Lənkəranda operator antibiotik iynəsi vurdurandan sonra ölüb - FOTOLAR

13-04-2025, 09:18           
Lənkəranda operator antibiotik iynəsi vurdurandan sonra ölüb - FOTOLAR
Lənkəran rayonunun Viyən kəndində antibiotik iynəsi vurulan şəxs dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü kənd sakini İmran İqbal oğlu Məmmədov yüksək hərarət səbəbilə ev şəraitində müalicə olunub.

Yaxınlarının bildirdiyinə görə, qonşulardan biri ona antibiotik iynəsi vurub. İynədən sonra İ.Məmmədovun vəziyyəti qəfil pisləşib və dərhal təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkim briqadası onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Mərhumun cəsədi ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi çalışıb. Kanal ilə müqaviləsi başa çatdıqdan sonra o, əsasən toylarda çəkiliş fəaliyyəti ilə məşğul olurdu. Bildirilir ki, bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkəcəkdi.

Faktla bağlı araşdırma aparılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.