Təhsil Nazirliyindən müəllimlərlə bağlı ANONS: - “Davam edəcək”
24-03-2016, 12:24
Bu il Azərbaycanın bölgələrində müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi davam edəcək.
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin sonunadək Respublikanın bir neçə rayonlarında da müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub.
Bununla belə, hansı rayonlarda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi hazırda müəyyənləşməyib.
Qeyd edək ki, ötən il 12 şəhər və rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.
Müəllimlərin diaqnostik qiymətləndirməsinin Gəncə, Sumqayıt, Şirvan şəhərləri və Xaçmaz, Masallı, Cəlilabad, Sabirabad, Hacıqabul, İmişli, Saatlı,Abşeron, Qubadlı rayonları olmaqla, ölkənin 12 bölgəsi üzrə ümumi təhsil müəssisələrində çalışan 26 minədək müəllimi əhatə edib.
Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əmək haqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
Azərbaycanda dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik bir stavka dərs yükü 12 saat müəyyənləşdirilir.
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən isə müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməlidir.