Cahangir Hacıyev bütün sirlərini istintaqda açır

8-12-2015, 12:04           
Cahangir Hacıyev bütün sirlərini istintaqda açır
Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev dekabrın 4-də qandallandı. Bununla da “onu həbs etməyəcəklər” deyənlərin ən son arqumentləri əlindən alındı. Məhkəmə “Beynəlxalq Bank işi”nə görə həbsə alınan digərləri kimi, Cahangir Hacıyevin də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçdi. Əli qandallanan sabiq bankir məhkəmədən Bakı İstintaq Təcridxanasına etap olunub.

Dekabrın 7-də isə məlum olub ki, tutulandan sonra C.Hacıyev daha bir vəzifəsini itirib. Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasına yeni sədr seçiləcək. Bu barədə APA-nın sorğusuna cavab olaraq BFB-dən məlumat verilib. “Bakı Fond Birjasının Müşahidə Şurasının sədrinin seçilməsi birjanın səhmdarlarının ümumi yığıncağının səlahiyyətində olan bir məsələdir. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır” deyə, məlumatda vurğulanıb. Hazırda C.Hacıyevin səlahiyyətlərini Araz Əliyev icra edir.

Gələn məlumatlar onu deməyə əsas verir ki, “Beynəlxalq Bank işi” və onunla əlaqə olan digər işlər üzrə də həbslər olacaq. “Yeni Müsavat”a daxil olan ən son məlumatlara görə, Cahangir Hacıyev ev dustaqlığında olduğu son aylar ərzində istintaqla sıx əməkdaşlıq edib. Bütün əmlaklarının siyahılarını, gizli bank hesablarının nömrələrini, devalvasiyadan bir neçə gün əvvəl həyata keçirilən bank əməliyyatları haqda bütün məlumatları ifadələrinə daxil edib. Onun qudası Eldar Mahmudovun əleyhinə ifadə verdiyi haqda da məlumat var. Digər bir məlumata görə, “MTN işi” üzrə yaradılmış istintaq qrupunda Daxili İşlər Nazirliyinin müstəntiqləri də var. Həmin qrupda olan DİN müstəntiqləri paralel olaraq “Beynəlxalq Bank işi” üzrə də istintaq aparan qrupun üzvüdürlər.

Yəni Eldar Mahmudovun həbsi üçün DİN müstəntiqləri də Baş Prokurorluq qarşısında vəsatət qaldıra, Eldar Mahmudovun qudasının ifadəsi əsasında həbsini tələb edə bilərlər. Bununla belə, oktyabrın 17-də işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun niyə həbs edilməməsi ətrafında müəmmalı vəziyyət davam edir.

Onu tutduğu vəzifədən uzaqlaşdırandan sonra belə xəbərlər yayılmışdı ki, Eldar Mahmudov barəsində ev dustağı qətimkan tədbiri seçilib.

Bu arada sabiq nazirin saxlanılma yeri haqda da məlumat almışıq. Bir neçə gün əvvələ qədər belə məlumat vardı ki, E.Mahmudovu Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarət altında Bakı ətrafındakı dövlət bağlarından birində saxlayırlar. Onu həmin bağ evinə oktyabrın sonunda Badamdardakı dəbdəbəli imarətindən çıxarılaraq yerləşdirildiyi bildirlirdi. Son məlumatlara görə, Eldar Mahmudov həmin bağ evindən növbəti dəfə dindirilməyə aparılarkən ciddi ürək krizi keçirib və MTN-in Bilgəh qəsəbəsində yerləşən sanatoriyasına aparılıb. Onun dindirilib-dindirilmədiyi haqda dəqiq bilgi yoxdur. Amma sabiq nazirin “istintaqla əməkdaşlıq etdiyi” deyilir. Onun və noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasovun dekabrın sonuna qədər həbs olunacaqları xəbəri də var.

Baş Prokurorluğun son məlumatına görə, MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib.

Baş Prokurorluğun açıqladığı siyahıdan sonra mediada ev dustağı edilən şəxsin MTN-in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova olduğu iddia edildi. Amma 19 nəfərlik həbs edilənlər siyahısında N.Mürvətovanın adı var. Bu halda isə ev dustağı edilən şəxsin, “Yeni Müsavat”ın yazdığı kimi, Eldar Mahmudov olması təsdiqlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.