Əli Həsənov özünü xilas etdimi?
17-08-2017, 14:15
Baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzada ölən şəxsin ailəsinə baş çəkdi. Komitə sədrinin "xruşşovka”nın 5-ci mərtəbəsinə liftsiz qalxması elə təqdim edildi ki, guya böyük bir qəhrəmanlıq baş verib...
teref.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, hazırda proses qəzanın və onun səbəblərinin unutdurulması istiqamətinə yönləndirilir. Halbuki Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində "Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəzada 2 nəfər ölüb, 2 nəfərin isə ağır yaralanıb. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb. Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşınla başqa bir avtomobillə ötüşməsi olub. Yəni komitə sədrinin nəvəsi qayda-qanuna riayət edib yolla hərəkət etdiyi bir vaxtda nasazlıq, qəfil bir olay üzündən baş verməyib. Dəhşətli qəzadan sonra Əli Həsənovun nəvəsinin həbsi xeyli ləngidi. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, komitə sədrinin nəvəsinin həbsi ilə azadlıqda qalması arasında elə də ciddi fərq yoxdur. Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb. Və belə aydın olur ki, təcridxananın personalı səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaradıb. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir...
"Yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır. Ona görə ki, o, baş nazirin müavininin nəvəsidir...” – deyə yayılan məlumatda bildilirdi.
Heç şübhəsiz ki, Nail Allahverdiyevin harınlığı babasının vitse-premyer olmasından bilavasitə qaynaqlanıb. Belədə sual yaranır: Komitə sədri olan babanın nəvəsinin həyatdan məhrum etdiyi şəxsin ailəsinə baş çəkməsi vəziyyəti dəyişirmi? Əli Həsənov nəvəsinin dəhşətli cinayəti üzündən düşdüyü vəziyyətdən qurtula bildimi?
Psixoloq Azad İsazadə deyir ki, ümumilikdə Əli Həsənovun atdığı addım müsbət qarşılanmalıdır: "Onun nəvəsinin törətdiyi dəhşətli qəzada itki vermiş ailəyə başsağlığı vermək çətin bir vəzifədir. Əli Həsənov ora gedəndə 3 mərtəbə qalxıb, 5 mərtəbə çıxıb – bu, mahiyyəti dəyişmir. Nəvəsi dəhşətli bir qəza törətmiş baba vacib bir addım atıb. Əli Həsənov ora gedəndə səmimi olub, qeyri-səmimi olub, bu da başqa bir söhbətin mövzusu ola bilər. Qaldı ki, nəvəsinin həbsdə ikən fərqli bir şəraitdə saxlanmasına, hamı bilir ki, təcridxanada kimsəyə mobil daşımağa, üstündə saxlamağa icazə yoxdur. Buna görə də cinayət məsuliyyəti müəyyən olunur. Görünür ki, Əli Həsənovun nəvəsi üçün istisnalar var. Bu da bir qanunsuzluqdur”.
A.İsazadə məmurların nəvə-nəticələrinə bahalı maşın almalarının psixoloji amillərlə əlaqəsinin olduğunu deyir: "Psixoloji baxımdan Şərq ölkəsinin nümayəndələri kimi bir balaca təmtəraq, başqalarından böyük maşınlarla, bahalı əşyalarla, dəbdəbə ilə fərqlənmək bizlərdə var. Bunu hamılıqla xoşlayırıq. Sözsüz ki, kimin maddi imkanı daha yaxşıdır, daha bahalı əmlaka, maşına, əşyalara pul xərcləyir. Nail Allahverdiyev də komitə sədri Əli Həsənovun nəvəsidir. Burada bir balaca acgözlük məsələsi də var. İmkandan asılı olmayaraq insanın gözü tox olmalıdır. Məmurların, onların ətrafının bir davranış çərçivəsi olmalıdır. Bilməlidirlər ki, qanunları pozmaq olmaz. Pulun çoxluğu qanunların pozulmasına, dəhşətli faciələrə gətirib çıxarmasına yol açmamalıdır. Digər tərəfdən də bahalı maşının alınmasına xərclənən pulun mənbəyi də araşdırma mövzusu olmalıdır. Məmurlar, onların ətrafları sadə, bir qədər abırlı olmalıdırlar”.
A.İsazadə Ə.Həsənovun nəvəsinin qəzada öldürdüyü şəxsin ailəsinə baş çəkməsinin onun məsuliyyətini azaltmadığını deyir: "Aydındır ki, baba öz nəvəsini xilas etmək üçün həmin ailəyə baş çəkdi. Başsağlığıya o ailəyə getməsi müsbət bir addımdır. Amma bu Əli Həsənovun nəvəsini cəzadan yayındırmasına qədər gedib çıxmamalıdır. Baba xəstə nəvəsinə böyrəyini, qanını verə bilər. Hazırda isə situasiya fərqlidir. Nəvə özü də istəmədən 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına gətirib çıxaran ağır bir qəza törədib. Buna görə onu cəzadan yayındırmaq olmaz. Cəzasını çəkməlidir ki, gələcəkdə belə addımları atmaqdan çəkinsin. Əks halda cəmiyyət onun daha dəhşətli əməllərinin şahidi ola bilər”.