Düşmən yeni himayədar axtarışında: - Paşinyan Saakaşvilinin yolunu gedir?

7-12-2023, 22:42           
Düşmən yeni himayədar axtarışında: -
“Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da “ Qarabağ; 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı bildirib.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, - dövlət başçısı əlavə edib.

Ekspertlər hesab edirlər ki, Rusiya qütbündən ayrılıb Amerika doğru getmək Ermənistana heç bir xeyr gətirməyəcək.

Onların sözlərinə görə, ABŞ Ermənistanı Rusiyanın təhlükələrindən qorumaq üçün təsir imkanlarına malik deyil.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Ermənistan Gürcüstan və Ukraynanın səhvlərini təkrarlayır:

“Son bir neçə ildə Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşıb Qərbə tərəf getməyə çalışır. Bu siyasət daha da intensivləşmək üzrədir. Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya Azərbaycanla hərbi qarşıdurmada Ermənistanı müdafiə etmədi və Moskva artıq Ermənistanın təhlükəsizliyinə zamin dura bilməz.

Ona görə də Ermənistan yeni himayədarlar axtarışındadır. Həmin himayədarların sırasında ABŞ və Fransa öndə gəlir. Ermənistan hakimiyyəti Fransa ilə hərbi təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Digər önəmli bir məqam isə Qərbdə, xüsusilə ABŞ və Fransada uzun müddət təşkilatlanmış erməni diasporası da Ermənistanın Qərb ölkələri ilə yaxınlaşmasında maraqlıdır. Diasporanın rəhbərləri hesab edir ki, Ermənistan Qərb ölkələrinin dəstəyi ilə Cənubi Qafqazda öz istəklərinə nail olacaq.

Amma əslində bu, özünü doğrultmayacaq. Həm Fransa, həm də ABŞ Ermənistandan sırf öz geosiyasi maraqları naminə istifadə edir və Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda boşluqdan istifadə edərək öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Hər ikisinin hədəfi Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

O ki aldı ABŞ-ın Ermənistanın təhlükəsizliyinə zamin durması məsələsinə, vaxtilə Vaşinqton Gürcüstana da eyni dəstəyi vəd etmişdi. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bundan ilhamlanaraq Rusiyaya qarşı sərt mövqe ortalığa qoyurdu. Hətta həmin dövrdə Gürcüstanın NATO-ya üzvlük məsələsi də gündəmdə idi.

Nəticə etibarı ilə Rusiya da Gürcüstana müdaxilə edərək onun ərazilərini – Abxaziya və Cənubi Osetiyanı işğal etdi. ABŞ Gürcüstanı Rusiyanın təcavüzündən qoruya bilmədi.

Bu gün Ukrayna da eyni tale ilə üzləşib. Rusiya Ukraynanın 20 % ərazisini işğal edib və ölkənin ərazisində öz işğal siyasətini davam etdirir. ABŞ Kiyevi də Rusiyadan qoruya bilmədi.

Bu ssenarilərə baxanda görürük ki, Paşinyan hakimiyyəti Gürcüstan və Ukraynanın etdiyi səhvləri təkrarlayır. Bu, Paşinyan hakimiyyətinə çox ciddi təhlükə yaradacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.