“Kamran istədiyi yerə müraciət edə bilər”
30-03-2016, 21:36
Xəbər verdiyimiz kimi, müğənni Samir Piriyevin dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənli ifaçını məhkəməyə verir.
Axşam.az xəbər verir ki, məsələyə qarşı tərəfin mövqeyini öyrənmək üçün Musavat.com müğənninin hüquqşünası Ruslan Əhmədoğlu ilə əlaqə saxlayıb. Sənətçinin vəkili bildirib ki, K. Həsənli hüquq-mühafizə orqanlarına müraciət etməkdə sərbəstdir:
“Mən - Ruslan Əhmədoğlu istənilən məsələdə Samir Piriyevin hüquqşünasıyam. Kamran Həsənli məsələsində isə mənimlə yanaşı, Həbib müəllim və Ceyhun Yusifov bu işi aparır. Kamran Həsənli deyib ki, “S. Piriyev bununla (Ceyhun Yusifov ) artıq 3-cü vəkillə razılığa gəlir. Məsələdən xəbərdar olan vəkillər işdən imtina edirlər”. Bu yanlış informasiyadır. Samir 3 qeyri-adi vəkillə müqavilə bağlamayıb. Biz üçümüz, komanda şəklində cinayət işi ilə bağlı çalışırıq.
Səs yazma məsələsinə gəldikdə isə biz mətbuata səsyazmanı təqdim etmədən öncə protokol qaydasında müstəntiqə təqdim etmişik, daha sonra mətbuata yaymışıq. Kamran Həsənlinin səsyazması şəxsi həyatına müdaxilə deyil. Samir Piriyev üçün Kamran Həsənlinin dələduzluğunu sübut edəcək yeganə predmet, vasitə səsyazma idi. Samirin başqa məqsədi olmayıb. Samir sübut olaraq Kamranın səsini yazıb. Samir K. Həsənlinin şəxsi həyatından sual verməyib. Burda qanun pozuntusu yoxdur. Kamran istədiyi hüquq-mühafizə orqanına müraciət edə bilər.
Samir Piriyev 115 min dolları 50% Kamrana inanıb veribsə, 50% bacısı Gülər Həsənliyə görə verib. Gülər xanım Türkiyədə yaşayıb, işlədiyi üçün o qədər pul Kamran Həsənliyə verilib”.
R. Əhmədoğlu Kamran Həsənlinin aprelin 2-si mətbuat konfransı keçirməsinə də münasibət bildirib:
“Biz dünən mətbuata açıqlama vermişdik ki, aprelin 2-i mətbuat konfransı keçirəcəyik. Kamran bu məlumatı görüb konfrans keçirmək qərarına gəlib. Ən gülməli məsələ bundan ibarətdir ki, Kamran Həsənlinin türklə bağlı təqdim etdiyi sənəd Bakı Şəhər prokurorluğuna yazılıb. Bu türk Bakı şəhər prokurorluğunun məsul şəxslərini haradan tanıyır ki, onlara məktub göndərir? Bunlar Kamran Həsənlinin quramalarıdır”.
Qeyd edək ki, Kamran Həsənli anspress-ə açıqlamasında bildirib ki, S. Piriyev ondan icazəsiz səsini yazıb kütləvi informasiya vasitələrində yaydığı üçün onun barədə hüquq-mühafizə orqanlarına şikayət edib:
“Qanunvericiliyə görə, kiminsə səsini icazəsiz yazmaq və onu ictimailəşdirmək cinayətdir. Səsi yalnız istisna hallarda, müəyyən qurumlar yaza bilər. Samir Piriyev belə bir qanunazidd əməl törədib və onun bu əməlində cinayət tərkibi var. Hüquq-mühafizə orqanlarına şikayət etmişik. Bu gün isə yuxarı instansiyalara öz şikayətimizi çatdıracağıq”.