Xəzər dənizi yox olacaq? - "Proses 2050-ci ilə qədər davam edəcək"
18-03-2024, 07:54
Son 10 il ərzində Xəzərin səviyyəsinin bir metrdən çox düşməsi ilə bağlı məlumatlar var. Buna səbəb kimi səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasını göstərirlər.
Hətta bildirilir ki, tədbir görülməsə, Xəzər dənizinin böyük bir hissəsi yox ola bilər.
Ümumiyyətlə, qışda yağıntılar çox olduğundan Xəzərin suyu artmalıdır, lakin əksi ilə rastlaşırıq. O zaman sual yaranır: qışda belədirsə, yayda vəziyyət necə olacaq? Qışda yağıntının miqdarın azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən coğrafiya elmləri doktoru, professor Əmir Əliyev qeyd edib ki, Xəzərinin səviyyəsinin azalmasına səbəb su balansının dəyişməsidir:
"Xəzərin suyunun səviyyəsi, həqiqətən, azalır. 1995-ci ildən bu günə qədər dənizin səviyyəsi təxminən iki metr düşüb. Əsas səbəb isə su balansının pozulmasıdır.
Su Xəzər dənizinə, əsasən, çaylardan daxil olur. Bunun 85%-i Volqadan gəlir, Uralla birlikdə bu rəqəm Xəzər dənizinə axan suyun ümumi həcminin 90%-ni təşkil edir. Volqaya düşən yağıntılar 30 faiz azalıb. Bu da Xəzərin səviyyəsinə ciddi təsir göstərir.
Səviyyə tərəddüdü Xəzərin ümumi təbiətidir. Tarix boyu həmişə enib, qalxıb. Sonuncu ən yüksək səviyyə 1805-ci ildə olub. Hazırkı enmə prosesi 2050-ci ilə qədər davam edəcək. Bu dövrdə epizodik qalxmalar ola bilər".
Professor Xəzərin yox ola bilmək ehtimalından danışıb:
"Belə şey ola bilməz. Xəzər özü-özünü tənzimləyən orqanizmdir. Gələn sular çoxalanda Xəzərin dərinlikləri dolur. Su kütləsi qərbdən şərqə doğru istiqamətlənir. Şərq səhradır. Orada güclü buxarlanır deyə səviyyə qalxmır. Buxarlanma sahədən asılıdır. Xəzərin dibinin quruluşu, sahillərin morfologiyası imkan vermir ki, səviyyə həddən ziyadə qalxıb-ensin. Bundan başqa, Xəzər dənizinin səviyyəsi mövsümi amillərlə əlaqədar olaraq azalır".
Ə.Əliyev əlavə edib ki, qış aylarında yağıntılar Xəzərə heç nə vermir:
"Dənizə ən çox su aprel ayında Volqadan daxil olur. Yəni qışda şimaldakı su hövzələri donduğundan su axını azalır. Volqaya düşən yağıntıların ümumi miqdarının da azalmasını diqqətə alsaq, qış aylarında havaların yağmurlu keçməsinin güclü təsiri olmur".
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya Şöbəsinin müdiri, ekoloq Ənvər Əliyevin sözlərinə görə, Xəzər dənizinin səviyyə tərəddüdü yarandığı zamanlardan mövcuddur:
"Xəzər dənizinin səviyyəsinin indikindən də aşağı olduğu, müxtəlif dövrlərdə isə hətta 70-100 metrə qədər qalxdığı vaxtlar olub. Enib-qalxmalar Xəzər dənizi üçün xarakterikdir. Mütəxəssislər bu məsələni müxtəlif şəkildə qiymətləndirirlər. Xəzər dənizinin tarixində ən hay-küylü və problemli səviyyə enməsi 1970-ci illərdə - Sovet dönəmində - olub. O zaman Türkmənistanda olan Qaraboğazgöl körfəzini də bağladılar. Bu körfəzdə buxarlanma nəticəsində texniki duzlar əldə edilirdi.
Problemi aradan qaldırmaq üçün şimal çaylarının istiqamətini Xəzərə yönəltmək planları var idi. Sonralar suyun səviyyəsi qalxdığı üçün bu planlar reallaşmadı".
Ə.Əliyev qeyd edib ki, məsələnin iqlim və tektonika ilə əlaqəsi yoxdur:
"Bəziləri bu məsələni iqlim dəyişiklikləri ilə əlaqələndirirlər. Əlbəttə, əvvəlki dövrlərə baxsaq, iqlimdə dəyişiklik var, buna görə qarşılıqlı müqayisə aparmaq lazımdır. Xəzər dənizində hazırda enmə dövrüdür. Səviyyəsi iki metr yarımdan da aşağı enib.
Bu tendensiyaya təlaşla yanaşmaq lazım deyil. Səviyyə tərəddüdü Xəzər üçün xarakterikdir. Onun səviyyəsini saxlamaq çətindir. Milyard tonlarla su ehtiyatı var. Dənizin səviyyəsinin enməsi təkcə iqlimdən və sudan asılı deyil. Çünki planetə düşən yağıntı ilə buxarlanma pozulmayıb. Öz yerindədir".