Cənubi Qafqazda diplomatik oyun – Türkiyə, İran, İsrail və AB.Ş Bakı masasında

Bu gün, 10:01           
Cənubi Qafqazda diplomatik oyun –
Aprelin 28-də prezident Pezeşkianın rəhbərlik etdiyi 120 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edəcək. Rəsmi şəxslərlə yanaşı, İran nümayəndə heyətinin tərkibində özəl sektorun nümayəndələri, parlamentlərarası dostluq qrupunun üzvləri və İranın dörd şimal-qərb vilayətinin qubernatorları da yer alacaq. Gözlənilir ki, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, gələcək biznes missiyalarının təşkili məsələlərini müzakirə edəcəklər, eləcə də ikitərəfli ticarət üçün mühüm əhəmiyyətə malik Ağbənd–Kalala körpüsünün işə salınmasına xüsusi diqqət yetirəcəklər.

Bundan əlavə, İsrailin Baş naziri Benyamin Netanyahunun da Bakıya səfər edəcəyi barədə məlumat yayılıb. “Israel Hayom” nəşrinin mənbələrinin bildirdiyinə görə, səfərin dəqiq tarixi hələ müəyyən olunmayıb, lakin “səfərin yaxın gələcəkdə baş tutacağı” gözlənilir.

Öz növbəsində, “The Times of Israel” qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri may ayının ilk yarısına planlaşdırılır və o, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Tərəflərin İsrail və Türkiyə arasında Suriya məsələsi ilə bağlı Azərbaycanın vasitəçilik təşəbbüsü, Bakının “Avraam Sazişi” təşəbbüsünə qoşulması, ABŞ-la ikitərəfli və üçtərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəkləri bildirilir.

Maraqlıdır, bu iki səfərin bir-birinin ardınca baş tutması nə deməkdir? Azərbaycanın burada hər hansı vasitəçilik missiyasını üzərinə götürməsi ehtimalı varmı? İsrail və İran bu məsələdə Bakının belə bir rol oynamasında maraqlı ola bilərlərmi? Yoxsa söhbət yalnız İsrail və Türkiyə arasında mümkün normallaşma barədə olacaq?

İsrailli iranşünas və jurnalist Mixail Borodkin Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

O, İsrailin Baş naziri Benyamin Netanyahu və İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərlərinin İran və İsrail arasında mümkün yaxınlaşma və ya gizli kanallarla hansısa danışıqlar ehtimalı kimi dəyərləndirilməsinə heç bir əsas görmür.
“Əlbəttə, İsrail münasibətləri normallaşdırmaqdan məmnun olardı. Çünki bu qarşıdurmanı 1979-cu il inqilabından sonra hakimiyyətə gələn yeni Tehran rejiminin özü, heç bir əsas olmadan, tamamilə ideoloji səbəblərlə başladıb. Həmin rejim elan etdi ki, İsrail onun əsas düşmənidir və məhv edilməlidir. O vaxtdan bəri İran rejimi bu məqsədə çatmaq üçün fəaliyyət göstərir. Ona görə də normallaşma üçün Tehranda mövcud olan yanaşmanın dəyişməsi lazımdır, bu isə yalnız rejim dəyişərsə mümkündür”, – deyə iranşünas hesab edir.

Onun sözlərinə görə, Netanyahunun Bakıya səfəri, ilk növbədə, İsrail və Türkiyə arasında gərginliyin azaldılması üçün Azərbaycanın vasitəçiliyi ilə aparılan danışıqlar və Azərbaycanın ABŞ-ın patronajı altında “Avraam Sazişi”nə mümkün qoşulması ilə bağlıdır.

“Əlbəttə, söhbət həm də ikitərəfli strateji tərəfdaşlığın inkişafından gedir. Pezeşkian isə ehtimal ki, Tehranın Azərbaycanın İsrail və ABŞ-la yaxınlaşmasından ciddi narahatlıq olduğu üçün gəlir. “Avraam Sazişləri” bu kontekstdə sıx iqtisadi və digər əlaqələr vasitəsilə bir-birinə bağlı böyük regional blokun formalaşdırılması və bunun nəticəsində İranın təsir imkanlarının kəskin azalması deməkdir. Bütün bunlar İran rejimini ciddi şəkildə narahat edir.

Bundan əlavə, İran mediası son vaxtlar qeyd edir ki, Türkiyə və İsrail şirkətlərindən fərqli olaraq İran şirkətləri azad edilmiş Qarabağda bərpa işlərinə buraxılmayıblar. Görünür, İran Cənubi Qafqazda Türkiyə və İsrailin təsir imkanlarının getdikcə artdığını hiss edərək, bölgədə öz maraqlarını qorumağa çalışmaq qərarına gəlib. Amma düşünmürəm ki, bu, İranın xarici siyasətində ciddi dəyişikliklər baş vermədən mümkündür. Bu rejim isə dəyişməyə qadir deyil”, – deyə Borodkin vurğulayıb.

Rauf Orucov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.