Əli Həsənov yazılanlara BELƏ REAKSİYA VERDİ - "Bu dəfə məhkəmə qaçılmazdır…"
10-04-2023, 16:36

"Təəssüf, çox təəssüf!" DİA.AZ bildirir ki, bunu bu gün bəzi KİV-lərdə oğlu barəsində yer almış iddialara reaksiya verən Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov bildirib.
"Azərbaycan cəmiyyətində “yalan xəbərlər makinası” kimi ad-san çıxarmış “Demokrat” adlı sayt bu gün ailəm haqqında- oğlum Şamxal Həsənli ilə bağlı özünün növbəti çirkin şaiyəsini uydurmuş və “vacib xəbər” bölümündə yaymışdır… Həmin çirkin materialı həmişə olduğu kimi, dərhal eyni xislətli “xəbər saytları” da tirajlamışlar…" deyən PA-nın sabiq şöbə müdiri daha sonra qeud edib:
"Qəribədir, çoxuna maliyyə yardımı ayırdığı və dövlət reyestrindən keçirdiyi bu saytların belə uydurma məlumatlarını MEDİA monitorinq etmirmi? Azərbaycan vətəndaşları haqqında mütəmadi olaraq yalan və böhtanlar uyduraraq tirajlayan bu tipli saytlar nəyə görə dövlətdən maliyyə yardımı almalıdır? Təəssüf, görünən odur ki, bu dəfə məhkəmə qaçılmazdır…
Quruculuğunda Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə çiyin-çiyinə 25 il mənim də iştirak etdiyim və bu gün İlham Əliyev kimi qlobal düşüncəli şəxsiyyətin pəhbərlik etdiyi Azərbaycanda yerli media tərəfindən vətəndaşların hüququna belə sayğısız münasibətə sadəcə yol verilə bilməz! Azərbaycan vətəndaşını, öz qabiliyyəti və istedadı ilə ölkəmizdən kənarda uğur qazanan, sayılan-seçilən insanları, xüsusən də gənc nəslin nümayəndələrini bu cür ucuz yalan və uydurma “xəbərlərlə” nüfuzdan, hörmətdən salmaq yolverilməzdir!
Mənim oğlum Şamxal Vasif xislətli insanların adını belə düzgün tələffüz edə bilməyəcəyi, ABŞ-ın və dünyanın ən nüfuzlu beş universitetindən sayılan Kolumbiyanın məzunudur və hazırda da məşğul olduğu sahədə kifayət qədər hörmət və nüfuza malikdir. Kimin övladı olmasından asılı olmayaraq Vasif tipli “jurnalistlərdən” fərqli olaraq mən istedadlı və qabiliyətli azərbaycanlı gənclərlə fəxr edirəm!"