“Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı “pəncərə”yə qaçan dəstə...

24-03-2024, 11:38           
“Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı “pəncərə”yə qaçan dəstə...
Moskva ətrafındakı “Krokus Siti Holl” ticarət və əyləncə mərkəzində dinc əhaliyə qarşı törədilmiş dəhşətli terror aktının üstündən bir sutka keçərkən xeyli suallara cavab tapılıb, amma bir o qədərinə də cavab axtarılır.

Üstəlik, ortada xeyli ziddiyyətli və şübhəli məqamlar var. Ən böyük müəmma terror aktının sifarişçilərinin kimliyidir.

Həbs olunanlardan biri olan Şamsoddin adlı, 1998-ci il təvəllüdlü şəxsin həbsə alındığı yerdə soyuqdan və qorxudan tir-tir əsə-əsə dediyinə görə, o, sifarişçinin üzünü görməyib, sadəcə, ona sifariş gəlib, pul təklif edilib, vəd olunan məbləğin yarısı onun kartına yüklənib, o da dostlarını və silahlarını götürüb terakt törətməyə gedib.

Bu, indilikdə inandırıcı ifadə deyil. Bu qədər dəhşətli bir cinayəti yalnız qiyabi sifariş əsasında necə törətmək olar? Bəlkə sifarişi verən adam sonra kontaktlarını silib yoxa çıxacaqdı? (Yəqin ki, elə də olacaq). O zaman terakt törədilməsi üçün vəd olunan pulun ikinci yarısı kimdən alınacaqdı? Yəni terrorçular bu qədərmi sadəlövhdürlər ki, tanımadıqları naməlum sifarişçinin centlmen sözünə inansınlar? Şübhəlidir.

İkinci şübhəli məqam odur ki, onlar nədən törətdikləri cinayətdən sonra Ukrayna sərhədinə üz tutublar. İki il bir aydır ki, Rusiya-Ukrayna sərhədinin az qala hər bir perimetri total nəzarət altındadır, oralardan quş uçub keçə, ilan sürünüb adlaya bilməz. Terrorçular o qədər postu, səngərləri necə keçəcəkdilər, təhlükəsizlik qüvvələrinin, kəşfiyyat xidmətləri işçilərinin qarışqa kimi qaynaşdığı nahiyələrdə onlar üçün açılmış “pəncərə”ni necə tapacaqdılar? Onlar doğrudanmı buna ümid edirdilər? Müəmmalıdır.

Bu kimi cinayətlərdən sonra ələ keçməməyin ən etibarlı yolu terrorçu dəstənin üzvlərinin tək-tək müxtəlif istiqamətlərə dağılışmasıdır. Çünki bir millətdən olan 5 saqqallı adamın birgə hərəkəti adi vaxtda da şübhə doğurursa, bu dünya miqyaslı dəhşətli teraktdan sonra istənilən iki saqqalının bərabər hərəkət etməsi avtomatik olaraq diqqətləri özünə çəkəcəkdi. Terrorçular isə maşınlarını, üst-başlarını dəyişmədən, hərəsi bir tərəfə getmədən, birlikdə hərəkət edərək onları Bryanskda gözləyən federal qüvvələrin qucağına atılıblar. Bu da şübhəli məqamdır. Sanki onları o istiqamətə göndərən və asanlıqla ələ keçmələrini təşkil edən biriləri olub.

Terrorçularun saxlanmasından saatlar öncə onların adlarının və şəkillərinin media orqanlarına servis edilməsi və bu zaman ortaya ziddiyyətli məqamların çıxması isə daha çox şübhə doğuran məqamdır.

Terror hadisəsində iştirakda şübhəli şəxs qismində adı çəkilənlərdən biri olan Rüstəm Nəzərov adlı şəxsin bütün günü ailəsi ilə birlikdə Samarada, öz evində olduğu bəlli olub. Adam öz şəklini axtarılan terrorçuların “vinyetka”sında görərək, polisə gedib və ifadə verib. Sonradan Rusiya mətbuatı belə xəbər yayıb ki, terrorçuların hadisə yerinə gəldiyi "Reno" markalı avtomobil əvvəllər Rüstəmin adına qeydiyyatda olub və o, maşınını iki il əvvəl satıb. Belədirsə, nədən avtomobilin yeni sahibi yox, köhnə sahibi diqqət mərkəzinə düşüb?

Başqa bir məqam. Tacikistan DİN bildirib ki, oriyentasiyadan olan iki nəfər - İsmonov Rivociddin və Nəsridinov Məhəmmədrəsul ötən ilin noyabrından Tacikistandadırlar.

Bu halda həmin şəxslərin adı və şəkli necə “terrorçu qrup”un siyahısına daxil edilib? Hüquq-mühafizə orqanları 5 nəfərlik qrupun 3 üzvü ilə bağlı informasiyanı haradan əldə ediblər və bu, yanlışlığın səbəbi nədir?

Ona görə də sui-qəsd nəzəriyyəsinin tərəfdarları yarısatirik planda düşünürlər ki, elə bil, Rusiyanın hüquq-mühafizə orqanlarının əlinin altında hələ keçən ilin payızından hazır “terrorçu qrup” olub. Bu qrupun üzvləri müxtəlif otellərdə yaşaya-yaşaya əmr gözləyiblər. Müvfaiq əmr gecikdikcə qrupun tərkibi müxtəlif səbəblərdən dəyişib, gedənlərin yerinə yenilər gəlib. Nəhayət, martın 22-də qrupun hərəkətə keçməsi barədə əmr gələndə köhnə üzvlərdən üçü dəyişmiş olub, “işə” yenilər gedib. Bu dəyişikliklərdən xəbərsiz olan hüquq-mühafizə orqanları isə teraktdan sonra, qrafik üzrə planlaşdırdıqları vaxtda “təsbit edilən terrorçular”ın adlarını açıqlayıb, şəkillərini dərc ediblər, bu zaman ortaya belə ziddiyyətlər çıxıb.

Daha bir şübhəli məqam çeçen döyüşçüləri səhər saat üçdə terrorçuların axtarıldığı yerə gəlmələri və onları əlləri ilə qoymuş kimi tutmalarıdır. Sanki özləri ilə gətiribmişlər. Bu nədir? Nədən “Axmat” batalyonu ən çirkli və müəmmalı olaylarda baş iştirakçı olur? Görünür, Putin onların əməliyyta sirrini pozmayacaqlarına daha çox güvənir.

Bu şübhələri şiddətləndirən ən ciddi detal isə RF rəhbərliyinin, eləcə də Marqarita Simonyan başda olmaqla Kreml təbliğatçılarının terakt izini israrala sürüyə-sürüyə Ukraynaya tərəf aparmalarıdır. Onlar niyə bu qədər maraqlıdırlar ki, teraktın arxasından mütləq Ukraynaya bağlı şəxslər çıxsın?

Hiss olunur ki, Moskva bu dəhşətli cinayətin məsuliyyətini necə olursa, olsun, Kiyevin üstünə yıxmağa çalışır. Güman ki, məqsəd Ukrayanaya qarşı dəhşətli hərbi cinayət törətmək (məsələn, taktiki nüvə zərbəsi endirmək) üçün zəmin hazırlamaqdır.

Bu işin sonrasını belə proqnozlaşdırmaq olar: Moskvadakı təcridxanalarda “bülbül kimi ötməyə” başlayan terrorçular sifarişçi qismində bir neçə Ukrayna soyadı adam adı çəkəcəklər, amma həm onların, həm də Abdullonun izi itmiş olacaq, məsuliyyət ümumi şəkildə Kiyevə, prezident Zelenskiyə yüklənəcək, propaqanda görünməmiş səviyyəyə çatacaq, siyasilər, jurnalistlər, “ziyalılar”, ictimaiyyət nümayəndələri Ukraynanın tamamilə məhv olunmasını tələb edəcəklər. O zaman Putin də “xalqın haqlı tələbi”ni yerinə yetirməli olacaq./musavat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.