"5-ci kolon"un ölkəmizdəki ideoloji fəaliyyəti ilə bağlı vacib bir detal - Rusiyanı Azərbaycana necə dəvət edirlər?

24-01-2022, 08:54           
"5-ci kolon"un ölkəmizdəki ideoloji fəaliyyəti ilə bağlı vacib bir detal -
"5-ci kolon"un ölkəmizdəki ideoloji fəaliyyəti ilə bağlı vacib bir detal - Rusiyanı Azərbaycana necə dəvət edirlər?
Son vaxtlar bir sıra siyasətçilər, deputatlar, partiya sədrləri, politoloqlar Azərbaycanla Türkiyə arasında konfederasiyanın yaradılmasının vacibliyindən danışırlar. Bu adamların adlarını bir-bir çəkmək istəmirəm.
Amma əslində onların məqsədi nədir, onu sizlərin diqqətinizə çatdırıram. Diqqət edirsinizsə, onlar Azərbaycanla Türkiyə arasında konfederasiyadan danışarkən tez-tez “5-ci kolon” ifadəsini işlədərək ittihamlar yağdırırlar. Bildirirlər ki, “5-ci kolon” Türkiyə-Azərbaycan birliyinə mane olur.
Əslində isə bu təklifi irəli sürənlərin özləri “5-ci kolon”un piyada və ağılsız üzvləridir. Niyəsiniz izah edim...
Baxaq görək: Azərbaycanla Türkiyə arasında konfederasiyanın yaradılmasını tələb edənlər əsl “5-ci kolon”dur, başqaları... !?
-- Tutaq ki, Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın yaradılması qərara alındı. Bundan sonra nə baş verəcək? Rusiya Azərbaycana təcavüz edəcəkmi? Bəli, edəcək! Bəs bu təklifi irəli sürənlər bunu bilirlərmi? Bir hissəsi bilir, bir hissəsi isə yox. Əslində onlar özləri də bilmədən Rusiyanı Azərbaycana məhz bu şəkildə dəvət edirlər. Gec-gündüz Rusiyanın əleyhinə danışan bu adamların özləri əslində Kremlin ideoloji quluna çevriliblər. Heç şübhəsiz, bu birlik formatı Rusiyanın Azərbaycanla bağlı mənfur planlarının başlanması ilə nəticələnəcək. Deməli, kimin “5-ci kolon”un üzvü olması, Rusiyaya xidmət etməsi bu şəkildə özünün büruzə verir. “Türkiyə sevgisi” libasına bürünüb, əslində isə Rusiyaya xidmət etməmək üçün ayıq olmalıyıq.
Məncə, "İstanbul" müqaviləsini, Osmanlı-Çar Rusiyası və Türkiyə-SSRİ əlaqələrini də izah etməyə ehtiyac yoxdur.
-- Bəs, bizə konfederasiya lazımdırmı? Konfederasiya suverenliklərini qorumaq şərtilə qurulan birlik fotmatıdır. Amma tarixi faktlara əsaslanaraq tam məsuliyyətlə deyirəm ki, konfederasiya sonda federasiya ilə nəticələnir. Yəni, konfederasiyaya üzv kiçik dövlət digər güclü üzv dövlət tərəfindən “udulur”. Yuqoslaviyanın timsalında biz bu birlik formatını tam təhlil edib nəticə hasil edə bilərik. İsveçrə, Almaniya ilə bağlı tarixə nəzər salmaq da bəs edir.
-- Əslində SSRİ dağılandan sonra bölgədə MDB adlı konfederasiya quruldu, Azərbaycan da bu təşkilata üzv oldu. Konfederasiya birlik formatının əsas tələblərindən olan müəyyən maraqlar çərçivəsində birlik formatı reallaşdı. Bu, başqa mövzunun predmetidir.
İndi keçək əsas məsələ....
Türkiyə-Azərbaycan arasında konfederasiya yaradılmasını təklif edənlər belə düşünürlər ki, bu birlik baş tutsa və bir müddət sonra Azərbaycan müharibə aparsa, Türkiyə də bu birlik üzvü kimi müharibədə iştirak edəcək. Əslində isə konfederasiya üzvləri qarşısında belə bir öhdəlik yoxdur. Bu, tamamilə absurd yanaşmadır. Yəni konfederasiya üzvü olan hər bir dövlət müstəqil xarici siyasət qurduğu kimi, təkbaşına müharibə də apara bilər. Qısası, bu, NATO formatı deyil. Səhv salmayın!
Bəs bizə nə lazımdır?
Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü orduya, iqtisadiyyata sahib olmalıdır. Ölkənin daxili və xarici siyasəti tam şəkildə bir-birini tamamlamalı, sərhədlərə tamamilə “bronjilet” geyindirilməli, növbəti 20, 30, 40 ilin strateji planları hazırlanmalıdır. Bütün atılan addımlar şimal qonşumuz Rusiya, cənub qonşumuz İranla bağlı risklər nəzərə alınaraq, “Dəmir gümbəz” konsepsiyası adı altında da hazırlana bilər.
Tutaq ki, 5 il sonra Qərb İranı param-parça etdi. Belə bir situasiyada bizim addımlarımız nələrdən ibarət olmalıdır? Bütün bunların strateji əhəmyyəti indidən ölçülüb-biçilməlidir.
Yaxud gələcəkdə Rusiyanı gözləyən böyük bir müharibənin nəticələri ilə bağlı nələr düşünürük.
Ən əsası, Ermənistanı güclənməyə qoymamalıyıq. İşğalçı dövlətin gələcək hərəkət trayektoriyası, nəfəsliyi bizim əlimizdə olmalıdır. Ermənilərin gələcəkdə gözlənilən növbəti işğalçı addımlarını indidən bloklamağı bacarmalıyıq.
Bir həqiqəti də anlamalıyıq ki, hər bir dövlət öz milli maraqlarına oynayır. Türkiyə onsuz da bizim qardaş ölkədir, istənilən situasiyada Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə ən azı siyasi-hərbi dəstək verməyi özünə borc biləcəkdir. Əlavə hoqqa çıxarıb vaxt aparmağa ehtiyac yoxdur. Ortada "Şuşa Bəyannaməsi" də var.
Konfederasiya müstəqilliyin itirilməsi anlamına gəlmir. Amma Azərbaycan istənilən şəkildə öz müstəqilliyini qorumalı, möhkəmləndirməlidir.
Müəllif: Samir Feyruzov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.