"Azərbaycanda bir kərə qalxan qiymət, bir daha enmir" - Köməyimizə "ət aromalı" ədviyyatlar gələ bilər

10-04-2023, 16:09           
"Azərbaycanda bir kərə qalxan qiymət, bir daha enmir" -
Ətin qiymətində bahalaşmanın olacağı artıq təsərrüfat ekspertləri tərəfindən dilə gətirilir. Sonuncu qiymət artımınn üzərindən elə də çox vaxt ötməsə də, ölkədə digər məhsulların qiyməti kimi ətin də qiyməti fantastik şəkildə yüksəlməyə, əlçatanlıqdan uzaqlaşmağa davam edir. Ekspertlərin fikrincə, ətin qiyməti 20 manatadək bahalaşa bilər. Ətin qiymətinin onsuz da baha olması, orta statistika ilə normal bir azərbaycanlı ailənin bir aydan bir ət tükətməsi demək idi. İndi ətin qiyməti əgər 20 manat olarsa,bu, “əti unudun, suyu ilə başınızı qatın” deməkdən başqa bir məna ifadə etməyəcək. Beləliklə köməyimizə "ət aromalı" ədviyyatlar gələ bilər...
TEREF.AZ bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov ətin qiymətinin qalxması və buna səbəb olan amillər barədə Bizimyol.info xəbər portalına danışıb. Ekspertin sözlərinə görə, ölkədə qiymət artımına aparan yetərincə ciddi səbəblər var və bu problemlərin aradan qaldırılmasında hökumətə ciddi vəzifələr düşür:

“Ətin qiymətinin qalxması gözləniləndir. Çünki ölkədə buna tələbat mövcuddur. Baxmayaraq ki, ümumdünya göstəricisindən təqribən 50% daha az ət tükədirik, lakin bununla belə ətə olan tələbat hələ də mövcuddur. Təəssüf ki, Azərbaycanda bir kərə qalxan qiymət, bir daha enmir. Bu tendensiya bir neçə müddət davam edəcəkdir və bunun bir neçə səbəbi var. Həmin səbəblərdən biri yemin bahalaşması məsələsidir. İkincisi, fərdi təsərrüfatlarda heyvanların azalması məsələsidir. Son 10 ildə heyvandarlıq təsərrüfatları böyük fermalarda cəmləşir. Həmin təsərrüfatlar ox asanlıqla qiymət təyin edə bilirlər, yəni kartel sövdələşmələrinə gələ bilirlər. Heyvandarlıq təsərrüfatlarının təmərküzləşməsi, böyük heyvandarlıq fermalarının yaradılması və ayrı-ayrı adamların, xüsusən də məmurların əlində birləşməsi qiymətlərin kartel sövdələşməsi ilə meydana çıxmasına yol aça bilir.

Başqa səbəblərdən biri də fərdi təsərrüfatlardan bazara çıxarılan heyvanların birbaşa alıcıya satılmasına maneə törədən yeni bir bazar subyektinin mövcudluğudur. Bu isə alverçilərdir və demək olar ki, “Azad İstehlakçılar Birliyi”nin rayon şöbələrinə gələn məlumatlara görə, həmin alverçilərin vasitəçiliyi olmadan heç kəs heç bir heyvan sata bilmir. Həmin alverçilər bu vasitəçilikdən kar əldə edirlər və bu da ət qiymətinin artmasına səbəb olan amillərdən biridir. Digər bir məsələ, son altı il ərzində suvarılan otlaq torpaqların getdikcə pambıqçılıq üçün istifadə olunması və heyvandarlığın azalması məsələsidir. Təbii ki, başqa bir problem də insanların heyvandarlıqla məşğul olmaqdan uzaqlaşması, iş yerləri axtarmaq üçün şəhərlərə axın etməsi və sair. Heyvandarlığın mövcudluğu üçün lazım olan suvarma sisteminə əlçatanlığın azalması məsələsi də həmin qiymət artımını yaradan əsas problemlərdən biridir. Qeyd etdiyim kimi, böyük təsərrüfatların suvarma sistemlərinə əlçatanlığı yaxşıdır və onlar elə bir şərait yaradıblar ki, fərdi təsərrüfatlar heyvandarlıq üçün bu əlçatanlığa nail ola bilmirlər. Bütün bu amillər bazarda qiymət artımına gətirib çıxarır. Hazırda quzu əti 17-18 manat civarındadır və onu da qeyd edək ki, bəzən müasir supermarketlərdə mal ətinin küçə kəsimindən və yaxud da bazardakı qiymətindən aşağı olduğu müşahidə olunur. Bu, istehlakçıları çaşdırmasın və bilməliyik ki həmin ətlər yaşlanmış heyvanlara məxsusdur. Xeyli yaşlanmış heyvan ətlərinin kiloqramı 4-5 manat civarında da ola bilər. Əksər hallarda həmin məmulatlar kolbasa-sosiska sexlərinə gedir, bəzən də dediyim kimi, marketlərə gətirilərək satılır. Bir daha təkrar edirəm ki, o məhsulların qiymətinin aşağı olmasına istehlakçılar aldanmasınlar və bunu həmin mağazanın alıcılarına “jest siyasəti” kimi dəyərləndirməsinlər. Həmin məhsullar yaşlanmış heyvan əti olduğu üçün qiyməti ucuz olur.

Ancaq hal-hazırda Azərbaycanda ətin bu qiymətdə olması Avropa ölkələri ilə də eynilik təşkil edir. Üstəlik, illər boyu Ukraynadan, Rusiyadan Azərbaycana gətirilən heyvanların daha sonra sərhədlərin qapalı olması səbəbindən gətirilməməsi də qiymətlərə təsirsiz ötüşməyib. Bu tendensiya davam edəcəkdir və bəli, ətin qiyməti 20 manata qalxa bilər. Hökumətin əlbəttə ki, qiymət siyasətinə müdaxiləsi ola bilməz. Çünki müdaxilə ilə müsbət nəticə əldə edə bilməyəcəklər. Burada hökumətin vəzifəsi yuxarıda qeyd etdiyim problem yaradan amillərin aradan qaldırılması üçün çalışması ola bilər. Hökumətin aparacağı effektiv işlərdən biri kəndlilərin kooperativlərdə birləşməsi ola bilər. Baxmayaraq ki, bununla bağlı illərdir qanun da qəbul olunub, ancaq praktikada yoxdur. Kəndlilər kooperasiyalarda birləşib, suvarma sistemlərinə əlçatanlığı təmin edə bilərlər və dövlət də buna dəstək verə bilər. Beləliklə ətin qiymətində ucuzlaşma müşahidə edə bilərlər. Əlbəttə, bazarın fermer təsərrüfatından istehlakçının masasına qədər ətin gəlib çıxmasında bazarın mühüm subyektlərindən biri olan və kortəbii şəkildə yaradılmış “alverçilər qurumu”nun qarşısının alınması da mümkün olan bir şey deyil. Bizə gəlib çatan məlumata görə, əgər fərdi təsərrüfat sahibi rayonlarda bazara heyvan çıxararsa, ordakı alverçi elə bir şərait yaradar ki, o heyvanı həmin bazarda heç kəs ala bilməz. Deyər ki, “xəstədir”, ya da başqa mincür bəhanə gətirib, satışa mane ola bilər. Belə olan təqdirdə kəndli məcbur qalır ki, öz heyvanını həmin alverçi vasitəsilə satsın”,– deyə, ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru