Zəngilan toponiminin mənası II hissə
3-06-2023, 13:20
Belə bir ehtimal da var ki, Zəngilan toponimi “zəngi” və ya “sanq” tayfa adından və “lan”, “alan” (türk dillərində “yurd”, “torpaq”) sözündən, yaxud alan, alban etnonimindən yaranmışdır. Bu fikri əsaslandıran bir neçə faktiki və əqli dəlil mövcuddur. Əvvəlcə faktlara nəzər salaq:
1. Zəngi – İranın Şərqi Azərbaycan ostanının Şəbustər şəhristanında kənd;
2. Zəngimar – İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanında çay;
3. Zəngibar – İranın Ərdəbil ostanının Germi şəhristanında kənd;
4. Zəngi Çuqa – İranın Kermanşah ostanının Kermanşah şəhristanında kənd;
5. Ali Zəngi – İranın Cənubi Xorasan ostanının Qaen şəhristanında kənd;
6. Şeyx Zəngi – İranın Buşəhr ostanının Deyləm şəhristanında kənd;
7. Əb Zəngi – İranın Fars ostanının Şiraz şəhristanında kənd;
8. Bab Zəngi – İranın Kerman ostanının Kerman şəhristanında kənd;
9. Zəngi Bağ – Hindistanın Cammu və Kəşmir ştatının Bağdam dairəsində kənd;
10. Zəngi baba – Türk-İslam mifologiyasında müqəddəs şəxs, pir, mal-qaranın himayədarı;
11. Zəngi baba – Türkmənistanın Daşoğuz vilayətində duzlu göl və ərazi;
12. Zəngi ata – Özbəkistanın Daşkənd şəhəri yaxınlığında ziyarətgah kompleksi;
13. Zəngi – Türkmənistanın Qaraqum səhrasında quyu;
14. Zəngəzur – Qərbi Azərbaycanda mahal;
15. Zəngibasar – Qərbi Azərbaycanda mahal;
16. Zəngi – Qərbi Azərbaycan və Naxçıvanda çay;
17. Zəngi – İsmayıllı rayonunda çay və kənd;
18. Zəngi – Qobustan rayonunda dərə və çay.
Göründüyü kimi, Zəngilan adının birinci komponenti Azərbaycan və türk toponomikasında dəfələrlə təkrarlanır. Məlumdur ki, Azərbaycan və türk toponimlərinin əhəmiyyətli bir hissəsi məhz tayfa adlarının iştirakı ilə əmələ gəlmişdir. Ölkəmizdə baharlı, əfşar, muğanlı, qacar, qaramanlı və s. tayfaların, boyların adlarını daşıyan xeyli yaşayış məntəqəsi mövcuddur.
Bu faktları nəzərə alaraq iddia edə bilərik ki, Zəngilan toponiminin “zəngi” hissəsi fars dilindəki “zəng” (pas) sözü deyil, zəngi adlı qədim bir tayfanın və ya nəslin, yaxud hansısa tarixi şəxsiyyətin adıdır.
Əsaslı bir ehtimala görə, məşhur müsəlman hökmdarı və sərkərdəsi Sultan Səlah əd-Din Əyyubi Azərbaycan əsilli Şəddadilər sülaləsindən idi. Bu gün həmin nəsil Azərbaycanda Şadlinski, Türkiyədə isə Şadılı adı ilə tanınır. Sultan Səlah əd-Din Əyyubi (1137–1193) ilə onun əmisi Əsəd əd-Din Şirkuhun (?–1169) himayədarı məşhur türk hökmdarı, qazi və sərkərdə Sultan Nur əd-Din Zəngi (1116–1174) olmuşdur.
Zəngilər sülaləsinin dəqiq mənşəyi – onların hansı tayfaya mənsub olduqları məlum deyil. Bilinən yalnız budur ki, Zəngilər türkman olmuşlar. Türkiyə tarixçisi, professor Coşkun Alptekin (1942–1998) “The Reigh of Zengi” adlı əsərində ərəb salnaməçisi Kəmaləddin Əmr ibn Əhməd ibn əl-Ədimin (1192–1262) “Buğyat əl-tələb fīy tārīx Hələb” (بغية الطلب في تاريخ حلب) əsərinə istinadla yazmışdır ki, “Zəngi sülaləsi qıpçaq əsilli sabyu tayfasından idi”.
Bütün cəhdlərimizə baxmayaraq, qədim və müasir türk tayfaları arasında sabyu adlı qəbiləni müəyyən edə bilmədik. Bununla yanaşı nəzərə almalıyıq ki, indiki Başqırdıstanın vaxtilə kanqlı oğuz tayfasının yaşadığı bölgəsində Sabay və Sabanay adlı iki kənd vardır. Həmçinin qırğız xalqının “Abdılda bəy dastanı”na görə, Alay vadisində yaşamış qırğız tayfalarından birinin adı sabay idi.
Beləliklə, qeyd etdik ki, Sultan Nur əd-Din Zəngi 1146-cı ildən 1169-cu ilədək Səlah əd-Din Əyyubiyə himayədarlıq etmişdir. Sual yaranır: Onları nə birləşdirirdi ki, ən azı ilk dövrlərdə münasibətləri belə bir səviyyəyə yüksəlmişdi? Səlah əd-Din Əyyubinin mənşəyi ilə bağlı irəli sürülmüş iki fərziyyədən birinə görə, o, Şəddadilər sülaləsindən (951–1174) idi.
Yeri gəlmişkən, bu ehtimal daha əsaslıdır. Məlum olduğu kimi, Şəddadilərin mərkəzi hesab edilən qədim Dəbil şəhəri Qərbi Azərbaycanın Ağrı vadisində yerləşirdi. Maraqlıdır ki, Qərbi Azərbaycandakı Zəngi toponimlərinin də əksəriyyəti məhz bu bölgənin payına düşür.
Haşiyə. Zəngilərlə Şadılılar arasında dostluğun əsası ən azı 1132-ci ildə qoyulmuşdu. O zaman Sultan Səlah əd-Din Əyyubinin atası Nəcm əd-Din Əyyub ibn Şadi (?–1173) Abbasi xəlifəsi Əl-Mustərşid Billaha (1092–1135) qarşı uğursuz Bağdad yürüşündən qayıdan Atabəy İmadəddin Zəngiyə (1087–1146) yardım etmişdi. Öz növbəsində atabəy də həmin yaxşılığa yaxşılıqla cavab vermişdi.
Britaniyalı şərqşünas Clifford Edmund Bosworthun (1928–2015) ehtimalına görə, Sultan Nur əd-Din Zənginin atası Atabəy İmad əd-Din Zəngi çox qarayanız olduğu üçün onu afrikalı zəncilərə bənzədib belə adlandırmışdılar. Digər britaniyalı şərqşünas Carole Hillenbrand (1943) isə güman edir ki, Zəngi adı fars dilindəki “zəng” (pas) sözündəndir.
Lakin vurğulamalıyıq ki, nə Clifford Edmund Bosworthun, nə də Carole Hillenbrandın fərziyyələri, əslində, heç bir faktiki dəlilə əsaslanmır. Onlar yalnız özlərinin subyektiv fikirlərini izhar etmişdilər.
Kim bilir, bəlkə də Sultan Nur əd-Dinin atası Atabəy İmad əd-Dinin Zəngi adı onun ata-baba yurduna işarə idi. Zənnimizcə, İslam dünyasının iki nəhəng tarixi şəxsiyyətini birləşdirən, onları bir-birinə yaxınlaşdıran ən əsas amil bu sultanların hər ikisinin ana vətəninin Azərbaycan, daha dəqiq ifadə etsək, Qərbi Azərbaycan (İrəvan–Zəngibasar) olması idi.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az