Ermənistan Azərbaycandan yenə torpaq istəyir

16-11-2023, 00:09           
Ermənistan Azərbaycandan yenə torpaq istəyir
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının noyabrın 23-də Minskdə keçiriləcək sammitinə qatılmaqdan imtina etməsinin səbəblərini açıqlayıb.

Cebhe.info-nun məlumatına görə, A.Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində ölkəsinin KTMT-də fəaliyyətini dayandırdığını deyib. Ancaq Ermənistan Təhlükəsizlik Şurası katibinin irəli sürdüyü arqumentlər KTMT-dən imtina etmək üçün hər hansı hüquqi və siyasi əsas yaratmır. Armen Qriqoryan iddia edir ki, 2021-ci ilin may ayında Azərbaycan qoşunları Ermənistanın “suveren ərazisinə daxil olan” zaman rəsmi İrəvan KTMT-dən tələb olunan yardımı almadığı üçün Kollektiv Təhlükəsizlik Şurasının iclaslarında iştirakını dayandırıb.

“2020-ci il müharibəsindən sonra KTMT “Dağlıq Qarabağ”ın Ermənistanın suveren hissəsi olmadığını və təşkilatın bu məsələlərlə məşğul ola bilməyəcəyini bəyan etdikdən sonra Ermənistan KTMT iclaslarında iştirakını dayandırıb. 2021-ci ilin mayında Azərbaycan qoşunları Ermənistanın suveren ərazisini işğal edib. Biz KTMT-yə üz tutduq və həmin andan keçən ilin sentyabrına qədər Azərbaycan növbəti dəfə Ermənistana hücum edəndə və biz yenidən yardım üçün təşkilata müraciət etdik, biz onu heç vaxt almadıq.

O vaxtdan bəri KTMT-yə hələ cavab ala bilməyən çoxlu suallarımız olub. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etməməyimizin səbəbi də budur”- Qriqoryanın iddiası belədir.

Armen Qriqoryanın hər hansı siyasi məntiqə uyğun olmayan açıqlaması belə deməyə əsas verir ki, KTMT 44 günlük müharibədən sonra Qarabağın Ermənistanın suveren ərazisi olduğunu bəyan etməliymiş. Yəni KTMT Ermənistanın Qarabağa olan ərazi iddiasını dəstəkləməməklə müttəfiqlik münasibətlərinə xəyanət edib. Yalnız İkinci Qarabağ müharibəsində deyil, hələ 2016-cı ilin aprel döyüşləri zamanı da KTMT döyüşlərin Azərbaycanın suveren ərazisində getdiyini, bu məsələyə müdaxilənin düzgün olmadığını bəyan edib.

Alyansa üzv olan ölkələr birmənalı şəkildə Azərbaycanın haqlı mövqedə olduğunu bildirib. Hazırda Ermənistan rəsmiləri və bir çox siyasi ekspertlər Rusiyanın rəsmi İrəvanın 44 günlük müharibədə, ondan sonrakı proseslərdə, o cümlədən bu il sentyabrın 19-20-də Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatında neytral mövqe sərgiləməsini Prezident Vladimir Putinin Baş nazir Nikol Paşinyana mənfi münasibətinin olması ilə izah edir. Ancaq nəzərə almaq lazımdır ki, 2016-cı ildə Ermənistanda Paşinyan hakimiyyətdə deyildi və prezident postunda Rusiyanın adamı sayılan Serj Sarkisyan idi.

Buna baxmayaraq, Rusiya hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini əsas gətirərək nə ikitərəfli müqavilələr çərçivəsində, nə də KTMT-nin Ermənistana dəstək verə biləyəcəyini bildirdi. Təşkilata üzv olan Qazaxıstan, Qırğızıstan, Belarus isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyib. İkinci Qarabağ müharibəsində isə Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistana müdaxilə etməyib. Ona görə də KTMT-nin Ermənistana hərbi dəstək verməsi üçün heç bir əsas olmayıb.

Əks təqdirdə, KTMT-nin belə bir addım atması işğal prosesinə qoşulması demək olardı. İstər 2016-cı ildə, istərsə də 2020-ci ildə KTMT-yə daxil olan türkdilli dövlətlər və Belarus hərbi qarşıdurmaya getməyəcəyini açıq bəyan edib. Hadisələrin sonrakı inkişafı Rusiyanın Ermənistana görə Azərbaycanla və Türkiyə ilə münasibətlərin pisləşməsində maraqlı olmadığını sübut etdi. Bu baxımdan, Armen Qriqoryanın arqumentləri absurddur. Azərbaycan Ordusunun guya 2021-ci ildə Ermənistana müdaxilə etməsinə dair Qriqoryanın dedikləri fikirlərə gəlincə, bunun arxasında bir neçə hədəfə hesablanmış gizli plan dayanır.

Halbuki, Ermənistan 1992-ci ildə Azərbaycan ərazilərinin işğalına başlamaqla özünün sovet dövründə Azərbaycan SSR-i ilə mövcud olmuş adminstrativ sərhədlərindən imtina edib. Yəni Ermənistanın Azərbaycanla sərhədləri mövcud deyil. Ona görə də Armen Qriqoryan və Nikol Paşinyan vaxtaşırı 2021-ci ildə Azərbaycan Ordusunun guya Ermənistana müdaxilə etdiyinə dair açıqlamalar verməklə 44 günlük müharibədən sonra mövqe tutduğu ərazilərin guya Ermənistana məxsus olduğunu iddia edir.

Məqsəd həmin mövqelərin Ermənistanın legitim dövlət sərhəddi olduğunu qəbul etdirməkdir. Bununla Ermənistan həm Azərbaycana ərazi iddiasını həyata keçirmək, həm də delimitasiya və demarkasiya prosesindən yayınmaq istəyir. Əslində, delimitasiya və demarkasiya işləri həyata keçirilmədiyi üçün Azərbaycan Ordusunun mövqe tutduğu ərazilərin Ermənistana aid olduğunu iddia etmək mümkün deyil. Üstəlik, Ermənistan bu məsələni gündəmə gətirməklə ondan Azərbaycana qarşı beynəlxalq təzyiq aləti kimi istifadə etməyə çalışır. Ancaq Ermənistanın niyyəti bununla bitmir.

Armen Qriqoryan “Ermənistanın suveren ərazisi” adlandırdığı torpaqlardan danışarkən əslində, Azərbaycana məxsus Kişik İşıqlı və Böyük İşıqlı yüksəkliklərini nəzərdə tutur. Nikol Paşinyan da əvvəllər Laçın rayonu ilə sərhəddə, Kiçik İşıqlı yüksəkliyi istiqamətində yerləşən Gorus rayonunun Xəzinavar (ermənilər Xoznavar deyir-red.) kəndinə məxsus ərazilərin guya 2021-ci ilin may ayında Azərbaycan qoşunlarının nəzarətinə keçdiyini bildirib. Hətta Paşinyan bu kəndi Ermənistanın işğal altında saxladığı Azərbaycanın 8 kəndinin qaytarılması üçün ərazi mübadiləsi kimi təklif edib.

Halbuki, bu deyilənlərin heç bir əsası yoxdur. Çünki Xəzinavar kəndi Ermənistan ərazisindədir və hazırda orada ermənilər yaşayır. Sadəcə, Ermənistan bu yalanı ortaya atmaqla 3455 metr hüdürlüyə malik Kiçik İşıqlı yüksəkliyinə və orada yerləşən Qaragöl gölünə ərazi iddiasını ortaya qoyur. Azərbaycan 2021-ci ilin may ayında strateji əhəmiyyətə malik Kişik İşıqlı və 3552 metrlik Böyük İşıqlı yüksəkliklərini işğaldan azad edib, Qaragölə nəzarəti bərpa edib. Həmin yüksəkliklər Ağdam-Əsgəran-Xankəndi yolundan Gorus-Şahbuz yoluna qədər bütün ərazilərə nəzarət etmək imkanı verir. Ona görə də Ermənistanın bu yüksəklikləri öz ərazisi kimi təqdim etməyə çalışır.

Eyni zamanda, Ermənistan KTMT-dən uzaqlaşmasını Azərbaycan qoşunlarının guya ərazilərinə müdaxilə etməsi kimi qondarma arqumentlə əsaslandırmaqla Qərbə inteqrasiya kursundan yayındırmağa çalışır. Son vaxtlar Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirən və Avropa İttifaqının müşahidə missiyasını xüsusi statusla genişləndirməyə çalışan Ermənistan Rusiya ilə təhlükəsizlik sahəsində müttəfiqliyə xitam vermək siyasəti yürüdür. Yəni Ermənistan Rusiyadan uzaqlaşmaq və Avropa İttifaqını özünün təhlükəsizliyinin təminatçısına çevirmək istəyir. Bu məqsədlə Ermənistanın KTMT-dən çıxmağa hazırlaşdığı bildirilir.

Armen Qriqoryanın açıqlaması da göstərir ki, Ermənistan artıq KTMT-dəki fəaliyyətini dayandırmağa qərar verib. Növbəti mərhələdə isə KTMT-dən çıxmaq barədə Baş nazir Paşinyan parlamentə təklif göndərə bilər. 2021-ci ildə KTMT-nin guya Ermənistanı Azərbaycan qoşunlarından müdafiə etmədiyinə dair Qriqoryanın dedikləri isə məsuliyyəti Rusiyanın üzərinə atmaq və Kremlin mümkün zərbələrini hədəfdən uzaqlaşdırmaq niyyəti güdür.

Müəllif: Müşfiq Abdulla - Mənbə: Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.