“İndi biz neyləyəcəyik?” Qeydiyyatdan qəfil çıxarılan vətəndaşlar təşviş içindədir

4-02-2022, 08:46           
“İndi biz neyləyəcəyik?”
Bir neçə gündür ki, polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatlı ləğv edilib. Bununla da minlərlə şəxs “havada qalıb” və onlar çətinliklərlə qarşılaşırlar.

“İcbari tibbi sığorta haqqında yeni məlumat almışam. Bunu biləndən sonra xəstəxanaya yollandım. Həkim müayinəsinə qəbul olmaq üçün şəxsiyyət vəsiqəmi istədilər. Sonra dedilər ki, sənəd tapılmır, heç nə çıxmır. Nə olduğunu başa düşmədim. Kor-peşman evə qayıtdım”.

Bu sözləri PressKlub.az-a açıqlamasında Bakı sakini Günel Abdullayeva deyib. O, bildirib ki, evə gəldikdən sonra məsələni aydınlaşdırıb və bəlli olub ki, qeydiyyatı ləğv edilib:

“Həyət evimiz var. Sənədsizdir. Buna görə də polis idarəsində qeydiyyatda idik. Bir dəfə maraqlandıq, 10 min manata yaxın pul istədilər. Ona görə də qərara gəldik ki, dövləti gözləyək. İllərdir, deyirlər problem həll olunacaq. Polis idarəsinə də yaxınlaşdım, dəqiq bir söz demədilər. İndi biz nə etməliyik? Haradan ev tapaq ki, qeydiyyata düşək?”

Bakı sakini Osman Əliyev mövcud problemlə qarşılaşdığı üçün vəsiqəsini dəyişdirə bilmədiyini qeyd edir:

“Yeni işə düzəlirdim. Vəsiqəmin vaxtı keçmişdi, yeniləməli oldum. “ASAN xidmət”ə getdim, dedilər qeydiyyatınız yoxdur, dəyişə bilməyəcəyik. Orada mənim kimi nə qədər adam var idi. İşçi də dedi ki, şikayət edənlər, gələnlər çoxdur, amma qurum buna görə nəsə edə bilməz.

Ən azından qeydiyyatımızın ləğvi ilə bağlı bizə məlumat verilə bilərdi. Onda tədbirimizi də görərdik”.

***

Qeydiyyatları ləğv olunan və “havada qalan” vətəndaşlar indi hansı addımları atmalıdır? Nə üçün onların qeydiyyatı ləğv edilib?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov PressKlub.az-a deyib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq, faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün vacib hüquqi prosedurdur:

“2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Hazırki araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib”.

E.Zahidov əlavə edib ki, buna görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir:

“Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır. Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o, polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq, olduğu yer üzrə qeydiyyata alınır”.

Bəs, qeydiyyata düşəcəyi yeri olmayanlar neyləsin?

Bu sualı cavablayan DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev PressKlub.az-a bildirib ki, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib, yaşadıqları ünvanı bildirməlidirlər: “Bu halda onların qeydiyyat məsələsinə təkrar baxıla bilər”.

***

Mövcud problem eyni zamanda sənədsiz evlər məsələsini yenidən gündəmə gətirir. Çünki qeydiyyatı polis idarələrinə olan şəxslərin əksəriyyəti sənədsiz evlərdə yaşayanlardır. Nə üçün hələ də onların evlərinə çıxarışlar verilə bilmir? Nə üçün evləri ola-ola evsiz sayılırlar?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev PressKlub.az-a açıqlamasında bildirib ki, bu gün Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışsız fərdi həyət evləri və çoxmərtəbəli yeni tikili yaşayış binaları var. Onların çıxarışları olmadığı üçün vətəndaşlar da qeydiyyata düşə bilmirlər:

“İstənilən vətəndaşın mütləq şəkildə qeydiyyatı olmalıdır. Hətta xarici vətəndaşlar belə gəlib ölkədə təhsil alanda ya təhsil müəssisəsinə, ya yataqxanaya ya da ki, kirayə qaldıqları evlərdə müvəqqəti qeydiyyata alınırlar. Əsgərlər belə xidmətə getdikləri zaman yaşadığı evdən qeydiyyatdan çıxırlar və hərbi hissəyə yazılırlar. Bu məsələ qanunvericilikdə ona görə vacibdir ki, vətəndaşlara həmişə əlçatımlılıq olsun. Çünki hər hansısa dövlət qurumundan və ya bir yerdən məktub gələrsə, ona çatmalıdır”.

Ekspert qeyd edib ki, sənədsiz evlərdə yaşayanların çoxu əvvəllər polis idarələrində və ya yaxınlarının evlərində qeydiyyatda olublar:

“Vətəndaşlar buna məcbur olublar. İndi isə onların xəbərləri olmadan qeydiyyatdan çıxıblar. Ancaq başqa yerə qeydiyyatı mümkün olanları çıxarmaq lazım idi. İndi yüzlərlə şəxs dövlət xidmətlərindən istifadə edə bilmirlər. Onların şəxsiyyət vəsiqələri, eləcə də bir çox sənədləri etibarsız hesab edilir. Bu isə ciddi problemlərə səbəb ola bilər.

Qeydiyyatın ləğvindən qabaq sənədsiz evlərin sənədləşdirilməsinə başlanılmalı idi. Ən azından onların qeydiyyatı aparıla bilərdi. Qeydiyyat və çıxarış isə fərqlidir. Bu cür addımın sonrası düşünülməli idi. İndi statistika aparanda qeydiyyatsız olanlarla iş necə aparılacaq? Həmin şəxslərin hərbi xidmətləri necə olacaq? Bir çox məsələlərə mütləq aydınlıq gətirilməlidir”.

E.Fərzəliyev əlavə edib ki, vətəndaşların üzərində ev tikdiyi torpaqlar müvafiq qurumların onlara verdikləri torpaq sahələridir:

“Bu, bələdiyyələr tərəfindən sərəncamla verilmiş pay torpaqları, yaxud icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlardır. İndi torpaqların üzərində inşa olunmuş torpaqlara sənədin verilə bilməməsinin bir əsas səbəbi ondan ibarətdir ki, evlərin altındakı torpaqların təyinatı yaşayış təyinatlı deyil. O torpaqlar əkin təyinatlı və yaxud maldarlıq məqsədilə istifadə edilə bilər. Torpaqların üzərindəki evlərin sənədləşməsi üçün ilk növbədə o torpaqlar həmin qurumların balansından çıxardılaraq, təyinatı dəyişdirilməlidir. Bundan sonra onun üzərindəki evə sənəd verilə bilər. Hazırkı vəziyyətdə isə mülkiyyət bir şəxsin, torpaq başqa təşkilatındır. Bununla bağlı tapşırıqlar verilsə də, proseslər ürəkaçan deyil. Həmçinin bu gün də yeni sənədsiz evlər inşa olunmaqdadır”.

***

Xatırladaq ki, yerli mediada yayılan məlumata görə, Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, evlərin sənədləşdirilməsinə müvafiq qanunvericilik aktı qəbul edildikdə başlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.