Rubl "ölür"

4-08-2015, 18:26           
Rubl "ölür"
“Rusiya rublu yenidən dollara nisbətən ciddi dəyər itirməkdədir. Bu ilin əvvələrində “özünə gəlməyə” çalışan Şimal qonşumuzun milli valyutası cəmi 6 ay duruş gətirə bildi”.

AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, İranın Qərblə münasibətlərinin istiləşməsi sadəcə dünya bazarını silkələmədi, həmçinin Moskvada havanın dərəcəsini qaldırıb: “Yay mövsümündən əvvəl 1 dollar almaq üçün 48 rubl təklif edildiyi halda indi ruslar 63 rubllarından keçməlidirlər. Son bir ayda 14 faiz dəyər itirən rubl dollar qarşısında son həftə 7 faiz geriləyib. Bütövlükdə, son bir ildə rubl məzənnəsi 55 faizdən çox ucuzlaşıb.Rusiya ölkəmizin qeyri-neft ixracatında əsas ticarət və iqtisadi tərəfdaşımız olduğunu nəzərə alsaq rublun dəyərsizləşməsi bu ölkəyə ixrac potensialımıza təsir göstərməkdədir. Rublun məzənnəsindəki azalmalar artıq 2014-cü ildə Rusiya Azərbaycan ticarət dövriyyəsində özünü göstərdi. Belə ki, ötən ilin yekunlarında iki ölkə arasındakı ticarət dövriyyəsi rəsmi statistikada əvvəlki ildəki 2 milyard 583 milyon dollardan 1 milyard 954 milyon dollaradək azaldı. Bu özünu Rusiyaya ixracatımızda da göstərdi. Şimal qonşumuza 2013- cü ildə 1 milyard 77 milyon dollarlıq mal göndərdiyimiz halda bu göstərici ötən il 640 milyon dollar olub. Digər tərəfdən Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən kursunu da azalmasına gətirib çıxarır. Yəni manat da rubla nisbətən möhkəmlənir. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabiliyyətini məhdudlaşdırır. Faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalaşmasına gətirib çıxarır. Bununla yanaşı, Azərbaycan fermerlərinin istehsal etdiyi tərəvəz məhsullarının Rusiya bazarında müqayisəli üstünlüyə malik olmasını nəzərə alsaq rublun qara günləri hələlik Azərbaycan iqtisadiyyatına hiss edilən təsir göstərməyəcək. Bununla yanaşı, rublun dəyərsizləşməsi Azərbaycanın Rusiyaya ixracatına orta müddətli dövrdə təsir göstərə bilər”.

Ekspert bildirib ki, məzənnənin aşağı düşməsi Azərbaycana göndərilən Rusiya mallarının qiymətlərinə artıq təsir göstərməkdədir:
“Növbəti aylarda biz bunu daha aydın şəkildə görəcəyik. Xüsusən də Rusiya istehsalı olan bəzi tikinti materiallarının qiymətində endirimlərin olacağı istisna edilmir. Rublun məzənnəsi aşağı düşdükdən sonra isə bu ölkədə yaşayan həmyerlilərimizin də biznesində durğunluq müşahidə ediləcək. Bu baxımdan onların Azərbaycanda göndərdikləri vəsaitlərin məbləğində azalma müşahidə ediləcək. Bütövlükdə 2015-cü ildə azərbaycanlıların Rusiyadan göndərdikləri vəsaitin məbləğinin 30 faiz azalacağı proqnozlaşdırılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.