3 uşaq, 5 uşaq məsələsi bir arzudur. Və gözəl arzudur. Sayımız artmalıdır. Lakin... təklifi verənlər bunu sifariş və ya arzu kimi səsləndirməməlidirlər.

15-06-2023, 16:04           
3 uşaq, 5 uşaq məsələsi bir arzudur. Və gözəl arzudur. Sayımız artmalıdır. Lakin... təklifi verənlər bunu sifariş və ya arzu kimi səsləndirməməlidirlər.
Özlərinin vəzifə proqramlarına, dövlətin hədəfinə çevirməlidirlər. Əgər dövləti gücləndirmək istəyirlərsə...
BİR MİLLƏT - İKİ DÖVLƏT adlı mənəvi federasiyamızın başında duranlar düşünməlidirlər:
1. Necə edək ki reproduktiv (törəmə) yaşda olan əhalinin sosial həyatı yaxşılaşsın, evi, işi, ləyaqətli maaşı olsun.
2. Çox uşaqlı, 5 uşaqlı olmaq yoxsulluqla, savadsızlıqla, kültürsüzlüklə eyni məna daşımaqdan çıxsın.
3. Çox uşaqlı ailənin yaxşı təhsilə, yaxşı təlim-tərbiyəyə, idmana, musiqiyə və uşaq eyitimi üçün arzu olunan hər çalışmaya əli çatsın.
4. Uşaq baxçaları, məktəblər valideynin iş saatında uşağa sahib çıxsın.
5. Uşaq sağlamlığı, təlim-tərbiyəsi üçün olan ödənişlər gənc valideynlərin cibinə uyğun olsun.
Və s. və i.
Yoxsa dövlət baxçalarını satıb yerində aylığı 500 manat olan özəl baxçalar açmaqla və vətəndaşa verilən digər saysız-hesabsız iztirablarla bu iş yürüməz. Yəni dövlət güclənməz. Belə sözlər məzhəkəyə çevrilər. Ya da toplumda aqressiya doğurar...
Ən qəribəsi isə odur ki, çoxları - qadınlar, həm də kişilər bu sözləri lazımı qədər qiymətləndirə bilmir... kişilər lağ-lağı edir, qadınlar hiddətlənir... demirlər ki:
1. Sifariş verən dövlət hesabını ödəməlidir.
2. Əgər böyük çətinliklə 1, uzağı 2 uşaq keçindirə biliriksə... demək dövlət bizə yaxşı baxmır...
3. Dövlət analara baxmırsa... dövlətin gələcəyinə baxmır...
Bunun örnəkləri də var:
ABŞ ailələri inkişaf etmiş ölkələrin içində ən çoxuşaqlı sayılır. Hər ailəyə 3-4 uşaq düşür. Bu necə olur? Amerikalı ailə 3-4 uşaq böyütməyin səadətini dərk edir, bizim "mənəvi federasiya" insanı bunu dərk etmir?
Atalar deyir, salavat gücə bağlıdı...
Hansı qadın istəməz ki, 5 uşaq anası olsun?! Övladlarını yaxşı böyütməyə, oxutmağa, təlim-tərbiyə, peşə verməyə fürsəti olsun?! Bu artımla həm gələcəyinə, həm dövlətinə xidmət etsin?!
Amma zaman elə zamandır ki, bu iş dövlət təminatı olmadan olmur. Dövlət isə hazırda uşaqlı qadına əl uzatmır. Dövlətin bu sahədəki siyasətini, sözünü topluma çatdıran şüursuzlar isə uşaq pulu istəyənə iyrənc sözlər yağdırırlar...
s.a. 5 uşaq məsələsi ilə bağlı rəyləri gördükcə bir daha qənaətə gəlirəm ki, fb-də mesajları düzgün anlamaq, düzgün yöndə müzakirə etmək, sürəcdə öz faydasını, toplumun faydasını, dövlətin faydasını düzgün dartışmaq problemi var...
Əgər bir millət-iki dövlətin başçılarından biri "Azərbaycan ailəsinə 5 uşaq lazımdır" deyirsə, o biri də "çalışarıq..." deyə cavab verirsə... bunu nə məzhəkəyə çevirmək, nə hiddətə, hüquqa çəkmək gərəkdir. Ədəblə, ehtiramla, "çalışarıq..." deyə verilən vədin üzərinə yürümək lazımdır. Bu yöndə ictimai müzakirələr açmaq, toplantılar keçirmək, uzmanları danışdırmaq, gündəmə gətirmək, təkliflər vermək lazımdır.
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.