Daşınmaz əmlak bazarında XAOS GÖZLƏNTİSİ - NƏ BAŞ VERİR?
Bu gün, 09:52

"Ali Məhkəmənin Kommersiya Kollegiyası çox mühüm qərar qəbul etmək ərəfəsindədir. Ya mövcud qanunvericiliyi rəhbər tutaraq, deyəcək ki, daşınmaz əmlakın qeydiyyatı mütləqdir və onunla əqdlər də notarial qaydada təsdiq olunmalıdır, ya da ki, iri holdinqin özbaşınalığına haqq qazandıraraq hüquq sistemimizdə dəyişiklik edəcək..." "DİA-AZ" bu ilginc açıqlama ilə çıxış edən hüquqşünas Əkrəm Həsənov olduqca ilginc mətləblərə də işıq salıb.
Ə.Həsənov yazır: "Azərbaycanın əmlak hüququ alman sistemi üzərində qurulub. Bu o deməkdir ki, daşınmaz əmlak mütləq şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əks halda, əmlak yoxdur. Həmin əmlakla müqavilələr də notarial qaydada təsdiq olunmalıdır, əks halda, onlar etibarsızdır.
Düzdür, təcrübədə buna heç də həmişə riayət olunmur (məsələn, yeni tikilən yaşayış binalarındakı mənzillər qeydiyyatı olmadan alınıb-satılır, halbiki, qanunda qabaqcadan qeydiyyat mexanizmi var, lakin bu nə məmurlara, nə də tikinti şirkətlərinə sərf etmir). Lakin son zamanlar dövlət daha sərt tələblər yürüdür. Məsələn, lisenziya alanlara ünvanın qeydiyyatlı əmlakda olmasını tələb edirlər, yalnız qeydiyyatlı yeni binaya qaz verirlər və s. və i.a. Ən əsası isə hər bir halda qeydiyyatsız əmlak “mülkiyyətçisi”nə üz vermirlər, xüsusilə icarə müqavilələri üzrə.
Lakin Bakı Apellyasiya Məhkəməsinin son qərarlarından biri bu sistemi dəyişməyə cəhd edir. Deməli, məşhur holdinqə məxsus mərkəzdəki ən iri ticarət (ofis) binalarından birinin dövlət reyestrində bu binanın qeydiyyatı yoxdur. Buna görə də hətta icarəçiləri ilə icarə müqaviləsini də notariat qaydasında təsdiq etdirə bilmir. İcarəçilərdən biri ilə 2022-ci ilin sonunda belə qanunsuz müqavilə bağlayıb bir neçə aylıq icarə haqqını alıb ki, 2023-cü ilin iyunun 1-dən gəl fəaliyyət göstər. Halbuki, hətta istismara hazırlıq aktını yalnız həmin ayın 8-də əldə edib. Vergi orqanında uçota isə yalnız 2023-cü ilin sentyabrın 27-də durub. Təbii ki, icarəçi də belə vəziyyətdə icarə obyektində fəaliyyətə başlamayıb: dövlət reyestrində olmayan sahədə, notarial müqavilə olmadan, istismara hazırlıq aktı olmadan, vergi uçotu olmadan və s. Buna baxmayaraq, holdinq məhkəmə qaydasında «icarəçi»dən 2023-cü ilin iyunun 1-dən etibarən icarə haqqı və hətta xidmət haqqı tələb edir! Yəni faktiki icarəyə vermədiyi və xidmət göstərmədiyi halda! Hüququn və ədalərin anasını ağladaraq əsassız varlanmaq istəyir! Onu da deyim ki, problem holdinqdən daha çox, onun menecerlərindədir. Sadəcə o qədər naşıdırlar ki, normal idarəetmə, qeydiyyat və s. işini təşkil edə bilməyiblər, indi də təqsirlərini ört-basdır etmək üçün holdinqin kimliyindən istifadə edirlər. Məhkəmələr də əsassız olaraq onlardan qorxur…
Belə ki, Bakı Apellyasiya Məhkəməsi də onun iddiasını tam təmin etdi. Dedi ki, qeydiyyat da vacib deyil, notarial təsdiq də. Ali Məhkəmə də bu mövqeyi təsdiqləsə, ölkədə vacib presedent yaranacaq: daşınmaz əmlakın qeydiyyatı və onunla müqavilənin notarial təsdiqi tələbi ləğv oluncaq. Necə deyərlər, aclıq olsa da kef olacaq: kim nə istəsə edə biləcək daşınmaz əmlak sahəsində.
Düzü, heç bilmirəm, hansı varianta sevinəcəyəm...
P.S. Məsələ ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına da müraciət etmişəm ki, qəbul edilən qərarın əhəmiyyəti barədə indidən xəbərdarlıq edim. Sonradan daşınmaz əmlak sahəsində ölkədə xaos yaranmasın…"