“Baku Steel Company”də baş verən yanğın niyə gizlədilir?
5-10-2016, 13:23
Əməkdaşımız müəssisədəki alov püskürməsində ağır xəsarətlər alan işçiləri xəstəxanada tapdı
Bakı şəhəri Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company”də istehsalat qəzası baş verməsi ilə bağlı mətbuatda xəbər yayılıb.
Report.az-ın yaydığı məlumatda bildirilir ki, alov püskürməsi nəticəsində zavodda çalışan 4 nəfər yanıq xəsarətləri alıb. Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur. Xəsarət alanların 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsi bildirilib.
Hadisənin başvermə səbəbləri və digər bu kimi məsələlərlə bağlı rəsmi mövqe almaq üçün zavodun internet səhifəsində qoyulan telefon nömrəsi ilə əlaqə saxladıq. Özünü Firuz kimi təqdim edən zavodun əməkdaşı bildirdi ki, yayılan məlumatlar yalandır. Zavodda heç bir partlayış, yanğın olmayıb: “Səhərdən hər kəs zəng edir ki, zavoddakı partlayışla bağlı məlumat almaq istəyir. Bilmirik bu xəbər haradan çıxıb. Kim isə yalan məlumat yayıb. Heç bir partlayış, yanğın olmayıb. Yalan məlumatdır. Biz belə bir şey eşitməmişik”.
4 nəfər xəsarət alanın olması ilə bağlı xəbərə gəlincə isə zavodun əməkdaşı söylədi ki, bu fakt da doğru deyil.
Onun bu cavabından sonra hadisənin detallarını öyrənmək üçün yanğında xəsarət alanların izinə düşdük. Üz tutduğumuz 5 saylı Şəhər Klinik Xəstəxanasında zavod əməkdaşının söylədiklərinin əksinin şahidi olduq…
Xəstəxanada öyrəndik ki, haqqında danışdığımız hadisə 29 sentyabr tarixində baş verib. Xəstələr də elə həmin tarixdə, günün ikinci yarısında xəstəxanaya qəbul olunub. Belə ki, baş verən istehsalat qəzası zamanı xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov hazırda reanimasiyadadırlar. Onların vəziyyətlərinin ağır olduğu bildirildi.
Digər yaralı, 1987-ci il təvəllüdlü Rəşad Veyisova isə hadisə baş verən gün ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Xəstələrlə görüşmək istəsək də həkimlər onların vəziyyətlərinin ağır olduğunu əsas gətirərək, bunun mümkün olmadığını söylədilər.
Orada olduğumuz zaman “Baku Steel Company”nin əməkdaşlarını bir daha axtarıb, hadisə haqqında məlumat almaq istədik. Lakin öyrəndik ki, biz orada olduğumuz zaman zavodun əməkdaşları bizi görüb, ərazidən uzaqlaşıblar. Həmin ərəfədə zavodun iki nəfər nümayəndəsi xəstəxananın qarşısında olub, xəstələrin yaxınları ilə maraqlanıblar.
Reanimasiyada olan xəstələrin yaxın qohumları da 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinin qarşısında idilər. Söhbət etdiyimiz Şahin Əliyevin bacısı oğlu Amil Orucov bildirdi ki, dayısının vəziyyəti getdikcə yaxşıya doğru dəyişir: “Ayın 29-da bura gətirdikləri zaman üzündə şiş var idi. Ağrıları çox idi. Getdikcə yaxşılaşır. Əvvəl yemək yemirdi, su içmirdi. İndi yavaş-yavaş yemək də yeyir. Zavodun işçiləri də bizimlə hər gün maraqlanırlar. Onların da nümayəndələri indi burada idi. Dərman almaq üçün harasa getdilər. Yəni bütün xərcləri qarşılayıblar. İşçilər də tez-tez gəlirlər, vəziyyətlə maraqlanırlar. Getdikcə durum yaxşıya doğru dəyişir”.
Xəstələrin qohumları bildirdilər ki, hadisəni eşidən kimi bura gəliblər. Ancaq yanğının hansı səbəbdən və necə baş verməsi barəsində məlumatları yoxdur: “İstehsalat qəzasıdır deyirlər. Hər halda biz bu barədə dəqiq nə isə deyə bilmərik. Yaxınlarımızın yanıq xəsarətləri ağır olsa da həkimlər səylə çalışırlar. Həkimlərdən də hər hansı bir şikayətimiz yoxdur. Onlara necə lazımdırsa elə də baxırlar. Xəstələr danışa bilirlər. Yəni huşsuz vəziyyətində deyillər. Ancaq bizim özümüzü də heç onların yanına çox buraxmırlar. Ümid edirik ki, hər şey yaxşı olacaq”.