Ermənistan cəbhədəki itkilərin sayının çox olduğunu AÇIQLADI
17-07-2020, 09:32

Ermənistanın Azərbaycanla sərhəddə iyulun 12-dən 16-a qədər davam edən təxribatları nəticəsində işğalçı ölkənin azı 36 hərbi qulluqçusu yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Komitənin ilkin məlumatına görə, bu ölkənin Azərbaycana qarşı bir neçə gündür davam edən təxribatları nəticəsində habelə 4 hərbçi ölüb. Onlar arasında yüksək rütbəli zabitlər də var. Qeyd edilir ki, döyüşlər zamanı bir neçə zirehli texnika yararsız hala salınıb.
Qeyd edək ki, bu, Ermənistanın İstintaq Komitəsinin ilkin məlumatıdır. Yerli mətbuat, habelə digər mənbələr düşmənin canlı qüvvə və texnika sarıdan itkilərinin daha çox olduğunu göstərir. Eyni zamanda Ermənistanın Müdafiə Nazirliyi ilə İstintaq Komitəsinin məlumatları bir-birini inkar edir. Nazirlik döyüşlərdəki itkilərin sayını gizlətməyə çalışır.
Bütün bunlar bir yana, Ermənistanın Müdafiə Nazirliyi iyulun 12-dən başlayan təxribatlar zamanı heç bir itkinin olmadığını xəbər vermişdi. Lakin nazirlik sonradan öz məlumatlarını təkzib etməyə məcbur oldu. Erməni komandanlığı hərbi qulluqçular, o cümlədən əsgər və zabitlər arasında itkilərin olduğunu etiraf etdi. Son açıqlanan rəqəmlər isə ölənlərin sayının nəinki gizlədildiyini, hətta itkilərinin açıqlanan rəqəmlərdən qat-qat çox olduğunu göstərir.
Qeyd edək ki, daha əvvəl "Newsarmenia.am" agentliyi yaralıların sayının 20-yə çatdığını bildirib.