saytının “Furkan Azəri” ləqəbi ilə fəaliyyət göstərən müxbiri götürüb.
Mahmud Azərinin dəstəsi Suriyanın Hələb, İdlib və Lazkiyə əyalətlərinin bir hissəsinə nəzarət edir. O bildirir ki, Bakıda anadan olub, 30 yaşı var. İqtisad Universitetinin məzunudur. Bir müddət ixtisası üzrə işləyib, ancaq universitetdə oxuduğu illərdən İslama meyl edib.
“İslam dünyasında yaşanan zülmləri yaxından izləyirdim. 2009-cu ildə Əfqanıstandakı müsəlmanlara az da olsa yardım edə bilmək üçün ora getdim. Əfqanıstanda 4 ilə yaxın qaldım. Orada olduğum müddətdə “Taliban” hərəkatı ilə birlikdə idim, əlimdən gələn qədər onlara yardım etməyə çalışdım. Oradakı müsəlmanların idarəetmə işlərinə məsuliyyət daşıyırdım. Əfqanıstan bizə çox şey öyrətdi, məktəb oldu” - Mahmud Azəri deyib.
Azərbaycanlı “əl-Qaidə” komandiri deyir ki, Bəşər Əsəd rejiminin müsəlmanlara necə zülm etdiyinə dözə bilməyərək 2013-cü ildə Suriyaya gedərək döyüşlərə qatılmağı qərara alıb: “Biz Suriyaya gələndən qısa müddət sonra İŞİD fitnəsi meydana çıxdı. Əvvəlcə bu oyunlara qoşulmaq istəmədik, müsəlmanlar arasında fitnə yaradanlardan uzaq durmağa çalışdıq. Ancaq zaman keçdikdə İŞİD daha da qəddarlaşdı, biz də onlara qarşı mövqeyimizi müəyyənləşdirdik”.
Mahmud Azəri deyir ki, Azərbaycan da daxil olmaqla xarici ölkələrdən Suriyaya döyüşməyə gedənlərin əksəriyyəti İŞİD-ə qoşulur. Və bunda İŞİD-in media gücünün, təbliğatının böyük rolu var.
“Doğrudan da Suriyada döyüşən azərbaycanlı deyən kimi çoxlarının ağlına ilk növbədə “təkfirçi” və “İŞİD-çi” gəlir. Lakin bu gün Suriyada Azərbaycandan və dünyanın başqa ölkələrindən olan, İŞİD sıralarına qatılmayan yüzlərlə azərbaycanlı da döyüşür”- o deyib.
Suriyada döyüşən azərbaycanlı cihadçıların geri dönərək Azərbaycanda da terror hücumlarına başlayacağına dair narahatlıqlar var. Bəs Mahmud Azəri və tərəfdarları Azərbaycana dönüb “cihada başlamağı” planlaşdırırmı?
Azərbaycanlı “əl-Qaidə” komandiri bu suala cavab olaraq deyib: “Qətiyyən yox. Belə düşüncəmiz qətiyyən yoxdur. Mən Əfqanıstanda 4 il qaldıqdan sonra Azərbaycana geri döndüm, ətrafımda da xeyli tərəfdarım var idi. Ancaq belə şey etmədik. Bizim Azərbaycanla bağlı düşüncəmiz yalnız İslamı onlara anlatmaq, xalqı İslama dəvət etməkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.