Jurnalistlər Sənan Abdullayev (Həsənoğlu) və İlqar Atabəy niuyə şərti cəza ilə buraxılmırlar?- Həqiqətəndə...
10-04-2023, 10:09

Dostlar, üçüncü dəfədir müxtəlif KİV-lərdə çalışmış Sənan Abdullayevin (Həsənoğlu) və İlqar Atabəyin ailə üzvləri şəxsən mənə müraciət edərək onların həbsdən azad olunmasına kömək etməyimi xahiş edirlər. Bu gün isə Sənan Abdullayevin həyat yoldaşı həyəcanlı danışdı. Dedi ki, Sənanın səhhətində olduqca kritik vəziyyətin olmasına baxmayaraq onu səbəbi bilinmədən 6 saylı kalondan İstintaq Təcridxanasına qaytarıblar və s.
Düzü istirahət günü olduğundan aidiyyəti qurumlardan səbəb öyrənə bilmədik. Lakin buna çalışırıq.
Yeri gəlmişkən, Sənan Abdullayev bir neçə dəfə mənə zəng edib, baş verənlərdən ciddi nəticə çıxardığını, şikayətçilərlə də barışıq ərizəsi alındığını bildirib. Lakin məsələ hələ də narahat müstəvidə qalır, ən azından məhkəmə işə baxıb yeni qərar qəbul edə, xəstəliyini, ailə vəziyyətini, peşimançılığını və s. nəzərə alaraq Sənan Abdullayevi (eləcə də İlqar Atabəylini) şərti cəza ilə buraxa bilər.
Təbii ki, Azərbaycan Prezidentindən əfv olunmalarını xahiş edən jurnalistlərin vəziyyəti hüquqi baxımdan bəllidir. Onların vəkillərinin də verdiyi məlumata görə hər ikisindən şikayətçilər barışığa gedərək şikayətlərini geri götürüblər.
İnsanlıq və humanizim naminə onu deyə bilərəm ki, həyatda heç kim səhvlərdən sığortalanmayıb. Yalnız ölülər səhv etmir! Bu fəlsəfəni rəhbər tutaraq köməksiz vəziyyətdə olan bu jurnalistlərin əməlində günahsızlıq axtarmadan, düşünürəm ki, onların əfv olunması üçün Azərbaycan Prezidentindən xahiş etmək üçün məqamdır. Özü də bu müqəddəs Ramazan ayında.
Sənan Həsənoğlu (Abdullayev) xeyli müddətdir jurnalist fəailiyyəti ilə məşğul olub. Peşəkarlığını və s. qoyuram bir kənara, mübahisələndirməyək. Amma faktdır ki, bu adam 20 ilə yaxın “AZTV”, “SPACE” və “ATV” televiziyalarında, həmçinin Qarabağ bölgəsində bölgə muxbiri vəzifəsində çalışıb. 2016-cı ilin “Aprel döyüşləri” zamanı Sənan Həsənoğlunun fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi qiymətləndirilib. 2021-ci ildə “Xəbər kanalı” adlı internet televiziyası yaradıb və s. Təəssüflər olsun, elə bu kanal da onu kalona-həbsxanaya aparıb, Elə problem də bundan sonra yaranıb. Goranboy Rayon İcra Hakimiyyəti Aparatında çalışan bəzi vəzifə sahiblərinin şikayəti əsasında həbs olunub.
Hesab edirəm, bu Ramazan günlərində onların əfv olunması, bağışlanması Allaha da xoş gedər.
İstəkli şikayətçilər, müraciətim Sizlərədir: iraq olsun, ortada qan düşmənçiliyi yox, prinsipial problem yox... Əfv etmək, bağışlamaq Allahın buyurduqlarındandır! Gəlin bağışlayan olaq...
Asif Mərzili