“Qafan əhvalatı”, yaxud İrəvanın fransızsayağı sevgisi

8-03-2024, 08:46           
“Qafan əhvalatı”, yaxud İrəvanın fransızsayağı sevgisi
Paris ermənilərin nəyinə aşiq olub?
Fransa Cənubi Qafqazda, Ermənistanda təsadüfən ortalığa çıxmayıb. Bütün bunlar keçmiş SSRİ-də Moskvanın ermənilərə yaratdığı şəraitin nəticəsidir. Həmin illərdə Kreml Ermənistandakı ermənilərin diaspor və lobbisi ilə əlaqə saxlamasına hər cür imkan verirdi. Sovetlərin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun və onun həyat yoldaşı Raisa Qorbaçovanın ermənisevərliyi də bu etnik qrupun əl-qolunu açılmasına səbəb oldu. M.Qorbaçovun müşaviri, Qarabağı Azərbaycandan qoparmaq üçün yaradılmış “Miatsum” hərəkatının aparıcılarından biri Abel Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni İnstitutu və Erməni Veteranlar Assosiasiyası tərəfindən şərəfinə təşkil edilmiş tədbirdə Qarabağ barədə bunları demişdi: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”. O, Qarabağın Ermənistana verilməsi ideyasını Fransanın “Humanite” (“L’Humanité”) qəzetinə müsahibəsində də dəfələrlə vurğulamışdı. Deməli, keçmiş sovetlər, Fransa, “ermənilərin diaspor xətti” bu etnosun nümayəndələrinin cinayətkar, terrorçu olmasının başlıca günahkarlardandır. Yeri gəlmişkən, illər sonra, 2021-ci ildə Azərbaycandan olan jurnalist Aqanbekyandan həmin fikirləri barədə soruşanda o, belə cavab vermişdi: “Mən heç nə xatırlamıram, heç xatırlamaq da istəmirəm. Mən, ümumiyyətlə, nə Ermənistana, nə də sizə müsahibə verirəm. Bununla maraqlanan siyasətçilərə zəng vurun. Mən iqtisadçıyam. Rusiya iqtisadiyyatı barədə sual verin, cavab verim”.

Bununla da Aqanbekyan “kitablarının bağlandığını” etiraf etmişdi. Ancaq Rusiyadakı ermənilər sərsəm ideyalardan əl çəksələr də, Fransa özünü SSRİ-dən qalan boş yerə, Ermənistanın post-Rusiya dövrünə hazırlayır. Vətən müharibəsi dövründə rəsmi Paris və bu ölkənin KİV-i işğalçı Ermənistanı müdafiə etmək üçün bütün saxtakarlıqlardan yararlandılar. Ancaq onların nə boşboğazlıqla dolu təbliğatı, nə də yardımları təcavüzkarın Azərbaycan torpaqlarında qalmasına yardım etmədi.

Yelisey sarayının bu xidməti isə Ermənistan üçün avans sayıla bilərdi. Çünki müharibədən sonra rəsmi İrəvanın Parislə əlaqələri genişləndirmək istiqamətində fəaliyyətinin qarşılıqlı maraqlardan doğduğu təsdiqləndi. Hətta o da məlum oldu ki, Rusiyanın Ermənistandan sıxışdırlması ideyasının arxasında Fransa hakimiyyəti durur. Ermənistan Silahlı Qüvvələrində Rusiya istehsalı olan silah və hərbi texnikanın bu ölkənin məhsulları ilə əvəzlənməsi də bu mülahizəni təsdiqləyir.

Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri və məşhur Misak Manuşyanla həyat yoldaşı Melinanın 80 ildən sonra Panteonda yenidən dəfn edilməsi fevralın 23-ü ərəfəsinə düşür. Eləcə də bu tarixdə Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.

Mətbuat konfransında erməni nazir bildirib ki, Fransa ilə əməkdaşlığa Rusiya və başqa tərəfdaşlar hörmət etməlidir: “Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var və bunu hamı bilməlidir”.

Onun sözlərinə görə, Fransa istehsalı olan silahların təlimatını bu ölkənin mütəxəssisləri həyata keçirəcək.

Fransanın müdafiə naziri Lekornu bildirmişdi ki, Ermənistanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olarsa, o zaman yaxın, orta və uzun mənzilli raketlər veriləcək. Onun sözlərinə görə, ölkəsinin hərbi məktəblərində erməni kursant, zabit və kiçik zabitlər təlim keçəcək. Yeri gəlmişkən, Fransa ilə Ermənistan 2023-cü ilin oktyabrında silah tədarükü və hərbi yardım haqqında saziş imzalayıblar.

Tərəflər həmçinin Ermənistan ordusunda islahatlar, hərbi təlim, döyüş hazırlığı və digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığını müzakirə ediblər.

Beləliklə, İrəvan və Paris fevralın 22-23-də Rusiya-Ermənistan əməkdaşlığını Parisdə Panteon qəbiristanlığında basdıraraq, hərbi əməkdaşlıq sazişi imzaladılar. Bu, həm də Ermənistanın rəsmi olaraq Rusiyadan imtinasının başlanğıcı sayıla bilər. Ermənistan hökuməti Fransanı Rusiyaya rəsmi olaraq dəyişdi. Martın 5-də RF-nin XİN başçısı Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığını da Kremlin İrəvana səssiz xəbərdarlığı saymaq olar.

O da sirr deyil ki, Fransa Ermənistanı özünə bərabər tərəfkeş olaraq görmür. Paris silah satmaqla pul qazanır, yeni müstəmləkə torpağı olaraq Ermənistanı ələ keçirməyə can atır. Bir zamanlar Fransa Rusiya ilə dünyanı bölmək uğrunda mübarizə aparardı. İndi o, bu ehtirasını Ermənistanı ələ keçirməklə təmin etməyə çalışır.

Tarixi hadisələr Ermənistan üçün Fransa ilə Rusiyanın fərqinin olmadığını isbatlayır. Ötən aylarda fransalı hərbçilərin Zəngəzur bölgəsinin Qafan şəhərində yuxarı sinfin qız şagirdini zorladıqdan sonra qəddarcasına döydüklərinə dair məlumat yayılmışdı.

Ötən ilin sonunda Bernar adlı fransalı gənc zabit və dostları Qafan sakini olan 15 yaşlı məktəbli qıza zorakılıq və təcavüz ediblər. Məktəblinin valideynləri polisə və ambulatoriyaya müraciət ediblər. Araşdırma başlansa da, fransalı zabitlər həbs olunmayıblar, üstəlik, Ermənistan ərazisini tərk ediblər. Valideynləri qızın fransız zabitinin yanında olduğu ictimai yerlərdə müşahidə kameralarından səs yazıları əldə edə biliblər. Yalnız bundan sonra Fransanın Ermənistandakı səfirliyinin nümayəndələri onlarla əlaqə saxlayıb və “anlaşılmazlığı aradan qaldırmaq” üçün onlara Disneyland Parisə səyahət etməyi təklif ediblər.

Bir yeniyetmə qıza qarşı zorakılıq “Disneyland”lə başa çatıb. Tarixdən və ədəbiyyatdan oxumuşuq ki, aclıq illərində valideynləri öz uşaqlarını bir qarın çörəyə satarmış.

Nə qədər düşmən mövqedə də olsalar da, acınacaqlı hadisədir. Çünki bu cinayəti törədən Fransanın zabitidir. Ermənistan cəmiyyəti isə bu ölkəni nicat yeri, xilaskar olaraq görür.

Oxşar hadisə 2015-ci il yanvarın 12-də baş vermişdi. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun bir erməni ailəsinin, biri 8 aylıq körpə olmaqla, 7 üzvünü qətlə yetirmişdi. Bu fakt üzrə Ermənistanın İstintaq Komitəsi ayrıca cinayət işi açıb. Ancaq onu Ermənistan hüquq mühafizə orqanları deyil, Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi cəzalandırdı. Ermənistan prokurorluğu Rusiyanın uyğun qurumları ilə müzakirələr, danışıqlar aparsalar da Permyakov təhvil verilmədi.

2018-ci il dekabrın 2-də bazanın 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinmişdi. Bu hadisə ilə bağlı istintaqı da Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparmışdı. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb etmişdi. Ancaq Avetisyan ailəsinin 7 üzvünü qatili kimi, Cülyetta Qukasyanı da öldürən şəxsin cəzasını Rusiyada çəkməsi haqqında qərar qəbul olundu.

Bu hadisələrdən biri rusiyayönlü Serj Sarqsyanın, o biri isə qərbyönlü sayılan Nikol Paşinyanın hakimiyyəti zamanı törədilib. Hər iki cinayət işində Ermənistan vətəndaşlarının qanı yerdə qalıb.

Tarixdən məlumdur ki, Rusiya ermənilərə torpaq verib, dövlət belə qurub. Fransa nə iş görüb? Bununla belə, onun vətəndaşının Ermənistanda törətdiyi iddia olunan cinayəti də ört -basdır edilir. Belə çıxır, rəsmi İrəvan bununla Fransaya avans verir. Rəsmi Paris bunun əvəzini zaman-zaman ödəməli olacaq.

Rusiya ordusunun Ermənistanda qalmasının təşəbbüskarı rəsmi İrəvandır. Elə Avropa İttifaqı mülkü müşahidə missiyası (tərkibində fransalı zabitlərin də olduğu – S.S.) da Azərbaycan-Ermənistan sərhədyanı bölgələrində ermənilərin, daha dəqiqi, Nikol Paşinyanın arzusu ilə yerləşdirilib.

Tarix sübut edir ki, ermənilər üçün ən yaxşısı yadellilərin hesabına türklərdən qorunmaq deyil, onlarla əməkdaşlıq etmək, dil tapmaqdır. Bu həqiqətə nə zaman inanıblarsa, həmin vaxt bölgə də sakit həyatını yaşayıb. Nə zaman ki, üçüncü, yadelli qüvvələrə bel bağlayıblar, onlar da, digər bölgə xalqları da əziyyət çəkiblər, sonunda isə itirən yenə özləri olublar…
Sədrəddin Soltan
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.