Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Bu gün, 00:12

Qardan sonra şəhərdaxili yollarda problemlər üzə çıxır. Paytaxtın əksər yollarında asfalt ötrüyündə çuxurlar yaranıb. Sürücülər deyirlər ki, Avropaya, Rusiyaya, başqa ölkələrə qar daha çox yağır, amma orda yollar qardan sonra bu hala düşmür.
Bu, nə ilə bağlıdır: yollar keyfiyyətsiz çəkilir, yoxsa Azərbaycana yağan qarın tərkibində xüsusi aşındırıcı maddə var?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı yolların vəziyyətinin yaxşı olmadığını vurğulayıb.
O, şəhərdaxili yollarda böyük çuxurların yarandığını qeyd edib:
“Yollarımızın vəziyyəti yaxşı deyil. Bir balaca qar yağdı, şaxta oldu dərhal asfalt sıradan çıxdı. Neçə il idi bəxtimizdən Bakıya qar yağmırdı, şaxta olmurdu, temperatur mənfiyə düşmürdü deyə biabırçılıqlar da bilinmirdi. İndi məlum oldu ki, yollar yenə bərbad vəziyyətdədir. Hətta Bakının bir nömrəli yolu olan Heydər Əliyev prospektində artıq çökmələr yaranıb. Xatırladaq ki, bir neçə gün öncə “Koroğlu” metrostansiyasına yaxın ərazidə prospektin əsas hissəsi çökmüşdü. O yollar indi də ləngər vurur. Çox güman ki, həmin yerlərdə başqa çökmələr də yaranacaq. Bir çox ərazilərdə – Zabrat, Bayıl qəsəbələrində, Yasamalda əksər yollar bu vəziyyətdədir. Bakı-Sumqayıt yolu da eyni haldadır. Həmişə getdiyimiz yolda çuxurlar yaranıb, sürücülərə ziyan dəyə bilər və ya çökəyə düşməmək üçün sükanı sağa-sola qaçıran sürücü başqa avtomobillə toqquşa, qəza baş verə bilər. Belə problemlər var”.
E.Muradlı yolların keyfiyyəti ilə bağlı yaxşı fikir səsləndirə bilməyəcəyini deyib:
“Aidiyyəti qurumlar çuxurlar olan yerlərə yamaq vurmaqla məsələnin həll olunduğunu düşünür. Hesab edirlər ki, problem bununla da bitir. Lakin bu, belə deyil. Bakıda güclü yağış yağdığı dövrdə artıq problem özünü bir neçə yerdə göstərmiş oldu. Ardınca da qar və şaxtalı havalar vəziyyəti daha da təhlükəli hala gətirib çıxardı. Məlum oldu ki, bir çox yolların keyfiyyəti yaxşı deyil. Başqa ölkələrin təcrübəsinə baxsaq, keyfiyyətsiz iş 1-2 ilə ortaya çıxmış olur. Bizdə qismətdən bir az uzun müddət davam etdi. Onun da səbəbi Bakıda şaxtalı-qarlı havanın olmamasıdır. Təklif edirəm ki, Dövlət Ekspertiza Mərkəzi, Nəqliyyatı Əlaqələndirmə Şurası və digər qurumlar çəkilən yolları istismara qəbul etmədən öncə mütləq onun keyfiyyətini yoxlasınlar. Çünki baş verənlər birbaşa keyfiyyətlə bağlı problemin olduğunu göstərir. Ortada yeyintiyəmi yol verirlər, yoxsa işi bilmirlər, araşdırmaq lazımdır. İşi bilmirlərsə, çıxarıb kənara atmalıdırlar ki, işi bilən mühəndislər gəlib işlərini görsünlər. Yox, yeyintiyə yol verirlərsə, bununla Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məşğul olmalıdır ki, niyə yollar bu vəziyyətə düşür?!”.