Dağıstanlı qoca Ukraynaya göndərilməsini Şoyqudan xahiş edib –

10-05-2022, 07:53           
Dağıstanlı qoca Ukraynaya göndərilməsini Şoyqudan xahiş edib –
Ukrayna müharibəsi barədə yayılan xəbərlər dünyanın hər yerində diqqətlə izlənir və bəşəriyyəti demək olar, iki düşərgəyə bölür - Ukraynanın azadlıq müharibəsini dəstəkləyən, Ukrayna xalqının acılarını bolüşən azad dünya və işğalçı Rusiyanın tərəfində olan yolunu azmış ağıllı-dəli manqurtcığazlar.

Birincilər barədə eşitmək insan övladını sevindirdiyi kimi, ikincilər barədə yayılan xəbərlər ürək bulandırır və bu məqamda bir atalar məsəli yada düşür: «Milçək özü bir şey deyil, amma ürək bulandırar…»

Belə xəbərlərdən biri də növbəti dəfə qonşu Dağıstandan gəldi. Xəbərdə deyilir ki, dağıstanlı qoca, 98 yaşlı İbrahim-paşa Sadıkov Rusiyanın müdafiə naziri Sergey Şoyqudan xahiş edib ki, onu döyüşmək üçün Ukraynaya göndərsin, hərbi komissarlıqda isə ona deyiblər ki, 60 yaşdan sonra «qəbul etmirlər». O da bildirilir ki, bu qocanın nəticəsi artıq Ukrayna xalqına qarşı döyüşür…

Nə deyəsən, bu xəbərlə bağlı ilk yada düşən «Manqurt əfsanəsi» (rəhmətlik Çingiz Aytmatovun «Gün var əsrə bərabər» romanı) olur. Xəbərdə deyilir ki, qocanın 98 yaşı var. O da bir həqiqətdir ki, fiziki-ruhi baxımdan sağlam insan yaşa dolduqca müdrikləşir və məhz buna görə el arasında «ağsaqqal» adlandırılır. Manqurt isə bir başqa aləmdir - yadaşını itirmiş bu zavallı məxluq doğma anasını öldürür…

İkiadlı olmağından (İbrahim-paşa) görünür ki, qoca böyük ehtimalla türkdilli tayfa olan «kumık» elinin nümayəndəsidir, nədən ki, ikiadlılıq kumıklarda dəbdir (məsələn, Zubair-hacı kimi). Bu elin adamlarından heç kim «Zubair» kəlməsinin nə demək olduğunu izah edə bilmədi, bircə onu bildirdilər ki, bu sözə «Qurani-kərim»də rast gəlinir. Paşa kəlməsi isə əlavə izaha ehtiyacı olmayan türk sözüdür («general»). Kumıklar da türkdilli tayfadırlar…

Kumıklarda, bütün müsəlmanlarda olduğu kimi, unutqanlıq adi haldır ki, rus şovinizmi bundan çox məharətlə bəhrələnir. Məsələn, yaxın keçmişə qədər Dağıstanda kumık dili millətlərarası ünsiyyət dili olmuşdusa da indi bu tayfanın nümayəndələri öz ana dilində məktəb oxumur! Bu fikirimi sadə bir misalla izah etməyə çalışacam. Kumıklar öz dillərindən o qədər uzaq düşüblər ki, bu tayfanın nümayəndələri «qeroy» sözünün kumıkca mənasını bilmədilər - ən azı, soruşduğum insanlar bunu izah edə bilmədilər…

Bu da hamısı deyil. Qədim Dərbəndlə «İzberbaş» şəhəri arasında «Qayakənd» rayonu və eyni adlı qədim bir kənd var. Şimali Qafqaz magistral yolundan bu kəndə dönüş edərkən ilk nəzərə çarpan rusca yazılmış «Kayakent» alaqapısı diqqəti çəkir. Bundan təxminən 10 metr Dərbənd istiqamətində isə başqa bir alaqapı… «ürək dağlayır» - rusca yazılmış «Qayaqent» yazısı. Ürək dağlayan budur ki, yerli kumıklar bunun nə üçün və kimlər tərəfindən belə təhrif olunduğunun fərqində deyillər…

İndi İbrahim-paşa Sadıkovun 98 il sərasər belə bir «mühitdə» ömür sürdüyünü fikirləşdikcə, istər-istəməz, düşünməli olursan: daha manqurt-qocadan bundan artıq nə umasan?

Mirzə AĞ
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.