Polis Ayova ştatındakı orta məktəbdə bir neçə nəfərin güllələndiyini bildirib
5-01-2024, 15:44
Ayova ştatının Perri şəhəri polisinin bildirdiyinə görə, şagirdlərin illik qış tətilindən sonra dərsə qayıtdıqları ilk gün səhər tezdən şəhərin orta məktəbində bir neçə nəfər güllələnib.
Güllə yarası alan iki nəfər təcili yardım maşını ilə təxminən 8 min əhalisi olan Perridən 64 kilometr cənub-şərqdə, De Moyn vilayətinin paytaxtındakı Ayova Metodist Tibb Mərkəzinə aparılıb. Dallas dairəsinin şerifi Adam İnfante deyib ki, silahlı hücum dərslər başlamazdan əvvəl baş verdiyi üçün Perri məktəbində tələbə və müəllim az olub.
Hüquq-mühafizə orqanları rəsmisinin Associated Press Agentliyinə bildirdiyinə görə, müstəntiqlərin fikrincə, hücumda şübhəli bilinən şəxs özünə atəş açması nəticəsində dünyasını dəyişib. Məmura istintaqın təfərrüatlarını açıq şəkildə müzakirə etmək səlahiyyəti verilmədiyi üçün o, adının açıqlanmasını istəməyib.
Silahlı hücum Ayova ştatında prezidentliyə Respublikaçı namizədlərin təşviqat kampaniyası apardığı yerin yaxılnlığında baş verib.
İnfante deyib ki, silahlı hücum barədə məlumat cümə axşamı səhər saat 7:37-də verilib və zabitlər hadisə yerinə 7 dəqiqə sonra çatıb. O, mətbuat konfransı zamanı əlavə edib ki, zabitlər bir neçə nəfərin yaralandığını, lakin onların dəqiq sayı və vəziyyətlərinin necə olduğunu bilmir.
De Moyn xəstəxanasını idarə edən UnityPoint Health-in sözçüsü iki nəfərin güllə yarası ilə gətirildiyini təsdiq edib.