NƏSİLLƏR ARASINDAKI ANLAŞILMAZLIQLAR
13-03-2024, 10:34
Yaşlılarla uşaqlar və gənclər arasında mənəvi münasibətlərdə narahatçılığa, narazılığa
səbəb olan anlaşılmazlıqlar, konflektlər – “çatlar” tez-tez təkrar olunan hallardır. Bu, bütün
zamanlarda olmuş, yəqin ki, gələcəkdə də olacaqdır. Prosesin tarixi ilk baxışda onun “daimi”
və “həlledilməz” xarakter daşıması təsəvvürünü yaradır.
Biz problemin nəzəri cəhətlərini araşdırmaq fikrində deyilik. Bu barədə çox deyilmiş və
çox yazılmışdır. Vaxtı ilə Sokrat da həmin məsələlərdən bəhs etmişdi.
Bizi daha çox yaşlıların bu hallara ifrat dözümsüzlük göstərmələri, uşaqların
“müqavimətini” az qala faciə hesab etmələri narahat edir. Yaşlılarla söhbətlərimiz göstərir ki,
onların bir qismi, xüsusən həyat təcrübəsi nisbətən az olanlar meydana çıxan “çatlar”
qarşısında özlərini itirir, necə və nə etməli olduqlarını müəyyən etməkdə çətinlik çəkirlər.
Zənnimizcə, bunun səbəbi məsələnin mahiyyətinin yetərincə anlaşılmamasıdır.
Uzun illərin müşahidələri və pedaqoji tədqiqatlar göstərir ki, ilkin anlaşılmazlıqlar
məktəbəqədər və kiçik məktəbyaşı dövründə təzahür edir. Bu dövrlərdən uşaqların “tərsliyi”
özünü biruzə verir, onlar yaşlıların “üzünə ağ olmağa” başlayırlar. Bunun əsas səbəbi
azyaşlılarda hisslərin iradədən üstün olması, onların təhsil həyatlarının başlanması və davranış
motivlərinin dəyişməsidir. Həmin dövrdə meydana çıxan “çatlar” hələlik ciddi xarakter
daşımır. Lakin getdikcə “inkişaf edir”. Yaşlı nəsil sınanmış və etibarlı üsullara güvənir, gənc
nəsil isə yeni və naməlum bir şeyi sınamağa həvəslidir. Yaşlılar gənclərə müəyyən bir
vəziyyətdə nə edəcəyini məsləhət görmürlər, ancaq itaət etməyi tələb edirlər, fikirlərindən
asılı olmayaraq kiçikləri istədikləri kimi etməyə məcbur edirlər. Bu, isə onları qıcıqlandırır,
təbii olaraq etiraz və emosiyaya səbəb olur.
Yeniyetməlik və gənclik dövrlərində “çatlar” artır və güclənir. Qarşılıqlı ittihamlar
başlayır. Özlərini daim haqlı sayan yaşlılar yeniyetmə və gəncləri günahlandırır, onların “öz
yollarınından azdıqlarını” iddia edirlər. Yeniyetmə və gənclər isə yaşlıların həyat təcrübəsini,
ailənin və cəmiyyətin rifahı naminə onların səylərini qiymətləndirə bilmirlər. Yaşlıların
ədalətli məhdudiyyətləri onlarda birtərəfli etirazlara səbəb olur ki, bu da bəzi hallarda
şəxsiyyətə yaraşmayan və əxlaqa zidd hərəkətlərə gətirib çıxarır. Pisi odur ki, yaşlılar
anlaşılmazlıqların özülündə gənc nəslin anatomik-fizioloji və psixoloji dəyişikliklərinin,
özünüdərketmə, özünü qiymətləndirmə, mənlik şüuru və müstəqilliyə cəhd etmə hisslərinin
meydana çıxdığını, bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və
valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat
yarandığını qəbul etmək istəmirlər. Onlar unudurlar ki, tanınmış psixoloq A.N.Leontyevin
yazdığı kimi, psixi inkişafın müxtəlif mərhələsində onu əhatə edən insani münasibətlər
aləmində uşağın əvvəllər tutduğu yer onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi
dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir. Uşağın həyat tərzi ilə artıq onun bu həyat
tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır.
Yeniyetməlik yaş dövrünün - bütün ailə üzvlərinin sosial fərdi və ailə yetkinliyinin
yoxlanması dövrü olduğunu nəzərə almayan yaşlılar tələsik lazımsız tədbirlərə - zor
(vadaretmə), hətta fiziki cəza tətbiqinə meyil göstərirlər. Bu isə tamamailə yalnış və çox
təhlükəli yoldur. Pedaqoqlar sübut etmişlər ki, problemin bu yolla həlli heç bir nəticə vermir
və ya əks-nəticə verir (belə tədbirlərin əks-nəticə verməsi daha çox müşahidə olunur).
Birincisi, yeniyetmə və gənclərdə daxili narazılığı daha da artırır. İkincisi, təzyiq onlarda
qorxu və himayəsizlik hissi yaradır. Üçüncüsü, aqressivlik və passivlik hissi güclənir. Adətən
bunlar uşaqlarda avtoritar və səhlənkar üslublara üstünlük verildikdə meydana çıxır.
Yaxşısı budur ki, “çatların” mahiyyətini, səbəb və mənbəyini araşdırmaq və dərk
etməklə çıxış yolu axtarılsın. Pedaqoji tədqiqatlar göstərir ki, “çatlar” əsasən, tələblərin
xarakteri və şəxsi davranış arasında uyğunsuzluq, yaşlıların kifayət qədər həssaslıq
göstərməməsi və uşağın şəxsiyyət olmaq təlabatının qiymətləndirilməməsi səbəblərindən baş
verir. Bura zamanı da əlavə etmək lazımdır. Çünki zaman dəyişdikcə insanlar da dəyişir. Hər
bir zaman hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir, ixtisas
sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır və ya azalır. Müəyyən xronoloji
aralıqda hər bir dəyişiklik gənclərin həyata baxışlarının formalaşmasına təsir edir. Gənclər
daha çevik olduqlarına görə siyasi, içtimai, sosial-iqtisadi, mədəni və texnoloji yenilikləri tez
qəbul edirlər. Lakin əvvəlki nəslin dəyərlər sistemi dəyişməmiş qalır. Yaşlılar yenilikləri
götür-qoy edərək bir qədər gec həzm edirlər. Son vaxtlar “çatların” sayının artmasının bir
səbəbi də ölkədə siyasi-içtimai həyatın demokrtikləşməsi, xarici ölkələrlə əlaqələrin
güclənməsi, fəal həyat mövqeyi, milli keyfiyyətlərin fəal şəkildə təzahürü, türk dünyası və
İslam əxlaqının mənəvi sərvətlərinə marağın artması, insan hüquq və azadlıqlarının daha
geniş şəkildə təbliği və müdafiəsidir.
Bəzən yaşlılar yeniyetmə və gənclərin vaxtı ötmüş adət-ənənələri, xalq arasında
yayılmış köhnə etiqadları, kor-koranə itaətkarlığı inkar etmələri ilə barışa bilmirlər. Əslində
bunlar inkişafa, tərəqqiyə əngəl törədən amillərdir. Fikrimizcə, müxtəlif zaman kəsimlərində
meydana çıxan yeniliklərin qəbuluna müxtəlif münasibətlər münaqişələrin səbəbi
sayılmalıdır.
Anlaşılmazlıqların – “çatların” dərinləşməsinə və güclənməsinə yol vermək olmaz,
onların aradan qaldırlması çox vacibdir. Bu, yaşlıların cəmiyyət və dövlət qarşısında
borcudur. Onlar gənc nəslin milli ideologiya əsasında, milli-mənəvi və bəşəri dəyərlər
ruhunda tərbiyə olunmasına; mənəviyyatsızlığa, pis vərdişlərə, cinayətə və s.
meyillənmələrinin qarşısının alınmasına görə məsuliyyət daşıyırlar.
Yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına gənclərin fərdi motivasiya
tələbatlarının diqqətlə öyrənilməsindən başlanmalıdır. Çünki tələbatlar aktivliyin mənbəyi və
hərəkətverici qüvvəsidir. Bu zaman unutmaq lazım deyil ki, tələbatlar motivlərlə üzvi
əlaqədədir. Ona görə də davranış və motivlərin araşdırılıması zəruridir. Yeniyetmə və gəncləri
müvafiq fəaliyyətə sövq edən niyyətlər və səbəblər konkret müəyyən olunmalıdır. Bu zaman
motivlərin düşünülməmiş, daxili və xarisi olması nəzərə alınmalıdır.
Bunlarla yanaşı, uşaqlarla ünsiyyətdə yaranmış psixoloji maneələri də təftiş və redaktə
etmək lazımdır. Ünsiyyətdə olanların bir-birini kifayət qədər anlamaması, xarakterlərin
müxtəlifliyi, antoqonist maraqlar, mənfi emosiyalar, cəmiyyətin və ölkənin həyatında baş
vermiş ciddi dəyişikliklərin nəzərə alınmaması, avtoritarizm, bəzi neqativ psixoloji amillər və
s. belə maneələrdən sayıla bilər.
Uşaqlarla münasibətdə demokratik üsluba üstünlük verilərsə, qeyd edilən problem daha
asanlıqla aradan qaldırıla bilər. Çünki bu şəraitdə yeniyetmə və gənclərin “məni” nəzərə
alınır, onların mühakimələrinə və mövqeyinə hörmət olunur, qarşılıqlı etimad və inam
yaranır.
Anlaşılmazlıqların aradan qaldırılmasında ən güclü vasitə inandırma və sübutdur.
Amma nəzərə almaq lazımdır ki, inandırma asan iş olmayıb, pedaqoji savad və qabiliyyət
tələb edir. Bu zaman inandırmanın aşağıda göstərilmiş zəruri şərtlərinə mütləq əməl
olunmalıdır:
1. İnandırma zamanı təmkinli olmalı, qarşı tərəfi özünün səmimi və ciddi olduğuna
inandırmalı, qarşı tərəfin “məni” xüsusi qiymətləndirilməlidir.
2. Ancaq həqiqəti söyləməli, çünki ancaq doğru söz etiraz doğurmur.
3. Şəxsi nümunədən istifadə etməli. Roma filosofu Seneka deyirdi ki, ”Öyüd-nəsihətin
yolu uzundur, nümunənin yolu qısadır.”
4. Qarşı tərəfin fiziki və psixi durumunu və ya fərdi xüsusiyyətlərini nəzərə almalı.
5. Qanunlarımıza və milli adət-ənənlərimizə əməl etməyin vacibliyi göz önündə
tutulmalıdır.
Əlbəttə, inandırmağa çalışan şəxs iddia etdiklərinin doğruluğunu sübut etməlidir.
Dəlilsiz, sübutsuz və əsaslandırılmamış hökmlər heç kəsi inandıra bilməz. Ona görə də
yaşlılar öz fikir və mülahizələrini əsaslandırmaq və sübuta yetirmək üçün sübut etməyin
məntiqi priyomları ilə az-çox tanış olmalıdırlar. İnandırma (həm də sübutetmə) vasitəsilə
anlaşılmazlıqların aradan qaldırılmasında tələsiklik yol verilməzdir. Bu gərgin işdir və vaxt
tələb edir.
Anlaşılmazlıqların düzgün yoluna qoyilması üçün iştimaiyyət arasında pedaqoji və
psixoloji bilklərin təbliği işləri gücləndirilməli, valideynlərə psixoloji xidmət işləri
yaxşılaşdırılmalıdır. Bu məqsədlə mətbuat, sosial şəbəkələr, radio və televiziya, valideyn
assosiasiyaları, valideyn komitələri, təhsil işçiləri fəal iş aparmalıdırlar. Şübhəsiz ki, burada
iş, əsasən, təhsil işçilərinin üzərinə düşür. Eyni zamanda mədəni-maarif, səhiyyə və polis
orqanlarının, uşaq və gənclər təşkilatlarının üzərinə də az iş düşmür.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi