“Restorana xanımla getməyəndə buraxmırlar” - Hökumət yeni qayda hazırlayacaq?
9-04-2024, 19:57
Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilməsi müştərilərin narazılığına səbəb olur.
Masa rezerv etmək üçün zəng edən müştərilərə iaşə obyektlərinin əksəriyyətində bildirilir ki, karta pul atmasalar, sifarişləri mümkün olmayacaq. Ondan əlavə, restoranlarda 10-15, hətta 25 faizə qədər servis haqqı alınır. Xidmət sektorlarında bu cür tələblərin olması qanunla necə müəyyənləşdirilır?
Mövzu ilə bağlı Azad İstehlakçılar Biriliyinin sədri Eyyub Hüseynov “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradılıb:
“Neçə illərdir ki, iaşə obyektləri bundan tam sui- istifadə edir. Ümumiyyətlə, restoranlar, kafelər tam özbaşına hərəkət edirlər. İstehlakılara istədikləri kimi rəftar göstərirlər. Misal üçün, deyirlər ki, “face control”un (üz nəzarəti) xoşuma gəlmir, buraxmuram, qadınla gəlməmisənsə, içəri buraxmıram, artıq pul verməlisən, yəni depozit və sonda servis haqqı ödəməlisən. Bütün dünyada istehlakçılara yaxşı xidmət edəndə onlara əlavə pul, loru dildə desək, “çaypulu” verirlər.
Lakin bəzi hallarda isə bunu servis haqqına daxil edirlər. Azərbaycanda əvvəllər “çaypulu”nu ofisianta verirdilər. İndi isə servis haqqı deyib hesaba əlavə edirlər. Bütün hallarda bu barədə istehlakçılara dəqiq məlumat verilməlidir”.
Həmsöhbətimiz vurğulayıb ki, bu məsələ qanunla qadağa deyil: “Qanunla bu məsələ qadağan olmadığına görə işbazlar bundan sui -istifadə edirlər. Restoranlar üçün heç bir qayda olmadığından, hələ çox şeylər görəcəyik. Ona görə biz təkid edirik ki, Nazirlər Kabineti restoranlar üçün müəyyən qaydalar hazırlasın. Bunlar hər biri qanunda öz əksini tapsın”.
Birlik sədri qeyd edib ki, restoranların bu cür fəaliyyəti turizmə mənfi təsir göstərir:
“Xidmət sahəsinin belə fəaliyyət göstərməsi Azərbaycanda turizmin inkişafına böyük zərbə vurur.
Düşünürəm ki, xoşagəlməz hallara son qoyulmalıdır. Hər həftə bizə telefonla istehlakçılardan zənglər gəlir, iftar süfrələrinin qiyməti bir adam üçün 70, 80 manata təklif edilirdi.
Restoranlar və kafelər hökumətin sosial siyasətinə dəstək verməlidir, nəinki onu boykot edib baha qiymətə xidmət göstərməlidir”.