İslam və terror: "Bu, özbaşınalıq və amansızlıqdır, rəhmsizlik və fitnədir" - İlahiyyat üzrə Fəlsəfə doktoru danışır...
10-04-2023, 10:46

İnsanları daim xeyirxah əməllərə, sevgiyə və həyata səsləyən bir dinin terrorla nə əlaqəsi ola bilər ki? Terror xəyanətdir, hiylədir, ölümdür, qəddarlıqdır, vəhşət və qorxu yaymaqdır, namərdlikdir. İslam dini bu çirkinliklərlə mübarizə aparmaq üçün gəlməyibmi? Peyğəmbərimizin və Quran-i Kərimin Allah tərəfindən göndərilməsinin əsas hədəfi hərc-mərcliyin, qəddarlığın, zorakılıq və qan tökülməsinin qarşısını almaq deyildimi? Məhz islam dininə iman gətirən şəxslərin ali ülvi dəyərlərə sadiq qalaraq bu kimi çirkin əməllərdən çəkinməsi tələb olunmurdumu?
TEREF.AZ bildirir ki, ilahiyyat üzrə Fəlsəfə elmlər doktoru PhD. Əfzələddin Rəhimli Bizimyol.info xəbər portalı ilə İslam dini və terror anlayışları ilə bağlı öz düşüncələrini bölüşüb.
- İslam həyat dinidir. O insanlara gözəl həyatla müjdələyir. Bu pak həyat bütün çirkinliklərdən və pisliklərdən təmizdir. Bu Qurani-Kərimdə “həyatun təyyibə” - “pak həyat” adlanır. Müqəddəs kitabımızda oxuyuruq: “Mömin olub yaxşı işlər görən kişi və qadına dünyada və axirətdə xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” (Nəhl, 97) Deməli pak həyat yaxşılıqlar və gözəl əməllərlə mümkündür.
Dinimizə görə, insan canı xüsusi əhəmiyyət daşıdığı və qorunduğu üçün ona zərər yetirmək olmaz. Qurani-Kərimdə oxuyuruq: “Allahın (qətlini) haram buyurduğu cana qıymayın.” (Ənam, 151) Terror isə məhkəməsiz, mühakiməsiz, qanunlara zidd şəkildə bir şəxsə, yaxud şəxslərə zərər verməkdir. Terror özbaşınalıq və amansızlıqdır, rəhmsizlik və fitnədir. Əmniyyətin məhv edilməsidir. İnsanların qorxu və təhdid ilə yaşamasıdır.
Qurani-Kərimdə terror yer üzündə fitnə-fəsad nümunəsi kimi sərt tənqid olunur: “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (Bəqərə, 60)
Həzrət Məhəmməd (s) buyurur: “İman terrorun qarşısını almışdır.” (Biharül-ənvar, Məclisi, c. 44, səh. 344; Elamul-vəra, Fəzl ibn Həsən Təbərsi, səh. 225) Bu o deməkdir ki, iman ilə terror ziddiyyət daşıyır. “Nihayə” kitabında bu hədisin izahında yazılır: “Yəni imanlı şəxs terror etməz. Sanki iman bir şəxsin əl-qolunu bağlayıb və o heç bir formada terrora əl ata bilmir.” (Nihayə, İbn Əsir, c. 4, səh. 130)
Hz. Əli (ə) buyurur: “Qarşı tərəf döyüşü başlamadan, ilk savaşı siz başlatmayın. Qaçanları öldürməyin, yaralıları təqib etməyin. Ləyaqətini alçaltmayın. Müslə etməyin. Evlərinə zorakılıqla daxil olmayın. Qadınlarına hücum etməyin. Söyüş söyməyin.” (Təzkirətül-xəvas, İbn Cövzi, səhş 89)
- Belə bir hümanist ideyalar və göstərişlərə malik mənəvi rəhbərləri olan isalam dinini terror ilə əlaqələndirmək sadəlövhlük, yaxud məlumatsızlıq deyilmi?
- Tarixçilər yazır ki, Hz. Hüseynin elçisi Müslüm ibn Əqil, İbn Ziyadın təqibindən yayınmaq üçün Haninin evində gizlənmişdi. Bu zaman İbn Abdullah da onun evində ağır xəstə idi. İbn Ziyad onu yoluxmaq bəhanəsilə Haninin evinə gəldi. Bu zaman Müslüm pərdənin arxasında gizlənmişdi. İbn Abdullah Müslümə işarə edərək arxadan çıxıb İbn Ziyadı öldürməsini söylədi. Amma Müslüm onu arxadan vurub öldürmədi. İbn Ziyad getdikdən sonra səbəbini soruşdurda isə belə dedi: Hz. Peyğəmbər buyurmuşdur: “İslam hiylə ilə qətl etməyi (terroru) qadağan etmişdir.” (“Əl Kafi”, Koleyni, c. 7, səh. 375)
Bu, bir halda baş verirdi ki, Müslümün onu qətlə yetirməsi vəziyyəti tam şəkildə Hz. Hüseynin lehinə çevirəcəkdi. İbn Ziyadın orada öldürülməsi, Kərbəla hadisəsinin olmayacağı anlamına gəlirdi. Amma bununla belə islam dinin terrorizmlə tam ziddiyət daşıdığı və ona heç bir halda haqq qazandırmadığı üçün Müslüm bu addımı atmadı.
İslam tarixində çox maraqlı başqa bir fakt da mövcuddur. İbn Abdullah Səcistani, Fəzl Bəqbaqdan xahiş edir ki, onun Hz. Cəfər Sadiqlə görüşünü təşkil etsin. Amma Hz. Cəfər Sadiq bu istəyi rədd edir. Səbəbini soruşduqda isə buyurur: “Bu onun etdiyi günahlara görədir.” Fəzl qəmgin şəkildə deyir: Onu qəbul etməməniz bir az sərt olmadımı?” Hz. Cəfər Sadiq buyurur: “Onun çəkdiyi qılıncdan sərtmi oldu?”
Nəcaşi yazır ki, bu sözlə Hz. Sadiq öz zamanında Səcistaninin Hz. Əlinin qatı düşmənləri olan xəvariclərrin (xaricilərin) bir neçəsini terror edərək öldürməsinə öz etirazını bildirmişdi. (Mocəmu ricalil-hədis, Musəvi əl-Xoyi, c. 5, səh. 224)
Əbu Səbbah Kənani, Hz. Cəfər Sadiqə məktubda belə yazır: “Həmədanlı bir qonşum Hz. Əlini söyür, onu terror edimmi?” Hz. Cəfər Sadiq cavabında yazır: “İslam terroru qadağan edib, onunla işin olmasın...” (Biharül-ənvar, Məclisi, c. 47, səh. 137; Təhzibül-əhkam, Tusi, c. 10, səh. 214)
Bir nəfər Hz. Cəfər Sadiqdən soruşur: “Nasibiyə (Hz. Əli düşməninə) sui-qəsd edib öldürə bilərəmmi?” Hz. Sadiq cavabında yazır:
“Kimsəyə xəyanət etmə, hətta Hz. Hüseynin qatili belə olsa.” (Qəribul-hədis, Əbu Übeyd, c. 3, səh. 301) Çünki əslində terror xəyanətdir, gözləniməz halda və vəziyyətdə qarşı tərəfə hücumdur, ona qəsd etməkdir.
Çox düşündürücüdür ki, Hz. Məhəmmədtəqi Cavad buyurur: “Terrordan uzaq durun! İslam terroru zəncirləyib... Sui-qəsddən çəkinin.” (Rical əl-Kəşşi, Məhəmməd ibn Ömər, səh. 529)
Ümumiyyətlə, dinimiz yaxşılıq, səbir, güzəşt və mərhəmət ideyalarınin ilahi təcəllasıdır. Din həyat tərzi olaraq bununla insanların yaşayışını tənzimləyir. İlahi yaşamaq da elə budur. Belə ki, Müqəddəs kitabımızda buyurulur: “Yer üzü (əmin-amanlıqla) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (Əraf, 56) Burada əmin-amanlığı pozmağın böyük bir günah olması və fəsadla mübarizə əks etdirilir. Bunun üçün Allahdan qorxmaqla fitnə-fəsaddan uzaq durmaq və onun nümunələrindən biri olan terrordan çəkinmək tələb edilir. Əmin-amanlığın ümid və həyat eşqi bəxş etdiyi vurğulanır. Yaxşılıq və xeyirxahlıq sayəsində cəmiyyətdə insanlar arasında ilahi mərhəməyin hakim olmasına diqqət çəkir. Bunlar təkcə axirətdə faydalı olacaq savab prensipli mükafatlar deyil, real həyatda üzləşəcəyimiz və yaşayacağımız həqiqətlərdir. Allah-taala bu dünyada onun nəticələrinin nə olacağını bizə anladır.
Deməli, islam tarixinə nəzər saldıqda islam dininin, Qurani-Kərimin və din rəhbərlərinin terrora qarşı olduqları aydın şəkildə görülür. Buna görə də, terroru islam dininə əlaqələndirmək tam yanlış bir baxış tərzidir. Onun heç bir halda bəhanəsi yoxdur.