İran öz AMPLUASINDA – Tehran Ermənistanla hərbi əməkdaşlığı DAVAM ETDİRƏCƏK...
8-03-2024, 11:29
İran belə görünür, Ermənistanla hərbi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir. Ermənistan müdafiə naziri Suren Papikyanın Tehrana səfəri belə qənaətə gəlməyə əsas verir.
O, burada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bageri ilə görüşüb. Görüşdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Bu görüş bir daha onu göstərir ki, İranın Ermənistanla hərbi sahədə əməkdaşlıqdan uzaqlaşmaq niyyəti yoxdur. Əksinə, onlar bu əməkdaşlığı daha da gücləndirməyə çalışırlar. Görünən odur ki, Tehran yenə də ikili oyun oynayır. Bir tərəfdən, XİN-in timsalında Tehranda Azərbaycan səfirliyinin bərpasının vacibliyi və yaxın zamanlarda məsələnin həll ediləcəyini bəyan edir. Digər tərəfdən isə, Ermənistanla hərbi əməkdaşlığı genişlədirərək, İrəvanı silahlandırırlar.
Belə görünür, Tehran yenə əvvəlki siyasətinə qayıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, İran bu addımı ilə heç də əvvəlki siyasətinə qayırmır.
Partiya sədri deyir ki, İranın bir siyasəti var, o da Azərbaycan dövlətinə qarşı mübarizə aparmaqdan ibarətdir:
“İranın Ermənistanla hərbi sahədə əməkdaşlığı inkişaf etdirməsini bu ölkənin əvvəlki siyasətinə qayıtması kimi yozmaq doğru deyil. İranın əvvəlki, indiki, sonrakı siyasəti yoxdur. Onların vahid siyasəti var. Bu da Azərbaycan dövlətinə qarşı mübarizə aparmaq, dövlətimizi mümkün qədər zəif salmaqdan ibarətdir. Hətta Tehranın Azərbaycandakı səfirliyinin qarşısında İranın Bakıdakı səfirliyi sözləri yazılır. 44 günlük müharibədən əvvəl və bu dövrdə də İranın necə davrandığı hər kəsə bəllidir. İndi də Tehran İrəvanla hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir”.
F.Quliyev qeyd edir ki, Tehran üçün Azərbaycanın düşmənləri onun dostudur:
“İran Ermənistanla ondan xoşu gəlməsinə görə əməkdaşlıq etmir. Sadəcə, Azərbaycanın düşmənidir deyə, Tehran onunla əməkdaşlığa üstünlük verir. Azərbaycanla Ermənistanın münasibətləri gələcəkdə düzələrsə, İran tamamilə fərqli mövqe ortaya qoyacaq.
İranın bu cür hərəkətləri yeni olmamaqla yanaşı, təəccüblü də deyil. Azərbaycan dövlət olaraq öz xəttində həmişə İranın bu cür davranacağını nəzərə almalıdır. Onun Azərbaycan daxilində müəyyən şəbəkələr yaratmaq, düşmənlərimizi dəstəkləmək cəhdlərini də nəzərə almalıyıq.
Burada məqsəd imkan düşdükcə Azərbaycana zərbə vurmaq və ölkəmizə zərbə vuranlara dəstək olmaqdan ibarətdir. İranın Azərbaycana qarşı bu siyasəti institutlaşmış siyasətdir və heç zaman dəyişməyəcək. Ola bilər zahirən bəzi məqamlar dəyişsin, fərqli təzahürlər olsun, amma mahiyyət heç zaman dəyişmir”.
Rüfət Sultan, Bizim.Media