Yazıq jurnalist nədən və kimdən yazsın?..

9-04-2024, 16:29           
Yazıq jurnalist nədən və kimdən yazsın?..
Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə qarşı təqdir olunmayan “müdafiə” mexanizmlərindən də geniş istifadə olunur. Sosial şəbəkələrin verdiyi imkanlar tənqid edənin hədələnməsi, linc olunması üçün münbit şərait yardır.

Onsuz da sayı çox az qalan tənqidçi jurnalistlər ortaya qoyduğu hər prinsipial mövqeyindən sonra, bir neçə gün trollarla vuruşmalı, onlara cavab verməli olur. Bunun da nəticəsində bütün iş əmsalını, məhsuldarlığını itirir. İş burasındadır ki, indi hamı troll saxlayır. Hünərin var, gündəm mövzusu olan bir məsələ ilə bağlı hansısa müğənnini yüngül tənqid et.

Dərhal şəkilinin üzərinə “Peysər” sözünü yazıb, “İnstaqdram”da böyük izləyici gütləsi olan hansısa bir “Fan səhifə”də paylaşacaqlar. Hansısa kriminal avtoritet barədə bir yazı yazan kimi, dayanmadan xarici nömrələrdən sənə təhdid zəngləri gəlir, bu məzmunda mesajlar yazılır.

Hansısa rayonun icra başçısından balaca tənqid verən kimi, həmin rayonun bütün inzibati resursları: müəllimləri, mədəniyət işçilərini, həkimləri, bir sözlə büdcədən maaş alan kim varsa hamısı jurnalisti söymək üçün troll fəaliyyətinə cəlb edilir. Ən bədbəxtçilik burasındadır ki, özünü müxalif sayan partiya sədrləri belə tənqid olunmaq istəmirlər.

Onları hansı mövzuda tənqid edirsənsə, özlərinin və tərəfdarlarının qəribə qınağı ilə üzləşirsən. Həmin dəqiqə yazırlar:” İlham Əliyevə söz deməyə “duxun” çatmır, utanmırsan Əli bəyi, İsa bəyi tənqid edirsən?”
Götürək ki, mən İlham Əliyevin siyasətini bəyənirəm və ya doğrudan da onu sərt tənqid etməyə “duxum” çatmır, bu, müxalifət liderlərinin də tənqid edilməməsini vacib etməlidir?

Niyə bizim müxalifət hesab edir ki, onların cəmiyyət qarşısında heç bir məsuliyyəti və ya öhdəliyi yoxdur? Ölkəmizdə yaşanan problemlərlə bağlı bu iqtidarın nə qədər məsuliyyəti varsa, bir o qədər də müxalifətin var. Çünki onlar bu ada iddia edib, müxalifət yerini bronlamaqla , iqtidara heç bir təzyiq mexanizmi formalaşdıra bilmir.

Nə də ki, bu zəifliklərink etiraf edib siyasi proseslərdən kənarlaşırlar. Yalnız baş girələməklə məşğul olub, sosial şəbəkələrdən uzağa getməyən fəaliyyətlə məşğuldurlar. Belə müxaliflik olmur. Məhz buna görə də, elə ən sərt tənqidə layiqdirlər. İş burasındadır ki, bütün bunların fonunda jurnalistikaya aid olan qurumlar da bizim yanımızda olub, dəstəklərini ifadə etmirlər. Hələ bəzi qurumların zəng vurub yazı sildirmək tələblərindən danışmıram. İndi bu yazıq jurnalist nədən və kimdən yazsın?..

Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.