"Böyük Orta Şərq layihəsi" nədir?

Bu gün, 09:08           
"Böyük Orta Şərq layihəsi" nədir?
Tez-tez mətbuatda, sosial şəbəkə yazılarında "Böyük Orta Şərq layihəsi" ifadəsini eşidirik, lakin layihənin mahiyyəti haqqında az adamın məlumatı var. Aşağıdakı yazı ilə bu boşluğu qismən doldurmağa çalışıram.
2006-cı ilin iyununda "Armed Forces Journal" nəşrində istefada olan polkovnik Palf Pitersin "Qanlı sərhədlər" adlı məqaləsi dərc olundu (1-ci rəydə tam mətnini qoyuram). Məqalədə Orta Şərqdəki dövlət sərhədlərinin Fransa və Britaniya müstəmləkəçiləri tərəfindən süni şəkildə şəkildiyi, onların etnik və məzhəb sərhələri ilə üst-üstə düşmədiyi üçün daimi narazılıqlar, nifrət və münaqişə mənbəyi olduğu qeyd edilir və Orta Şərqin (Türkiyədən Hindistanadək, Azərbaycandan Yəmənədək) yenidən dizayn edilməsi təklif edilirdi. Piters məqaləsinə Orta Şərqin yeni xətitəsini əlavə etmişdi (şəkildə).
Məqaləni və xəritəni təhlil etməzdən əvvəl Ralf Pitersin kim olduğunu öyrənək.
R.Piters (1952) 1976-cı ildə Pensilvaniya Dövlət Universitetini bitirdikdən sonra ABŞ ordusu tərkibində Almaniyada hərbi xidmətə başlayıb. Oradan qayıdıb, ABŞ-da Zabitlər məktəbini bitirib və 1980-ci ildə ilk zabit rütbəsini alıb. Əvvəl piyada alayında, sonra tank diviziyasında xidmət edib. 10 il Almaniyada hərbi kəşfiyyatda çalışıb, SSRİ üzrə ixtisaslaşıb. Sonra Komanda-qərargah kollecini bitirib və ABŞ Milli Hərbi Akademiyasında işləyib. Son vəzifəsi ABŞ Müdafiə Departamentində kəşfiyyat üzrə qərargah rəisi müavinin ofisində mütəxəssis olub. 1998-ci ildə istefaya çıxıb. Strategiya sahəsində çoxsaylı məqalələr yazır. Eyni zamanda hərbi janrda çoxlu romanlar müəllifidir. Hərbi ədəbiyyat sahəsində görkəmli nailiyyətlərinə görə 4 dəfə W.Y.Boyd mükafatına layiq görülüb (2013, 2014, 2016, 2020). Neokonlara aid edilir.
İndi isə xəritəyə diqqətlə baxaq. Xəritədə adları:
qırmızı ilə yazılan ölkələrin ərazisi kiçilir,
qara ilə yazılan ölkələrin ərazisi böyüyür,
boz rənglə yazılan ölkələrin ərzisi dəyişmir.
5 yeni dövlət yaradılır:
Azad Kürdüstan – İraq, Suriya, Türkiyə və İran əraziləri hesabına,
Azad Bəlucistan – İran və Pakistan əraziləri hesabına,
Sünni İraq – İraq ərzisi hesabına,
Ərəb Şiə Dövləti – İraq, İran və S.Ərəbistanı əraziləri hesabına,
Müqəddəs İslam Dövləti – S.Ərəbistanı ərazisi hesabına.
Xəritədə ərazisi dəyişməyən bir ölkə görürük – Oman. Qalan bütün ölkələrin sərhədləri dəyişir.
Ən çox parçalanan 5 ölkədir: İraq, İran, S.Ərəbistanı, Türkiyə və Pakistan.
İraq 3 hissəyə bölünür: Sünni İraq (qərbində), Azad Kürdüstan (şimalında) və Ərəb Şiə Dövləti (cənubunda).
İranın şimal-şərq hissəsi (Təbriz də daxil olmaqla) Azərbaycana, şimal-qərb hissəsi Azad Kürdüstana, cənub-qərb hissəsi (neftli-qazlı körfəz sahili) Ərəb Şiə Dövlətinə, cənub-şərq hissəsi Azad Bəlucistana verilir. Əvəzində Əfqanıstanın daşlı Herat çölü İrana birləşdirilir.
S.Ərəbistanının cənub hissəsi Yəmənə, neftli-qazlı körfəz sahili Ərəb Şiə Dövlətinə, şimal-qərb hissəsi İordaniyaya verilir. Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi ərzilərdə isə Müqəddəs İslam Dövləti (bir növ müsəlman Vatikanı) yaradılır.
Türkiyənin şərqi Azad Kürdüstana (Qara dənizə çıxışla), şimal-şərqində bir hissəsi (Ağrı dağı ilə birlikdə) Ermənistana verilir.
Pakistanın şimal-şərqi Əfqanıstana (Hindistana sərhəd açılır), cənub-şərqi Azad Bəlucistana verilir.
Suriyanın dənizlə əlaqəsi kəsilir – bütün dəniz sahili Livana verilir.
4 dövlətin (Azərbaycan, Livan, İordaniya, Yəmən) ərazisi artır, qalan ölkələrin əraziləri kiçilir. 2-ci rəydə müqayisəli xəritələri qoymuşam.
Aydındır ki, heç bir dövlət ərazisinin kiçildilməsini istəməz. Bunu Piters də başa düşür və qeyd edir ki, böyük qanlı müharibə olmadan sərhədlərin dəyişə biləcəyi inandırıcı deyil. Buna görə də məqaləsinin adını "Qanlı sərhədlər" qoyub. O hətta yeni sərhələrin çəkilməsi üçün etnik təmizləmələri də məqbul sayır. Böyük müharibəni isə qızışdırmaq lazımdır. Bunun üçün ən yaxşı və sınanmış metod nədir? Bəli, etnik millətçilik və məzhəb radikallığı. 10 ilə yaxındır ki, Qərb Orta Şərqdə elə bununla məşğuldur.
Aydındır ki, Pitersin sərhədlərin dəyişdirilməsi üçün gətirdiyi arqument (dövlət sərhədləri etnik və məzhəb sərhələri ilə üst-üstə düşmür) gülüncdür. Bu arqumenti ciddi qəbul etsək, onda Avropada da bütün sərhələr yenidən çəkilməlidir. Əsl məqsəd Orta Şərqi qan çanağına döndərmək və "bulanıq suda balıq tutmaqdır". Bütün müsəlmanlar bir-birinə düşmən olmalıdırlar ki, onların arasında anqlosakslar vasitəçi, "hakim" ola bilsinlər, İsrailə və Qərbə qarşı birləşə bilməsinlər.
Müsəlman Vatikanını yaratmaqla isə onu anqlosaksların tam nəzarətinə götürmək istəyirlər (dəniz sahili). Bu halda dövlətindən, millətindən və məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların etiqadlarını da idarə edə biləcəklər.
Bəs bu layihə ABŞ elitası üçün nə qədər ciddidir?
Layihəni ciddi qəbul etməsəydilər, onu "Armed Forces Journal" nəşrində dərc etməzdilər. 2006-cı ilin sonundan "Piters xəritəsi" ABŞ-ın hərbi təhsil müəssisələrində, həmçinin ali zabitlər və generallar üçün kurslarda öyrənilir. Kursantlara və zabitlərə Piters xəritəsi"nin reallaşması istiqamətində ayrı-ayrı məsələlərin həlli üçün optimal yolların tapılması üzrə ev tapşırıqları verilir.
Maraqlıdır ki, bu xəritə NATO-nun Romadakı hərbi kollecində divardan asılmışdı. Burada təhsil alan Türkiyə zabitləri xəritəni görəndən sonra qəzəblənmiş və öz komandanlıqlarına şikayət etmişdilər. Türkiyənin Baş qərargah rəisi Yaşar Böyükanıtın (2006-2008) ABŞ-ın Qərargah rəisləri komitəsinin sədrinə kəskin etirazından sonra "Piters xəritəsi" kollecin divarından götürülmüşdü. Divardan götürüldü, amma stol üstündən ki götürülmədi.
2006-cı ildə ABŞ-ın dövlət katibi Kondoliza Rays İsrail-Livan müharibəsindən danışarkən demişdi: "Bu gün biz, mahiyyətcə, Yeni Orta Şərqin doğum sancılarının başlanğıcını müşahidə edirik və özümüzə də hesabat verməliyik ki, biz bu Yeni Orta Şərqin reallaşması naminə çalışırıq".
2003-cü ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri İraqı işğal edəndə onu "Piters xəritəsi"ndəki kimi 3 hissəsyə bölməli idilər. De-fakto İraqı 3 hissəyə böldülər. Şimalında Kürdüstan muxtariyyəti yaratdılar, cənubu şiələrin muxtariyyətindədir, qərbinə isə ABŞ ordusu nəzarət edir. Amma məsələ de-yure müstəvisinə keçmədi. Buna nəyin mane olduğunu indi demək çətindir. Güman ki, cənubun İran nəzarətinə keçə biləcəyindən qorxdular və İranı işğal edənədək məsələni təxirə saldılar.
Hazırda Suriya da de-fakto parçalanıb. Şimal-şərqində ABŞ və İsrailin dəstəyi ilə kürd muxtariyyəti mövcuddur, cənubu Dəməşqə qədər İsrailin nəzarətindədir.
Əfqanıstanda ABŞ-ın planı alınmadı, amma hələ planından əl çəkməyib...
Orta Şərqdə saysız-hesabsız radikal islamçı nahaq yerə yetişdirilmir. Hələ çəllək barıtla doldurulur. Vaxtı çatanda kimsə (məlumdur kim) bu çəlləyin fitilini yandırmalıdır.
Asif Şəfəqqətov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.