Seçki kodları, və ya böyük “boykot koalisiyası”
10-04-2023, 08:14

Məmləkətdə siyasətə, siyasi proseslərə ən böyük ziyan vuran oturuşmuş fikir odur ki, seçki boş şeydi, seçki ilə heç nəyə nail olmaq olmaz, seçki institutunun heç bir önəmi yoxdur. “YAP-Cəbhə boykot koalisiyası” illərdir ki, bu fikri beyinlərə birgə yeritməklə məşğuldurlar, hərəsinin öz maraqları var, iddia etmirəm ki, danışaraq, anlaşaraq davranırlar, amma məhz bu məsələdə sinxron davranışları aydın görünür.
YAP-ın marağı aydındır – seçkiləri partiya olaraq udmaq şansları çox az olduğu üçün əsas hədəfləri həmişə seçki aktivliyinin aşağı salınması yolu ilə manevr imkanlarının artırılması olub. Yəni, seçkilərə nə qədər az vətəndaş gəlirsə, bir o qədər çox bülleten boş qalır, sonra həmin seçici bülletenlərini istədikləri kimi istifadə edə bilirlər - sırf riyazı hesablamalar bu bəsit marağı yaradır.
TEREF.AZ yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq dediyini şərh edərək yazır:
“Cəbhə” qanadı isə (aydınlıq gətirim – bu partiya mənsubiyyəti, konkret partiya anlayışı deyil, düşüncə tərzi, eyni şineldən çıxan adamların dünya görüşünün adıdır, yəni daha geniş anlayışdır, heç bir partiya üzvü olmayan, amma bu yanaşma ilə kodlaşdırılan insanlar da var) seçkilərə inamı məhv etməklə, hər dəfə seçki institutunun mənasız olduğunu qabartmaqla YAP-ın “çörəyinə yağ sürtürdü”. Seçkinin neqativ simvollarını məhz “Cəbhə” qanadı yayırdı – bir tək “Əfruz obrazı” qədər seçki anlayışına ziyan vuran neqativ hekayə çətin tapılar. Bu qanadın marağı isə odur ki, seçki yolu ilə qalib gəlmək şansları az da olsa var, amma hakimiyyətə gəlib nə edəcəklərini bilmirlər, plan-proqram və “vizion” problemləri var, ona görə də, siyasi varolma yolunu məhz “radikallıqda” görürlər – nə hakimiyyətlə, nə də yeni cərəyan siyasi təşkilatlarla elmi-siyasi-iqtisadi diskussiya aparacaq potensialları yoxdur, ən güclü yerləri kəskin ritorika ilə öz azsaylı, amma “sümükləşmiş” çevrələrini ayaqda tutmaqdır.
Yəni, 30 ilə yaxındır ki, bu sistemdə öz oynadıqları roldan, tutduqları mövqedən məmnundurlar, dəyişmək istəmirlər, çünki dəyişəcək sistemdə onların böyük əksəriyyətinin siyasi səhnədə olması mümkün deyil – həm YAP, həm də “Cəbhə” üçün demokratiya siyasi olaraq “məhvolma” fərmanlarına çevrilə bilər, hər iki qanadın demokratik anlayışları eynidir, hər iki qanad avtoritar və dözümsüzdürlər, hər iki qanadın siyasi-iqtisadi çözümlər “istehsal” etmək potensialı yoxa yaxındır.
Gəlin indi məsələyə elmi-riyazı yanaşaq: Son açıqlanan rəqəmlərə görə ölkədə 6,4 mln. seçici var. Hər seçkilərdə çap olunan bülleten sayı seçici sayından çox ola bilməz, və olmur da – yəni, ən bəsit yanaşma ilə götürsək, 80% seçici seçkilərə gəlsə hakimiyyətin əlində saxtalaşdırmaq üçün 20% bülleten qalır. Tamam, indi deyəcəksiz ki, bəs protokollar, Məntəqə və dairə seçki komissiyalarında protokolların saxtalaşdırılması?! Yaxşı sualdır, amma prosesin içində olmayanları çaşdırmaq, boykotu “legitimləşdirmək” üçün düşünülmüş bəhanələrdir.
2020-ci il son Parlament seçkilərində mənim namizəd olduğum 12-ci dairədə nisbətən doğru-düzgün müşahidə sistemi qura bildik – bir tək ordu və türmələrdə olan məntəqələrdən başqa, ora buraxmadılar (və məhz o məntəqələrdəki nəticələrə görə də “googlenin” belə tanımadığı şəxs deputat oldu). Müşahidəni normal qura bildiyimiz məntəqələrdə pozuntuları dəqiq protokollaşdırdığımız görə MSK məcbur qalıb 11 məntəqənin nəticələrini ləğv etdi (bu indiyədən seçkilərdə ən çox məntəqə ləğv edilən hadisələrdən biridir). Bir neçə məntəqədə qalib olduğum protokolları da ala bildik – amma ən böyük probelem bilirsiz nə isi?! Bəli, “boykot koalisiyasının” son illərdə yaratdığı alqı – insanlar gəlmədilər seçkiyə, mənim dairəmdə maksimum 10-12% aktivlik var idi, yəni seçkiləri “boykot koalisiyası” uddu, biz isə uduzduq.
Bu mövzuda indi yazmağımın əsas səbəbi odur ki, yaxın 2 ildə, 4 seçki sürəci olacaq (1 referendum, Prezident, Parlament və Bələdiyyə seçkiləri) – vaxt çox azdır, ilk növbədə görməli olduğumuz iş cəmiyyətdə, vətəndaşlarda seçki institutuna inamın bərpa edilməsidir, bu olmasa heç nəyin mənası qalmayacaq. Çox istərdim ki, “Cəbhə” qanadı da bunu anlasın, zatən o qanadın bəzi nümayəndələri çox qışqırsalar da sonda hakimiyyətin zallarında iclas keçirməyə məcbur qalırlar, yəni, danışılmış radikallıq işləmir artıq, məmləkətdə dəyişikliklərin açarı seçkiyə inamın bərpasından, vətəndaşların seçki iştirakçılığının azı 70-75%-ə qədər artırılmasından keçir. Əvvəl səs verməyi vacib sayan, sonra səsini də qorumağı bacaracaq, əsl vətəndaş mövqeyi formalaşacaq...
Natiq Cəfərli
Teref.az