“Azərbaycan sükunət vəziyyətində dayanıb” - ƏNVƏR BÖRÜSOY
19-08-2017, 11:36
“Putinin Abxaziya səfərindən sonra etnik qızışdırmalar ortaya çıxacaq”
“Rusiya-Azərbaycan əlaqələri şəxsi münasibətlər üzərində qurulub”
“Rusiya Krıma ona görə girdi ki, Krımda Rusiyanın maraqlarına uyğun sosial bir cəmiyyət var idi”
İyulun 30-da Gürcüstanda başlayan NATO təlimlərinin ardınca, iyulun 31-də ABŞ vitse-prezienti Maykl Pens bu ölkəyə səfər etdi. Pensin Gürcüstana səfəri çərçivəsində Rusiyaya yönəlik bəyantı avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya səfəri ilə yadda qalan bir tarix oldu. Belə demək olar ki, ABŞ vitse-prezientinin məlum bəyanatı Rusiya prezidentini cavab addım atmağa məcbur etdi.
Əslində, Putinin Abxaziyaya məhz avqustun 8-də səfər etməsində məqsəd həmin tarixi bir daha yada salmaq idi. Hansı ki, 2008-ci ilin bu tarixində Abxaziya Rusiya tərəfindən işğal olunub. Səfərin həmin günə bilərəkdən təyin ediməsi də istisna deyil. Səfərin tarixi özü də belə bir mesaj verir ki, Rusiya Gürcüstana həmin günləri yenidən yaşada bilər.
Təbii ki, Gürcüstan birbaşa Rusiya ilə müharibə etsə də, topaqları işğal olunsa da, Azərbaycan Ermənistanın əli ilə Rusiyanı işğalçılıq siyasətinin qurbanıdır. Hələ də hər iki Cənubi Qafqaz ölkəsi Rusiyanın işğalçılıq siyasətindən əziyyət çəkir, öz ərazi bütövlüyünü bərpa edə bilmir.
“Xaotik durumun psixoloji tərkib hissələrindən biri yenidən etnik münaqişələrin alovlandırılması, qızışdırılmasıdır”
Mövzunu Hurriyyet.org-a şərh edən Qafqaz üzrə araşdırmaçı Ənvər Börüsoy bildirdi ki, Rusiyanın tarixində həmişə bir xətt olub, nə zaman olkə daxilində problem yaranır, ölkə sərhədləri ətrafında müharibə şəraiti yaradılır, cəmiyyət də onun üzərində köklənir: “Çar Rusiyası, SSRİ tarixində də belə olub, bu gün də belədir. Rus hərb səlnaməsi tarixində həmişə bu məqamlar ortada olub. Bu gün Rusiyanın Abxaziya və Guney Osetiya vasitəsilə Gürcüstana qarşı işğalçılıq siyasətinin əsas səbəblərindən bir odur ki, Orta Asiya, Qafqaz və Türkiyə üzərindən dünya bazarına yeni yollar qoyulur. Bu yollarda biri Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişidir. Bu yol işə düşərsə, artıq Rusiya Orta Asiyanın hesabına əldə etdiyi milyardlarla vəsaitn müəyyən hissəsindən məhrum olmaq durumuna düşəcək. Məsələn, Qazaxıstan və Rusiya arasında dəmiryolu nəqliyyatı hesabına illik mal dövriyyəsi 20 milyard dollar həcmindədir. Bunun üçün Rusiya nə etməlidir? Gürcüstanda, Cənubi Qafqazda xaotik bir durum yaratmalıdır. Xaotik durumun psixoloji tərkib hissələrindən biri yenidən etnik münaqişələrin alovlandırılması, qızışdırılmasıdır”.
“Problemin ortaya çıxmasında günahkarlardan biri elə Gürcüstan və Azərbaycan hakimiyyətidir”
Ə.Börüsoy vurğuladı ki, Putinin Abxaziya səfərindən sonra etnik qızışdırmalar ortaya çıxacaq: “Bu problemin də ortaya çıxmasında günahkarlardan biri elə Gürcüstan və Azərbaycan hakimiyyətidir. Bu günə kimi Qafqaz xalqları arasında iqtisadi, ticari, mədəni ənənələrə söykənən sistemlər elmi cəhətdən ortaya qoyulmayıb. Elmi cəhətdən ortaya qoyulmayıbsa, demək o problemlər də yaşanılacaq. Azərbaycan ümumiyyətlə sükunət vəziyyətində dayanıb. Nə aktivliyi var, nə də ortaya bir məsələ qoyub. Bütün bu problemlərin səbəbini Rusiyanın üzərində axtarmaq normal bir şey deyil. Guya, Rusiyanın aqressiv siyasəti buna təsir edib. Amma biri tərəfdən baxanda Azərbaycanın özündə də müəyyən qüsurlar var. Azərbaycan hakimiyyətinin, ictimaiyyətinin sosial şəbəkələrin, QHT sektorunun Qafqaz xalqlarının inteqrasiyası ilə bağlı modelləri ortaya qoyulmayıb. Qapalı bir sistem içindəyik.
Gürcüstan isə, gürcü revanşizmi adı altında, digər xalqları öz qanadı altına almaq iddiası ilə çıxış edir. Bu da yanlış bir şeydir. Hər iki ölkənin yanlışlıqları var. Təbii ki, Rusiyanın belə bir məqamlara güc nümayiş etdirməsi, digər xalqları da Azərbaycana və Gürcüstana qarşı kökləməsi çox asanlıqla başa gəlir. Rusiya bunu təhlil edir. Çünki Rusiyada institutlar, QHT-lər dövlətlə birlikdə bu cür layihələrdə iştirak var. Ona görə də Rusiya bu məsələdə daha böyük şəkildə güc nümayiş etdirə bilir”.
“Rusiya Gürcüstan üzərində təhdidlərini dərinləşdirəcəksə, Qərb bzim arxamızdan geri çəkiləcək”
“Qaldı ki Avropa dövlətlərinə, bü gün Qərb regionda yaranmış duruma görə bizim yanımızdadır. Amma sabah Rusiya Gürcüstan üzərində təhdidlərini dərinləşdirəcəksə, Qərb bzim arxamızdan geri çəkiləcək. Çünki dünyada qəbul olunmamış bir qanun var. Güclü kimdirsə, onun yanında olmaq”,-dedi ekspert.
“Borçalı cammatı hər zaman Gürcüstan dövlətçilyinin tərəfində durub”
Ə.Börüsoyun fikrincə, Gürcüstana Rusiyanın müdaxiləsi Qərb dövlətlərinin, xüsusilə Amerikanın, Türkiyənin Gürcüstanla olan münasibətlərindən asılıdır: “Gürcüstana hansı əmsalla kömək nümayiş etdirəcəklərsə, o zaman bəlli olacaq ki, bu proses haradan davam edəcək. İndi bəlirsizlikdir. İnanmıram ki, bu gün Rusiya Gürcüstana qarşı işğal siyasətini ortaya qoya biləcək. Ona görə ki, Rusiya silahla Gürcüstana girə bilər, amma Gürcüstan cəmiyyətinin böyük əksəriyyəti bu işğalı qəbul etməyəcək. Bu da var. Rusiya Krıma ona görə girdi ki, Krımda Rusiyanın maraqlarına uyğun sosial bir cəmiyyət var idi. Ən azından əhalinin Krımda yarısı ruslar idi. Ermənilər, müəyyən xalqlar də Rusiyanın maraqlarna görə orada iştirak etdilər. Amma Gürcüstanı götürsək, Borçalı cammatı hər zaman Gürcüstan dövlətçilyinin tərəfində durub, heç zaman etnik separatizmə dəstək verməyib. Eləcə də Gürcüstanda olan 300 mindən yuxarı daxili qaçqınları da hesablasaq, bu, böyük bir şəbəkədir. Son 25 ildə yetişən yeni nəsil də işğal siyasətinə qarşıdır. Rusiya Gürcüstanı tam işğal da edə bilər. Amma o işğalçılıq Gürcüstanda qəbul edilməyəcək, hakimiyyəti dəyişməyə də səbəb olmayacaq.
Azərbaycanda da elədir. Azərbaycan dövləti heç vaxt rus işğalını həzm etməyəcək. Qaz və neft kəmərlərinin çəkilişindən sonra Rusiyanı qorxudan planlaşdırılan dəmiryol layihələrinin çəkilişidir. Bizimkilər əldə olan vasitələrdən qarşılıqlı olaraq istifadə etmirlər”.
“Azərbaycan dövləti ümumqafqaz proseslərində hansı fəaliyyətləri ortaya qoyub?”
“Problemin kökü tək rusiya tərəfində deyil. Özümüzə də baxmalıyıq. Biz neynəmişik? Gürcüstan dövləti neynəyib? Gürcüstan dövləti azərbaycanlıların hüququnu tanımaq istəmir. Bu da Azərbaycan xalqında bir inciklik yaradır. Gürcü xalqı başa düşsə ki, Gürcüstanda aparıcı xalqlardan bir azərbaycanlılardır, onda Borçalı məsələsinə spesifik yanaşacaq. Yəni azərbaycanlıların normal qaydada deputat seçilməsinə, hakimiyyətdə təmsil olunmasına geniç şəkildə imkanlar yaranacaq. Kim orada gürcü dövlətinə qarşı çıxır? Heç kim. Biz gürcü dövlətini qəbul edirik, gürcü dövləti də bizi qəbul etməlidir. Yaxud Azərbaycan dövləti ümumqafqaz proseslərində hansı fəaliyyətləri ortaya qoyub? Yoxdur. Bundan da istifadə edən Rusiyadır. Ona görə siyasi, ictimai-sosial çevrələr boşluq içindədirlər. Amma bu inteqrasiyalı modelləri ortaya qoysaydıq, hamının ortaq maraqları, mədəni birliyi, ortaq sosial-iqtisadi sistemin formalaşaması olsaydı, inandırıram ki, Rusiya Azərbaycandan dörd əlli yapışacaqdı, biləcəkdi ki, Qafqz xalqları birlik, bərabərlik içindədir. O xalqlar da bizə isti və səmimi münasibətlər göstərəcəkdi”,- deyə qafqazşünas əlavə etdi.
“Şimali Qafqazın bütün orta məktəb dərsliklərində anti-türk siyasəti qoyulub”
Ə.Börüsoy onu da diqqətə çatdırdı ki, Şimali Qafqazın bütün orta məktəb dərsliklərində, ibtidai siniflərdən tutmuş universitet dərlsliklərinə qədər, hamısında anti-türk siyasəti qoyulub: “Rusiya bilir, bunu nəyə görə qoyub. Amma biz həmin yalnışlığın düzəlməsi üçün neynəmişik? Heç nə. Gürcüstan neynəyib? Heç nə. Yəni problemə ikitərfli baxmaq lazımdır. Birtərəfli baxanda, əlbəttə ki, cəmiyyətdə yanlışlar olacaq. Təbii olaraq, biz hamımız hər hansı bir dövlətin aqressiv siyasətini tənqid edirik və dünyanı da buna inandırmalıyıq. Dünyanı inandırmaq üçün heç bir iş görmürük. Onun üçün Rusiya bundan bu cür faydalanmağa çalışır”.
“Azərbaycanla Rusiyanın bugünkü münasibətləri ya şəxsi münasibətlər, ya da maraqlar üzərində qurulub”
Ə.Börüsoy qeyd etdi ki, Azərbaycan- Rusiya münasibətləri hazırda çox zəif şəkildə inkişaf edir: “Azərbaycadan köçüb getmiş insanlar Rusiyanın iqtisadiyyatında, mədəniyyətində, sosial sahədə inkişafında böyük xidmət göstərirlər. Oradakı 3 miyonluq Azərbaycan diasporumuz Rusiya dövləti ilə Azərbaycan dövləti arasında körpü rolunu oynamalıdır. Bu diaspor hansısa bir dövlətin, hansısa bir gücün təsiri altında olmamalıdır. Ona görə, Azərbaycanla Rusiyanın bugünkü münasibətləri ya şəxsi münasibətlər, ya da maraqlar üzərində qurulub. Bu da yanlış bir şeydir”.
“Şəxsi münasibətlər üzərində hakimiyyət qurulmaz”
Ə. Börüsoy onu da bildirdi ki, Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyəti Təşkilatı Dərbəndin Ləzgistanın paytaxtı elan edilməsinə qərar verib: “2023-cü ildə Dərbəndi Ləzgistanın paytaxtı elan edəcəklər. Bu, bilirsiniz nə deməkdir? Azərbaycanı tamamilə inkar deməkdir. Azərbaycanın üzünə tüpürmək deməkdir. Azərbaycan xalqını dünyanın ən aşağı qatına endirmək deməkdir. Çünki dövlətlərarası münasibətlər hakimiyyətlərin münasibətləri çərçivəsində qurulmamalıdır, xalqların arasındakı münasibətlər şəklində qurulmalıdır. Ortada bunlar yoxdur. Olmadığı üçün də bizə düşmən olan, bizə qarşı dərin siyasətlər aparan xalqlar və dövlətlər bu oyundan yüksək səviyyədə faydalanırlar. Bu gün Rusiya-Azərbaycan münasibətlərində itirən yenə də Azərbaycandır. Şəxsi münasibətlər boş şeydir, şəxsi münasibətlər üzərində hakimiyyət qurulmaz. Dövlətlərarası daxili münasibətlər üzərində qurulmuş modellər olmalıdır. O modellər də cəmiyyətə açıq olmalıdır. Azərbaycanda heç nə cəmiyyətə açıq deyil. Problem budur. Hamı boşluq içindədir. Rusiya cəmiyyətində müəyyən qədər açıqlıq var. Amma orada da böyük əksəriyyət qapalılıq içərisindədir”.
“Azərbaycan xalqı Rusiya ilə münasibətlərdə iştirak etmir”
“Dağıstanda Azərbaycana qarşı tarix boyu düşmənçilik etmiş bir adamı, Ramazan Abdulatipovu prezident təyin ediblər. O, ömrü boyu Azərbaycan xalqına qarşı düşmənçilik edib. Rusiya “Milyerderlər ittifaqı”nın da təsisçilərindən biridir. Bu hamının gördüyü bir şeydir. Amma Azərbaycan cəmiyyəti susur, Azərbaycan hakimiyyəti də susdu. Hələ bir faktı deyirəm. Minlərlə fakt deyərəm ki, tamamilə yanlış yoldayıq. Yəni XXI-ci əsr sosiallaşma əsridir. Sosiallaşma əsrində hamı vahid şəkildə iştirak etməlidir. Amma bu iştirak yoxdur. Azərbaycan xalqı prosesdə iştirak etmir və yaxud Azərbaycan xalqı Rusiya ilə münasibətlərdə xalq kimi iştirak etmir. Xalq inteqrasiyalara açıq olmalıdır. Açıq olduqca, mövcud olan problemlər hamı tərəfindən görünür. Problemlərin həlli yolunda cəmiyyəti sövq emək asan olur. Bu cür qapalılıq içində problemlər həll olunmayacaq, xəstəlik kimi də qalacaq. Bu xəstəlik kim şeydir. Xəstəlik nə qədər çox davam etsə, o qədər də fəsadları çox olacaq. Amma vaxtında aşkar edəndə onu sağaltmaq asan olur. Bu gün Azərbaycan və Rusiya cəmiyyəti xəstəlik içindədir”,- deyə ekspert düşünür.