MKİ şefindən Azərbaycana xəbərdarlıq kimi açıqlama
26-01-2018, 11:21
MKİ şefindən Azərbaycana xəbərdarlıq kimi açıqlama
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo deyib ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin əzəmətini bərpa etməyə çalışır, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir: “Putinin niyyətlərinə dair fikrimiz dəyişməyib. O, hələ də hesab edir ki, XX əsrin ən böyük uğursuzluğu SSRİ-nin dağılması olub. O, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir. O, hər gün bu fikirlə yuxudan oyanır, onun ikinci fikri isə təkrar prezident seçilməkdir”.
Pompeo Putinin fikirlərinə dair məlumatı haradan aldığını açıqlamayıb.
Bəs bunlar konkret məlumatlara əsaslanan fikirlərdir, yoxsa son zamanlar iki ölkə arasında yaşanan gərginliklərin ortaya çıxardığı konyukturaya uyğun iddiadır? Əgər ciddi əsaslara söykənirsə, Putin qeyd olunan istəyinə nail ola biləcəkmi?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru həqiqəti deyib və bununla da yeni bir şey söyləməyib. Boris Yeltsen dönəmi ilə indiki zamanı müqayisə edəndə görərik ki, Putin bu fəaliyyətinə 2000-ci ildən başlayıb və hədəfinə doğru gedib: “Rusiya ərazisi və təbii sərvətlərinin ehtiyatı baxımından böyük bir dövlətdir. Bunun üzərinə hərbi, xüsusilə nüvə potensialını da gəldikdə ölkənin əzəmətli olma ambisiyalarını normal qəbul etmək lazımdır. ABŞ-ın narahat olduğu məqam da ondan ibarətdir ki, iki dövlət arasında dünya hegemonluğu mübarizəsi son məqamda Rusiyanın təhriki ilə qaynar fazaya keçə bilər. Əslində isə 2014-cü ilə kimi Rusiya sürətlə öz gücünü artırırdı. Həmin vaxta qədər ölkədə iqtisadi artımın olması, valyuta ehtiyatlarının çoxalması, hərbi sahəyə ayrılan diqqət və islahatlar sayəsində müdafiə qabiliyyətinin güclənməsi, ən əsası, ölkəyə 100 milyardlarla dollar xarici investisiyanın cəlb olunması Rusiyanın hədəfə çatmaq istəklərini reallaşdırmaq üzrə idi. Həmin ərəfədə Rusiyanın Qərb dövlətləri ilə, onların transmilli şirkətləri ilə də yaxşı münasibətləri var idi. Yəni Rusiyanı istəməyən dövlətlər bu inkişafın sonunda nələr olacağını bilsələr belə ona qarşı gedə bilmirdilər. Çünki Rusiya bunun üçün onların əlinə əsaslı səbəblər vermirdi. 2014-cü ildən, Krımın anneksiyasından sonra isə bu səbəblər artıqlaması ilə verildi və Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladı. Sanksiyaların ilk aylarında 100 milyard dollardan artıq investisiya ölkədən çəkildi. Sonra nə qədər getdiyi barədə isə məlumatlar gizlədildi. Valyuta ehtiyatları dəfələrlə azaldı, yüksək texnologiyalarla bağlı olan bütün sahələrdə durğunluq yarandı və s. Bu proses Rusiyanı geriyə atdı”.
Ekspertin sözlərinə görə, dünyada əzəmətli və şöhrətli dövlət olmaq üçün təkcə hərbi güc kifayət etmir. İqtisadi göstəricilərin yüksək olması vacib şərtlərdəndir ki, bu olmasa hər hansı əzəmətdən danışmaq olmaz: “Bu gün Vladimir Putin daxili imkanlar hesabına gücünü artırmağa cəhdlər edir. Amma bu proses çox ləng gedir, hətta bəzi sahələrdə alınmır. Rusiya nüfuzunu qaldırmaq üçün ilk növbədə milli və dövlət maraqlarını öz sərhədləri çərçivəsində qorumaqla qonşuları ilə münasibətlərini qaydaya salmalı, onlara qarşı ərazi iddialarından əl çəkməlidir. Ətraf ölkələrin daxilində münaqişələr yaratmamalı, münaqişələri qızışdırmamalıdır. Ətrafında olan dövlətlər onu qorxudan yox, dost olaraq müdafiə etməlidir. İmperiya ambisiyalarını bir kənara qoyub sözün əsl mənasında qonşuları ilə partnyorluq münasibətləri yaratmalıdır. Ən azı bu istiqamətdə ABŞ təcrübəsinə baxmalıdır. Belə olacağı halda, gələcəkdə Rusiya dünyada söz sahibi olan, hər yerdə hörmət olunan dövlətə çevrilə bilər. Əks halda, qarşıdurmalar, gərginliklər gündəmdə olacaq. Gərginliklər isə gücü artırmır”.