Səfərbərlik nədir, necə elan olunur? - QANUNDAN ÇIXARIŞ
17-07-2020, 11:11
Hərbi xidmətdə olan hər kəsin anket məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində var. Bəs səfərbərlik nədir, necə elan olunur, çağırış necə aparılır, hərbi qulluqçu kimdir, hərbi vəzifə nədir ?
Cebhe.info xəbər verir ki, Milli Hüquq Evinin sədri, hüquqşunas Nicat Gözəlov vəziyyəti qanundan çıxarışlarla izah edib:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndinə əsasən, ümumi və qismən səfərbərliyin elan edilməsi, habelə səfərbərlik üzrə çağırılanları tərxis edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Prezident müharibə elan etsə, fövqəladə və hərbi vəziyyət elan etsə, Milli Məclisə razılıq üçün təqdimat verir.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanun:
1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə;
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu
1.0.2. səfərbərlik - Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.
Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər
Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Maddə 3. Səfərbərlik elan olunması
3.1. Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur.
3.2. Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.
Maddə 8. Vətəndaşların vəzifələri
8.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində vətəndaşlar:
8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər; 8.1.2. müvafiq icra hakimiyyəti orqanlarından aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;
Maddə 14. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması
14.1. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir.
14.2. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.
Hüquqşünas “Hərbi qulluqçuların hüquqi statusu haqqında” Azərbaycan Respublikasının Qanununa da diqqət yeriib.