“Rusiya öz hərbi kontingentini Azərbaycan ərazisində saxlamaq niyyətini gizlətmir...”
11-03-2024, 16:19
“Rusiya-Ukrayna müharibəsinin bizim Ermənistanla sülh əldə etməyimizin perspektivi ilə o qədər də əlaqəsi yoxdur...”
“Doğrudur, Rusiya qoşunlarının ərazimizdə qalması müstəqilliyimizə təhdid və təhlükədir. Ona görə də Azərbaycan artıq hazırlıq işlərini görür və Rusiya qoşunlarının ölkəmizin suveren ərazisindən çıxarılması üçün zəmin yaradır. Rusiya isə öz hərbi kontingentini ərazimizdə saxlamaq niyyətini gizlətmir. Amma böyük ehtimalla həmin hərbi birləşmə yaxın müddətlərdə Yuxarı Qarabağı tərk etməli olacaq. Azərbaycan dövləti də bu məsələdə qərarlıdır”
Bu fikirləri Moderator.az-a açıqlamasında Azad Vətən partiyasının sədri Akif Nağı “Rusiya qoşunlarının “sülhməramlı” adı altında hələ də Qarabağda - Azərbaycan ərazisində də qalması gələcəkdə dövlət müstəqilliyimiz üçün təhdid deyilmi?” sualını cavablandırarkən ifadə edib.
“Necə hesab edirsiz, yaxın illərdə Rusiya Ukraynada hərbi-siyasi baxımdan tam məğlub olmasa, Azərbaycanla Ermənistan arasında sülh yaranmasına imkan verəcəkmi?” sualını isə partiya sədri belə cavablandırıb:
“Rusiya-Ukrayna müharibəsinin bizim Ermənistanla sülh əldə etməyimizin perspektivi ilə o qədər də əlaqəsi yoxdur. Biz sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Ermənistan isə məğlub durumda olduğuna görə buna o qədər də həvəsli görünmür. Ona görə də sülh üçün Ermənistana kimsə tapşırıq verməlidir ki, o da, yerinə yetirsin, ya da biz yenə də güc amilini işə salmalıyıq. Ermənistanı sülhə gətirəcək başqa təsir variantı yoxdur. Onların başa düşdüyü iki dil var: ya tapşırıq, ya da yumruq...”
Sultan Laçın