“Boğulanların xilası onların öz əlindədir”

11-03-2024, 09:14           
“Boğulanların xilası onların öz əlindədir”
SSRİ dağılandan sonra yaranmış müstəqil dövlətlərdə, hətta Rusiyada belə demokratik trend dəb oldu, Qərbə inteqrasiya, Avropa məkanı, ABŞ ilə yaxşı münasibətlər prioritetə çevrildi – çünki, ABŞ və Avropa rifahın, azadlıqların, demokratiyanın simvolu və cəlbedici mərkəzi idi.
Təqribən, 2008-ci ilə qədər bu trend davamlı şəkildə getdi, bəzi yeni müstəqil ölkələr (Baltikyanı ölkələri əvvəlcədən nəzərə almıram, onlar zatən SSRİ-ni cəmi bir nəsildə yaşadılar) iqtisadi olaraq Qərbə çox sıx bağlandı. Post-sovet respublikaları içində iqtisadi olaraq Qərbə ən sıx bağanan ölkələrdən biri, bəlkə də, birinci yerdə olan məhz Azərbaycan oldu. Günü bu gün də ölkənin qazandığı hər 10 dollardan 7-sı birbaşa Qərbdən gəlir, Qərb anlayışına coğrafi baxsaq və qardaş Türkiyəni də coğrafi olaraq Qərb saysaq (həm də NATO ölkəsi olduğunu nəzərə alaraq), bu zaman ölkəyə daxil olan hər 10 dolların 8,5 dolları Qərbdən gəlir. Azərbaycan qapalı və primitin iqtisadi model qurdu, amma bu qapanma həm də Rusiyaya qarşı oldu – yəni, ölkənin enerji sektorundan başqa heç bir sektoruna Qərblə yanaşı Rusiya şirkətləri də buraxılmadı və bunu “təhlükəsizlik” amili ilə izah etməyə çalışdılar. Doğrudanda, məsələn, Rusiya ilə formal sərt münasibətləri olan, torpaqlarını Rusiya birbaşa işğal edən Gürcüstanda belə strateji sahələrdə, məsələn, mobil rabitə, bank, istehsal sahələrində Rusiya kapitalı mühim yer tutdu, hətta Gürcüstanın fəxri olan “Borjomi” sularının istehsalı belə rusların əlində idi. Ermənistandan isə danışmağa dəyməz – göbəyindən deyil də, boğazından Rusiyaya bağlıdır, çabaladıqca boğulma təhlükəsi artır.
Yaxşı, bəs Qərb nə etdi – 2008-ci il Gürcüstanın işğalına səssiz-səmirsiz qalan, heç bir kəsərli addım atmayan Qərb, sonradan Krımın işğalına yumşaq reaksiya verməklə bu gün Ukraynanın 20% işğal olunmasına, Ukraynanın xaraba qalmasına, müharibənin dalana dirənməsinə qədər məsələni gətirib çıxartdı. Qərb SSRİ ilə qarşıdurma vaxtı əla formada idi, sovetşünaslar məktəbi, sərt və ideoloji xətt Qərbi yaxşı formada saxlayırdı, sonra ən böyük qələbəyə nail oldular, SSRİ dağıldı, böyük və güclü rəqib sıradan çıxandan sonra formada qalmaq üçün, idman dili ilə desək, ciddi "sparring partner" olmadı deyə, formadan düşdülər, ciddi strateji səhvlər buraxmağa başladılar, dünyada beynəlxalq hüququ çeynəyərək Rus Ayısı üçün bəhanə və presedentlər yaratmağa başladılar.
Nəticədə demokratiya devolvasiyaya uğradı, dəyər olmaqdan çıxmağa başladı, avroritarizmin demokratiyadan daha effektiv, çevik və cəld tərpəndiyi, çağırışlara daha tez adaptasiya ola biləcəyini göstərdi.
Əslində demokratiya məqsəd deyil, məqsədə çatmaq üçün effektiv yollardan biri və vacibidir - nə vaxt ki, demokratiyanı məqsədə, ikonaya çevirməyə, nə vaxt ki, demokratiyadan cəza aləti kimi istifadə etməyə başladılar, o zamandan bəri insanlıq üçün vacib olan bu dəyəri gözdən saldılar. Demokratiyaya ən böyük zərbəni isə 2020-ci ildə elan etdikləri “pandemiya” zamanı insan haqq və azadlıqlarının, hüquqlarının kobudcasına tapdalamaqla vurdular.
Azərbaycanda 30 ildir bir mif yaradıldı və bəslənildi – Qərb bizə demokratiya gətirəcək, haqsızlıqlara yox deyəcək, bizə kömək olacaq. Bu miflə nəsillər yetişdi və böyüdü, müxalif kəsim bu miflə yaşadı, hərəkət etməyə başladı, nəticə isə yoxdur və olmayacaq da, çünki, demokratiyanı xalq istəməlidir, demokratiya xalqa lazım olmalıdır, əslində Qərbin transmilli şirkətlərinə demokratiya “bahalı” və “başağrıdan məsələdir. İstənilən transmilli şirkət bir nəfərlə anlaşıb, bir nəfərlə işləməyi daha üstün tutur, təsəvvür edin ki, Azərbaycanda 4-5 fraksiyalıq Parlament olsa, bu zaman enerji müqavilələri parlamentdə təsdiq edilməsi üçün o şirkətlər hər bir fraksiya ilə görüşməli, onların suallarına cavab verməli, aylarla lobbiçilik apararaq müqavilələrin təsdiqinə çalışmalıdır – amma indi bir nəfərlə anlaşılır, həmin o bir nəfərdə sözünün ağasıdır, tam zəmanət verir və şirkət tez və effektiv qərarlar aldıra bilir.
30 illik müxalifət adına iddia edib o adı batıranlar isə ölkəyə qarşı sanksiyalarla, xaricdən təzyiq və basqılarla nəyəsə nail olmaq istədilər və fiaskoya uğradılar. Bəli, institutsional olaraq Azərbaycanın beynəlxalq təmsilçiliyi, Avropa Şurasında, AŞPA-da olmağımız vacibdir, bu xalq olaraq bizə və müxalif kəsimə çox lazımdır, amma həmin 30 illik “loser”-lər hətta o qurumlardan çıxarılmamıza, sanksiyalar çağırışlar edərək öz ayaqlarına “güllə” vurduqlarını belə anlaya bilmirlər.
Həzərat, insan haqq və azalıqları, qanunun aliliyi, demokratiya – bunlar Qərb üçün deyil də, gələcəyimiz üçün vacibdir, ölkənin problemlərinin həlli üçün mühimdir. Müharibələr və münaqişələr zamanı avtoritar üsullar effekt verir, amma sülh və rifah üçün çoxsəsli məmləkət lazımdır, özümüz üçün, övladlarımız üçün vacibdir, gələcəyimiz üçün olmazsa-olmazdır.
Sözün qısası, batanların xilası özlərindən asılıdır, görək cəmiyyət olaraq nə edə bilirik, bu haqda düşünək. Belə...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.