Cənubi Qafqazda ən çirkli hava Ermənistandadır yoxsa Azərbaycanda?
22-03-2024, 10:24
2023 Dünya Hava Keyfiyyəti Hesabatına görə, Azərbaycan dünya ölkələri sırasında havanın çirkliliyi cədvəlində 52-ci yerdə qərarlaşıb.
Dünyanın 134 ölkəsinin hava çirkliliyi dəyərlərini təhlil edən 2023 Dünya Hava Keyfiyyəti Hesabatı bu günlərdə ictimaiyyətə açıqlanıb. Azərbaycanın ən çirkli havası olan şəhəri isə Bakı olub.
Qonşu ölkələrdən çirkliliyə görə cədvəldə Ermənistan 31-ci, Türkiyə 44-cü, Gürcüstan 62-ci, Rusiya 94-cü yeri tutub. İran, ictimaiyyətə açıq monitorinq məlumatlarının olmaması səbəbindən 2023-cü ildə qiymətləndirmə sırasında olmayıb.
Hesabatın nəticələrinə görə, Qafqazda hava çirkliliyinin ən çox olduğu ölkə Ermənistan olub, elə regiondakı paytaxtlardan da Yeravan ən çox hava kirililiyi olan şəhər kimi göstərilib.
İsveçrədə yerləşən hava keyfiyyəti texnologiyası şirkəti IQAir tərəfindən hər il dərc edilən hesabat hər kubmetr üçün xırda hissəciklərin (PM 2.5) sıxlığının ölçülməsinə əsaslanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hava çirkliliyi həddi dəyərlərindən istifadə edən hesabata görə, ötən il dünya üzrə yalnız 7 ölkə bu həddən aşağı təmiz hava ilə nəfəs alıb. Bu ölkələr Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya, Mavriki və Yeni Zelandiyadır.
ÜST standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri ən çox 5 μg/m3 olmalıdır. Hesabata görə, Azərbaycanda 2023-cü ildə bu göstərici 18,8 olub və siyahıda 52-ci yerdə qərərlaşıb. Hesabata görə, 134 ölkə və regiondan 124-ündə göstəricilər bu dəyərdən yuxarı olub və həmin yerlərdə əhali çirkli hava ilə nəfəs alıb.
Havasının ən çirkli olduğu paytaxtlar arasında Bakı dünyada 45-ci yerdə qərarlaşıb. Qonşu ölkələrn paytaxtlarının siyahıdakı yerləri belədir: Yeravan 27-ci, Tbilisi 59-cu, Ankara 76-cı, Moskva 81-ci yerdə olub.
Qonşu ölkələrin paytaxtlarının hava çirkliliyi göstəricilərinə görə sırası
Sənəddə havası çox çirklənən regional şəhərlər sırasında Ermənistandan iki şəhər göstərilib, hava ən az çirklənən regional şəhərlə sırasında isə Tbilisi göstərilib. Bakı və Azərbaycandan hər hansı başqa şəhər bu kateqoriyada yer tutmayıb.
7 min 812 şəhərdə təxminən 30 min hava keyfiyyəti monitorinq stansiyasının məlumatları ilə yaradılan hesabata görə, ən çirkli havaya sahib ölkələr arasında birinci olan Banqladeş sakinləri 2023-cü il ərzində ÜST-nin PM2.5 göstəricisinin 15 qatı həcmində çirkli hava ilə nəfəs alıb.
Ən aşağı göstəricilər siyahsında Banqladeşdən sonra Pakistan (ÜST-nin göstəricisindən 14 dəfə çox), Hindistan (10 dəfə çox), Tacikistan (9 dəfə çox) və Burkino Faso (9 dəfə çox) yer alıb.
Saç telinin diametrinin 30-da biri qədər olan PM2.5 hissəcikləri bəzi tənəffüs yolları xəstəlikləri və ağciyər xərçəngi ilə əlaqələndirilir.
Dünyada hər doqquz ölümdən birinə səbəb olan hava çirkliliyi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükə kimi qiymətləndirilir. ÜST-nin məlumatına görə, hər il yeddi milyon vaxtından əvvəl ölüm havanın çirklənməsi ilə əlaqələndirilir.
PM 2.5 hava çirkliliyinə məruz qalma, astma, xərçəng, insult və ağciyər xəstəlikləri də daxil olmaqla çoxsaylı sağlamlıq problemlərinə səbəb olur.
Bundan əlavə, yüksək səviyyədə xırda hissəciklərə məruz qalma uşaqlarda əqli inkişafının pozulmasına və psixi sağlamlıq problemlərinə səbəb ola bilər.
Azərbaycanda hava çirklənməsinə nəzarət üçün "monitorinqlər keçirilir"
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova 2023-cü ilin sonunda “Yeni Azərbaycan” qəzetinə bildirib ki, Azərbaycanda hava çirklənməsinə nəzarət üçün müvafiq monitorinqlər keçirilir.
“Müəyyən vaxtlarda, əsasən də əlverişsiz meteoroloji şəraitdə atmosfer havasında çirkləndiriyi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir", Mətanət Avazova deyib.
Nazirliyin nümayəndəsi onu da bildirib ki, Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır.
O deyib ki, başqa ölkələrin ərazisindən Azərbaycana "tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır”.
Mətanət Avazovanın sözlərinə görə, əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur.
“Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var".
ETSN-nin saytının məlumatına görə, 2020-ci ildən ölkədə hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb.